“Fəridin anasına pozğun damğası vuranların hamısı qadınlardır” - Tanınmış psixoloqdan etiraz

05, 05, 23
14:00

“Fəridin anasına pozğun damğası vuranların hamısı qadınlardır” - Tanınmış psixoloqdan etiraz


Artıq bir neçə gündür ki, ölkə gündəmini 7 yaşlı uşağın idman zalında məşq edən zaman vəfat etməsi zəbt edib. 

Hadisədən dərhal sonra sosial şəbəkələrdə Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibəti olduğu haqda iddialar irəli sürüldü. 

Bəs görəsən, cəmiyyət niyə dərdli anaya qarşı bu qədər qəddar davrandı?

"Azərbaycan Reallığı" xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, sosial şəbəkələrdə ananın şəxsi həyatı ilə bağlı rəy yazanların böyük əksəriyyəti qadınlardır:

“Mən də 7 yaşlı övladını itirən ananı günlərdir izləyirəm. Hətta həmin xanımla əlaqə yaratmağa çalışıram, amma yarada bilmirəm. Ananın dərdi olduğu halda, şəxsi həyatının müzakirə obyektinə çevrilməsi çox pisdir. Sosial şəbəkələrdə yazılan bu tip şərhləri oxuyuram, görürəm ki, bu şərhləri yazan daha çox qadınlardır. Hansı ki, bəylər öz cinslərindən olan həmin məşqçi haqda sırf törətdiyi hadisə ilə bağlı tənqidi şərhlər yazırlar.

Amma biz qadınlar qadınlığımızı unudub həmin ananın haqqına giririk. Xanım dalbadal müsahibələr verir, nəyi necə danışdığını belə bilmir, gah ağlayır, gah sakitləşir, gah hadisələri gözünün qabağına gətirib balamı qucaqlaya bilmədim deyir... 

Biz isə onun yanında olmaqdansa, daha da üzərinə gedib ananı intihara sürükləyirik. Hələ heç bilmirik ki, o ana övladından sonra yaşamağa qərar verəcək, yoxsa yox.   

Cəmiyyət gördüyü o videodan informativ stressə düşüb, o ana kimi insanlar da nə danışdıqlarını bilmirlər. Çünki görmədiklərini müzakirə edirlər. 

Ola bilər ki, o xanım yalnız olduğuna görə məşqçinin ona ürəyi ağrıyıb, bəlkə ondan heç məşq pulu almayıb. Bəlkə ona görə onların daha mehriban münasibətlərini görürük. Bəs mehriban münasibət niyə pozuldu? Qadın nə etdi ki, bu cür hadisə baş verdi?  Baxın, belə yüzlərlə sual ortaya çıxa bilər. Bu sualları verdikcə də min fikrə düşmək olur”.

Psixoloq Aynur Məlikovaya təmənnasız psixoloji yardım etmək istədiyini də açıqlayıb:

“Həmin ana bu dəqiqə nə dediyini belə bilmir, o, balasını itirib. Biz onun acısını başa düşmək, 40 gün yanında olmaq əvəzinə əxlaqını müzakirə edirik. Qadınlara qarşı olan antipatiyanı elə qadınlar özləri yaradır. Ona görə də qadınlar bu qədər müzakirə obyektinə çevrilirlər. O ana boşanmış qadındır. Hansı səbəbdən boşandığını da müsahibələrində ətraflı deyir.

Gəlin, o ananın yanında olaq, qadın səhv edibsə belə, o səhvini düzəltməyə kömək edək. Mən o xanımla əlaqə yaratmaq istəyirəm ki, psixoloq kimi köməyim dəysin, ona psixoloji yardım etməyi öz öhdəmə götürüm. Hələ ki, telefonlarıma cavab vermir. Görünür, bu söz-söhbətlərə görə yazıq ana qaçır”. 

Əsmətxanım Rzazadə 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın