"Ayan" MMC Qarabağ veteranını həbs etdirib, ardınca mənzilini əlindən almaq istəyir - ŞİKAYƏT

17, 05, 23
10:00

"Ayan" MMC Qarabağ veteranını həbs etdirib, ardınca mənzilini əlindən almaq istəyir - ŞİKAYƏT


Ellər Səfərov: "Sumqayıt Şəhər İcra Şöbəsinin iki məmuru məni kabinetdə döydü və məcburən şirkətin baş mühasibatçısı Vaqif Hazıyevə 47 min manat borcum olmasına dair sənədi imzalatdılar"

"Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov barəmdə çıxarılan 2 il şərti iş cəzasını 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etdi"

"Azərbaycan Reallığı" xəbər verir ki, Bugünlərdə Hurriyyet.az-a müraciət edən Sumqayıt şəhər sakini, 1-ci Qarabağ müharibəsi veteranı Ellər Maşallah oğlu Səfərov "Ayan" MMC-nin rəhbərliyi tərəfindən başına açılan oyundan danışıb, şirkətin oğlu Ruslan Səfərovu 47 min manat oğurlamaqda ittiham etdiyini qeyd edib.

"Şirkətin rəhbəri Elman müəllim, baş mühasibatçı Vaqif Hacıyev, həmçinin Ramil adlı satış müdiri dedilər ki, oğlun şirkətdən 47 min manat pul oğurlayıb" 

Şikayətçi bildirib ki, 2012-ci ildən indiyədək müvafiq orqanlara dəfələrlə rəsmi məktublarla müraciət etsə də, hələ də üzləşdiyi problem öz həllini tapmayıb: "Oğlum Ruslan Səfərov "Qızıl quyu" limonadı və "Beloçka" günəbaxan tumları istehsalı edən "Ayan" MMC-də ekspeditor kimi çalışıb. 

5 ay müddətinə oğlumun belinə 47 min manat pul "yükləyiblər", guya həmin məbləği şirkətdən oğurlayıb. Daha sonra şirkətin rəhbəri Elman müəllim (Elman Halay oğlu Bayramovu nəzərdə tutur-red.) və şirkətin baş mühasibatçısı Vaqif Hacıyev, həmçinin Ramil adlı satış müdiri mənə dedilər ki, oğlun şirkətdən 47 min manat pul oğurlayıb. Bildirdilər ki, oğlun malımızı satıb pulumuzu vermir. 

Bir qədər söhbət etdikdən sonra onlar məni və yoldaşımı banka apardılar. Dedilər ki, bankdan biz öz pulumuzu götürək, sonra siz xırda-xırda banka ödəyərsiniz. Beləcə, çarəsiz qalıb onlarla razılaşdım. 

Bankda olarkən onlar sənədləri götürüb notariat kontoruna gediblər. Necə düz-qoş ediblərsə, xəbərim olmadan notariat kontorunda mənimlə borc müqaviləsi bağlayıblar. Ardınca dedilər ki, bankla işimiz alınmır, çalış evini sat borcu ver. Buna etiraz etdim, evimiz satsam çöldə qala bilmərəm. Sonra dağılışıb hər öz işinin dalınca getdi". 

"Məhkəmədən sənəd təqdim etdilər ki, evim Vaqif Hacıyevin oğlunun adına keçib, bizim isə bundan xəbərimiz olmayıb, heç bir quruma gedib sənəd imzalamamışıq"

Ellər Səfərovun sözlərinə görə, 2014-cü ildə "JEK"-in (Mənzil Kommunal İstismar Sahəsi-red.) işçiləri artıq yaşadığı mənzilin ona məxsus olmadığını deyiblər: "Bildirdilər ki, çıxın evdən, mənzil artıq sizin deyil. Onlara sənədləri təqdim etdim və mənzilin mənə aid olduğunu bildirdim. 


Bu hadisədən təxminən, 20 gün sonra "Ayan" MMC şirkəti işi məhkəməyə verib. O zaman məhkəmədən mənə sənəd təqdim etdilər ki, evim şirkətin baş mühasibatçısı Vaqif Hacıyevin oğlunun adına keçib. Bizim isə bundan xəbərimiz olmayıb, heç bir quruma gedib sənəd imzalamamışıq. 

Beləcə, məhkəmə işə baxdı və hakim Təranə Mahmudovanın qərarı ilə evi mənə qaytardılar. Məhz bundan sonra şirkətin nümayəndələri bizimlə qırğına başladı, hədə-qorxular, təhdidlər, şantajlar edildi. İddia edirdilər ki, guya mən borc müqaviləsi bağlamışam. Halbuki, mən heç kimlə bu cür müqavilə bağlamamışam. Odur ki, ölkədə onlarla quruma rəsmi məktubla müraciət etsəm də problemin həllinə nail ola bilmədim. 2019-cu ildə isə şirkət işi yenidən məhkəməyə verdi və həbsimi tələb etdilər. 

Məsələnin maraqlı tərəfi ondadır ki, mənim cinayət işimi Hərbi Prokurorluğun istintaqı aparıb. Halbuki, bu mülki iş olduğundan Hərbi Prokurorluq istintaq aparmamalıdır. Ardınca işi Sumqayıt Şəhər Məhkəməsinə verdilər. Məhkəmə isə öz növbəsində, mənə 2 il şərti cəza verdi".

"Sumqayıt Şəhər İcra Şöbəsinin rəsisinin yanına getdim və baş vermiş hadisə ilə bağlı ona məlumat verdim, o, isə məni alcaldıcı ifadələrlə təhqir etdi"

Şikayətçi qeyd edib ki, "Ayan" MMC şirkəti qərardan narazı qaldığı üçün apellyasiyaya müraciət edib: "Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov barəmdə çıxarılan 2 il şərti iş cəzasını 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etdi. 


Beləcə, məni zaldan Şüvəlanda yerləşən təcridxanaya apardılar. Həmin vaxtdan bu günədək hara müraciət edirəmsə, işimə baxan yoxdur. Təxminən, 2 ay öncə Sumqayıt Şəhər İcra Şöbəsinin məmurları məni həmin borcla bağlı çağırdılar. Halbuki, cəzamı çəkib çıxmışam. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Şöbəsinin məmurları kabinetdə məni guya Vaqif Hazıyevə 47 min manat borcum olmasına dair sənədi imzalamağa məcbur etdilər. 

Onlara sübut edə bilmədim ki, nəinki 47 min, heç 47 qəpik belə, borcum yoxdur. Bundan sonra iki icra məmuru məni kabinetdə döydülər və məcburən həmin borc sənədini yazdırdılar. Bundan sonra Sumqayıt Şəhər İcra Şöbəsinin rəsisinin yanına getdim və baş vermiş hadisə ilə bağlı ona məlumat verdim. 

Ümid edirdim ki, o, mənə yardım edər, işçilərinin özbaşınalığına son qoyar. Lakin bunun əksinə, o, məni alcaldıcı ifadələrlə təhqir etdi. Bu hadisə ilə bağlı hara yazıramsa cavab verən yoxdur. Odur ki,  sizin vasitənizlə müvafiq qurumlara müraciət edərək, onlardan pozulmuş hüquqlarımın bərpa olunmasında mənə yardım etmələrini xahiş edirəm".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın