Zəhərlənmə təhlükəsi: "Çiyələk 30-da çox dərmanla yetişdirilir" - Xəbərdarlıq

06, 05, 23
13:00

Zəhərlənmə təhlükəsi: "Çiyələk 30-da çox dərmanla yetişdirilir" - Xəbərdarlıq


"Temperatur 25 dərəc­əni keçməyibsə, çiyə­ləyin təbii yolla ye­tişdirilməsi mümküns­üzdür”

Artıq xeyli vaxtdir ki, bazar və marketlərdə alıcılara mövsümü olmayan meyvələr, xüsusən də çiyələk təklif olunur. Bu giləmeyvəni alıb yeyən də var, almağa ehtiyat edən də.

Mütəxəssislər deyir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələyin insan orqanizminə faydası çoxdur. Gün ərzində 7-8 ədəd çiyələk yemək günlük C vitamini normasını ödəyir. Amma çiyələyi yeməzdən öncə mütləq şəkildə bol su ilə yuymaq lazımdır. Həmçinin təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına xüsusi diqqət edilməlidir.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, mövsümdən əvvəl çiyələk yetişdirilməsi üçün güclü kimyəvi maddələrdən, pestisitlərdən, nitrat tərkibli gübrələrdən çox istifadə olunduğundan insanlar arasında zəhərlənmə halları baş verir:

“Nitrat tərkibli gübrələri ona görə verirlər ki, bitki tez böyüsün və istehsalçı onu bazara tez çıxarsın. Yetişdirilən məhsulda nitratın miqdarı normadan artıq olduqda bu, zəhərlənməyə gətirib çıxarır. Çiyələk zəhərlənməsinin ilk əlamətləri adətən, ürəkbulanma, qusma və ishaldır. Bu simptomlar tez, adətən, bakterial toksin bədənə daxil olduqdan bir neçə saat sonra görünməyə başlayır.

Zəhərlənmə zamanı bəzən qarın nahiyəsində narahatlıq, ağrılar, bədənin hərarətinin yüksəlməsi və ümumi zəiflik kimi hallar da müşahidə olunur. Həmin əlamətləri hiss edən kimi dərhal həkimə müraciət olunmalıdır. Qida zəhərlənməsi ən çox uşaqlar və qocalar üçün təhlükəlidir. Uşaqların və yaşlıların bədənində suyun miqdarının az olması da vəziyyəti ağırlaşdıra bilər. Zəhərlənmənin öz-özünə keçəcəyini gözləmək olmaz. Bəzən yüngül hesab edilən zəhərlənmə olduqca xoşagəlməz nəticələrə səbəb ola bilər”.

Həkim qeyd edib ki, Klinik Tibbi Mərkəzə çiyələk zəhərlənməsi ilə bağlı müraciət edənlər var:

“Adətən, aprel və may aylarından çiyələkdən zəhərlənmə halları daha çox müşahidə olunur. Bu da mövsümə qədər bazara çıxarılan çiyələyin tərkibində nitratın çoxluğu ilə əlaqədardır. Nitrat çiyələyin tərkibində çoxdursa, zəhərləyəcək. Buna görə də hər bir meyvəni öz mövsümündə yemək lazımdır”.

Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov hesab edir ki, bütün meyvə və giləmeyvələr, o çümlədən çiyələk öz mövsümündə yeyilməlidir. Çünki mövsümündə yeyilən meyvə daha faydalı və zərərsizdir.​

İ.Əhmədovun sözlərinə görə, vaxtından tez satışa çıxarılan çiyələk istixana şəraitində yetişdirilir:

“İstixana şəraitində məhsulların daha tez yetişdirilməsi üçün əksər hallarda torpağa təyinatdan artıq gübrə verilir. Nəticədə məhsulda normadan artıq nitrat toplanır. Bu zaman zəhərlənmənin baş verməsi qaçılmazdır. Mövsümündən tez satışa çıxardılan çiyələyi yemək yaşlı insanlar, uşaqlar və hamilə qadınlar üçün daha təhlükəlidir. Çiyələyi mövsümdən əvvəl yemək hamilə qadınlara heç məsləhət deyil. Çünki, çiyələk allergik məhsuldur. Onun yaratdığı fəsadlar ana bətnindəki uşağa da təsir edə bilər".

İ.Əhmədov deyir ki, açıq havada temperatur 25 dərəcəni keçmə­yibsə, çiyələyin təbii yolla yetişdirilməsi mümkünsüzdür:

“Çiyələyin ölçüsünün həddən artıq böyük olması ona azot gübrəsinin çox verilməsinin göstəricisidir. Çiyələk özü allergik məhsuldur. Əgər çiyələk istixanada azot gübrəsi ilə yetişdirilirsə, bu zaman məhsulda toplanan nitratlar allergiyanın kəskin artmasına səbəb olur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda satılan çiyələklər normal ölçüdən dəfələrlə böyükdür:

“Çiyələk həddən artıq böyükdürsə, onun geni dəyişdirilib. Dərmansız yetişən çiyələk o ölçüdə ola bilməz. Mən çiyələk plantasiyasında olub və onun necə yetişdirildiyini müşahidə etmişəm. Çiyələk yetişdirilməsində 30-dan çox dərmandan istifadə olunur. Lakin insanlar çiyələyi az yediyi üçün kütləvi zəhərlənmə baş vermir. Mövsümü olmayan, kimyəvi maddələrlə yetişdirilmiş meyvələrdən istifadəni məsləhət görmürəm. Əks halda zəhərlənmə ola bilər”.

Sevinc

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın