İcra başçısı yaxın adamını pulyığanların “kuratoru” təyin etdi: Sumqayıtda ortalıq qarışdı

30, 03, 23
11:00

İcra başçısı yaxın adamını pulyığanların “kuratoru” təyin etdi: Sumqayıtda ortalıq qarışdı


Xəbər verdiyimiz kimi, artıq bir həftədən çoxdur ki, Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıtda kompleks yoxlamalara başlayıb. KQMBİ-nin il araşdırması şəhər Səhiyyə İdarəsində olub və orada 6 milyon 427 min manat yeyinti aşkarlanıb.

Həmin məlumatlarda yoxlama zamanı Səhiyyə İdarəsində əsasən tikinti və təmir işlər üzrə yeyintinin üzə çıxdığı bildirilir. Hətta bir nəfər saxlanıldığına dair də iddialar var.

Yeni məlumatlarda qeyd edilir ki, şöbənin müdiri Səkinə Sadıqova baş verənlərə qəti qarışmadığını deməklə yanaşı, həm də buna əhəmiyyət vermədiyini bildirib. O yaxınlarına deyib ki, yeyinti məsələsinin ona aidiyyatı yoxdur və buna da icra başçısı cavab verməlidir. Çünki tikiti və təmir işlərinə nə nəzarət edib, nə də ora ayrılan maliyyədən xəbəri olub. Hətta iddia edilir ki, Səkinə Sadıqova verdiyi izahatında da bunu açıq şəkildə yazıb.

Bildirək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeyinti faktı üzə çıxan kimi, dərhal hərəkətə keçərək, həmin məbləğin 1.5 milyon manatını geri ödəyib. Hazırda isə yerdə qalan 5 milyon manatın toplanılması üçün bütün adamlarını səfərbər edib.

Daxil olan məlumatlara görə, Zakir Fərəcov iki gündür Sumqayıt Memarlıq İdarəsi və Nəqliyyat İdarəsinin binalarında özünün ən yaxın adamlarını oturdub. Orada oturan adamlara isə Sumqayıt Memarlıq İdarəsinin başçısı Adil Xudadatovu “kurator” təyin edib. Məqsəd hər iki idarədə gündəlik yığılan pulları cəmləyib, yeyinti nəticəsində yaranmış məbləği ödəməkdir. Belə ki, Adil Xudadatov gün ərzində istər tikinti, istərsə də avtobusların gündəlik pullarını yığaraq, hamısını Fərəcova çatdırır. O isə həmin pulları dövlət hesabına köçürərək, bununla yaxasını araşdırma aparan dövlət qurumlarının əlindən qurtarmağa çalışır.

Qeyd edilir ki, yaranmış yeyinti “borcu”nun bağlanılması üçün icra başçısına 2 həftə vaxt verilib. Ayın 15-nə kimi pul ödənilməzsə, Sumqayıt İcra Hakimiyyətində çalışan bir neçə vəzifəli şəxsin həbsi qaçılmaz olacaq. Üstəlik, icra başçısının da başı ciddi şəkildə ağrıyacaq. Hətta onun işdən çıxarılma məsələsi də gündəmə gətiriləcək.

Bu əsnada, Sumqayıtda evini təmir edən, damına bir mıx vuran, tikinti və təmir işləri ilə məşğul olan sakinlər də “hədəfə” alınıblar. JAMAZ.İNFO-ya verilən məlumata görə, Sumqayıt Şəhər Memarlıq İdarəsinin əməkdaşları şəhərə dağılaraq, təmir edən, tikinti işlər aparan şəxslərin başlarının üstünü kəsdirərək, onlardan pul tələb edirlər. Vəziyyət o həddə çatıb ki, evini və ya balkonunu rəngləyən sadə vətəndaşlardan da pul tələb edilməsi halları yaşanıb və bu da haqlı narazılığa səbəb olub.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın