“Pilot Residence” camaatla məzələnir: “5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb” - FOTOLAR

23, 04, 23
16:00

“Pilot Residence” camaatla məzələnir: “5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb” - FOTOLAR


“5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında “Pilot Residence” MTK tərəfindən inşa edilmiş binada yaşayan sakinlər müraciət edib.

Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq “Pilot Residence” MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib: 

“Binanın sakinləri ilə “Pilot Residence” MTK arasında yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir”.

Yaşayış kompleksi layihəyə uyğun olaraq belə olmalı idi:

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: “Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. 

Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm “Pilot Residence” MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edirlər.

Yaşayış kompleksi sakinlərindən mənzil və yeraltı qarajlar üçün külli miqdarda vəsait toplayan “Pilot Residence” MTK-nın təsisçisi Babək İsmayılov Layihənin yekunlaşdırmaması ilə bağlı məsuliyyəti hazırda müvafiq dövlət icra hakimiyyəti orqanlarının üzərinə yıxmağa çalışır. 


Belə ki, o,  yaşayış binasının və yeraltı qarajların istismara təhvil verilməməsi, həyət ərazisindəki sakinlərin həyatına birbaşa təhlükə yaradan bərbad vəziyyət, yaşayış binasının istismara qəbulunun mümkünsüzlüyü və binada yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasını “Pilot Residence” Yaşayış Kompleksinə dövlət tərəfindən giriş-çıxışın ayrılmaması ilə əlaqələndirir. Halbuki layihəyə uyğun olaraq kompleksə giriş-çıxış təmin olunub və yaşayış binasının infrastruktur təminatına, o cümlədən nəzərdə tutulan həyət və qarajlarına giriş-çıxış üçün yol infrastrukturu təminatı verilib”. 

Yaşayış kompleksi hazırda belədir:


Vətəndaşlar deyir ki, binanın həyətində qanunsuz tikili də var: “Həyətinin ərazisində isə qeyri-qanuni şəkildə iri kommersiya obyektinin tikilməsi azmış kimi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili var. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi kobud qanun pozuntusu deməkdir. Eyni zamanda “Pilot Residence” MTK çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişini bağlayıb, həmin hissəyə binanın bütün mülkiyyətçilərinin pilləkən vasitəsilə girişini qadağan edib”. 

Vətəndaşlar məsələ ilə bağlı dəfələrlə həm MTK-ya, həm də aidiyyəti qurumlara müraciət etdiklərini də bildirirlər. Lakin nə problem həllini tapıb, nə də binada layihəyə uyğun olaraq dəyişiklik olub.

Məsələ ilə bağlı “Pilot Residence” MTK-nın təsisçisi Babək İsmayılovla əlaqə saxladıq. Təsisçi bildirdi ki, bu layihə üzərindən bütün tikinti-quraşdırılma işləri yekunlaşdırılıb: “Artıq binanın 70 faizində yaşayış var. Sakinlərimiz çox razıdırlar. Çünki bizim tikinti işlərimiz çox yüksək keyfiyyətlə və zövqlə yekunlaşdırılıb. Əmlak komitəsindən çıxarış məsələsi ilə bağlı artıq bütün sənədlərin hamısı yığılıb, müəyyən idarələrdən keçirilib. Yaxın müddətdə sakinlər gedib əmlak komitəsindən öz çıxarışlarını əldə edə biləcəklər”. 

Şikayətlə bağlı Səbail rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Yaşayış binasının tikintisinin başa çatması ilə əlaqədar istismara icazə aktının verilməsi barədə “Pilot Residence” MTK tərəfindən Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub. 

Qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib və hazırda MTK tərəfindən təqdim olunan sənədlər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə MTK-ya rəsmi məlumat veriləcək”. 


Lamiyə Məmmədova


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın