“Azərlotereya” kasıb vətəndaşları aldadır - Xaricdə bu cür oyunlara artıq QADAĞA QOYULUR

13, 05, 23
12:00

“Azərlotereya” kasıb vətəndaşları aldadır - Xaricdə bu cür oyunlara artıq QADAĞA QOYULUR


Bu gün səhər-səhər oxuduğum ilk xəbər qonşu Gürcüstanda qumar oyunlarının məhdudlaşdırılması və qumar oyunları ilə bağlı qanunun icrasına nəzarətin gücləndirilməsi oldu.

Belə ki, qüvvəyə minmiş qanuna görə, Gürcüstanda yaşı 25-dən az olan şəxslərin, habelə sosial təminatı az olan insanların, siyasətçilərin və dövlət qulluqçularının qumar oyunlarında iştirakı QADAĞAN olunur. Gördünüzmü, 25 yaşdan az olanlar...siyasətçilər...məmurlar...və sosial təminatı az olanlar... Görəsən, Azərbaycanda fəaliyyət göstərən “Azərlotereya” ASC niyə qonşu Gürcüstandan nəticə çıxartmır?

Heç kimə sirr deyil ki, lotereya da qumarın guya mədəni formasıdır. Hər gün işə gəlib-gedərkən metro çıxışlarında, avtobus dayanacaqlarında, marketlərin qarşısında gördüyüm mənzərə adamı dəhşətə gətirir. İnsanlar “Azərlotereya”nın “Poz, qazan” lotereyalarına son ümid yeri kimi baxırlar. Hamısı da kasıb təbəqənin nümayəndələri.

Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.

Bəli, vətəndaşa lotereya əvəzinə iş yeri təklif etmək, onu işsizlikdən qurtarmaq, yaşam təminatı vermək lazımdır. Yoxsa, onsuz da kasıbçılıqdan, işsizlikdən bezən insanı qumara cəlb etmək, onun sonuncu qəpiyini də əlindən almaq cinayətdir, insanlıqdan kənardır. Və getdikcə bu oyuna mübtəla olanların sayı günü-gündən artır. Bu oyunla bağlı dövlət sərt tədbirlər görməlidir. İndi gəlin görək, İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azərlotereya” MMC kimlərə məxsusdur.

Qısa məlumat üçün qeyd edək ki, vaxtilə ölkəmizdə 20-dən artıq lotereya şirkəti fəaliyyət göstərib. Bunun qarşısını almaq, VƏTƏNDAŞLARIN hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən DÖVLƏT BÜDCƏSİNƏ daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə 2001-ci ildə ASC yaradılıb.

Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. Amma təəssüf ki, ASC ümidləri doğrultmadı və yuxarıda qeyd etdiyimiz 20-dən artıq lotereya şirkəti kimi vətəndaşları aldatmağa başladı. Və nəhayət 2021-ci ildə “Azərlotereya” ASC-nin idarəedilməsi Türkiyəli qardaşlarımıza verildi.

Belə ki, İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verildi. Təsəvvür edirsiniz 10 il və üstə gələk 5 il… Bu gün “Azərlotereya”nı idarə edənlər aşağıdakı şəxslərdir: İdarə Heyətinin sədri — Zafer Reisoğlu Maliyyə üzrə Baş rəhbər — Osman Karakuş Əməliyyatlar üzrə Baş rəhbər — Salih Tüfekçi Olsun, buna etiraz etmirik.

Amma… Əmması odur ki, bütün dünyada zərərlə işləyən sahəni xarici investorlara verirlər ki, o sahəyə investisiya qoyub dirçəltsin. Axı, “Azərlotereya” gəlirlə işləyən sahədir, həm də görəsən, dövlət büdcəsinə nə qədər pul köçürür..? Sözün qısası, “Azərlotereya” ilə bağlı suallar çoxdur. Ekspertlər qeyd edir ki, “Azərlotereya” vətəndaşları aldadır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, lotereyaların iki növü olur – ani və tirajlı: “Poz qazan” ani lotereyadır.

Ani lotereyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Biz ani lotereyada insanları necə aldatdıqlarını müəyyən etmişik. Ani lotereya kuponları bir-birindən fərqlənməməlidir, hamısı identik olmalıdır. Lakin bu lotereya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər.

Həmin ani lotereyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotereya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu da istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır.

İndi aydın oldumu, ASC hansı oyunlardan çıxır..? Yəni yüksək uduşlu kuponlar sifarişçiyə əvvəlcədən bəllidir. Ekspert onu da qeyd edir ki, lotereyanın oyun komissiyasında oturan şəxslərin heç bir hüququ yoxdur. Yəni onlar uduş fondunu, nə qədər lotereya bileti satılıb, nə qədəri qalıb, bunu müəyyən etmirlər, heç bir əsasnamə yoxdur. Bir sözlə, “Azərlotereya” ASC kasıb təbəqəni fəlakətə düçar edir. Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. (GUNDELİK-BAKU.com) 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın