Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi

19, 03, 23
11:00

Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi


Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Bu arada mediada yer alan digər bir iddiaya görə, Sumqayıtdan seçilən və adının çəkilməsini istəməyən deputatın sözlərinə görə, icra başçısından vətəndaş narazılığını əks etdirən şikayətlər onlara da daxil olur. Millət vəkili deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”.

Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son dövrlər ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. 2015-ci ildə Z.Fərəcov Sumqayıt şəhərinə icra başçısı gələndə çoxları ümid edirdi ki, bundan sonra hər şey yaxşı olacaq, yeni iş yerləri açılacaq, zavodlar, fabriklər işləyəcək, işsizlikdən əziyyət çəkən əhali iş taparaq ailəsini dolandırmağa imkanları olacaq.

Təəssüf ki, bu belə olmadı. Doğrudur, şəhərin girişi və əsas küçələr xeyli abadlaşdırıldı, dəniz kənarında yeni bulvar salındı, plansız da olsa hündürmərtəbəli binaların tikintisi sürətləndi, amma, nəyin hesabına? Bəli, inanılmaz olsa da, bu bir faktdır ki, son üç ildə Z.Fərəcov bu gənclik şəhərinin inkişafı üçün prezidentin ehtiyat fondundan nə az, nə çox, düz 50 milyon manatdan çox vəsait aldı. Bu azmış kimi, 2-3 qat ondan artıq pul da müdafiəsiz sahibkarlardan zorla alındı. Sumqayıtlılar haqlı olaraq deyirlər ki, bu pula yeni və gözəl bir şəhər də salmaq olardı.

Bir neçə gün öncə isə Sumqayıtda Qarabağ Qaziləri ilə bağlı yaranmış problem haqda məlumat verən tanınmış publisist-yazar, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu Z.Fərəcov haqqında “Sumqayıtın Elmar Vəliyev”i ifadəsini işlətmişdi. Elə eyni mənbə bu günlərdə yazır: “Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov 3 dekabr Beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsib!

“Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!”Bütün baş verənlər, Sumqayıta rəhbərlik edən şəxs haqqında geniş məlumat zərurəti yaradır. Doğurdanmı paytaxtın 30 km-də yeni “Elmar Vəliyev” yetişir? Bu yazımızda cumhuriyyet.az olaraq bu günədək mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında Zakir Fərəcov portretini cızmağa çalışacayıq. Beləliklə,

Rəsmi tərcümeyi hal

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Zakir Fərəcovu vəzifələrə aparan güc 

Rəsmi qeydlərə nəzər yetirəndə Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Sumqayıtın bələdiyyə sədri olan şəxsin 6 il sonar icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olar.

Təbii ki, Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinin sədri olduğu illərdəki fəaliyyəti də buna əsas vermir. Çünki, cumhuriyyet.az olaraq həmin dövrü araşdırdıqda görürük ki, bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib. Bununla yanaşı sədr kimi rüşvəti birbaşa özü qəbul edənlərdən biri olaraq Fərəcovun şəhərdə qohumlarından başqa yaxşılıq etdiyi kimsəyə rast olmaq mümkün hal deyil.

Bələdiyyə sədri olarkən Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkən şəxsin sonradan İcra başçısı kimi mühüm bir vəzifəyə təyin olunmasına bir sıra səbəblər göstərilirdi. Xüsusən də onun bir çox qruplaşmalara bağlı olması fikri daha yayğın idi.

“Ehtiyat fondu” olan icra başçısı 

Nəticədə arxasında böyük güc tapan Zakir Fərəcov rəqiblərini qabaqlayaraq ilk addımını atmış oldu. 2005-ci ildə Abşeron icra hakimiyyətinin başçısı təyin olunan bu şəxs rayonda qanundan kənar qərarları və tapşırıqları həyata keçirməkdə çətinlik çəkmədi. Hətta bəzi şikayətçilərlə kriminal aləmə xas olan dillə danışan Fərəcovun uzaq keçmişindəki adətlər də Abşeronda yada salındı. İcra başçısının torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsada narazılıq edənlər ən qəddar yolla susduruldu.

Bundan başqa iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağıran Zakir Fərəcov tələblərini irəli sürürdü. Bu tələblər obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ödənilməsindən ibarət idi. Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi. Məhz müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər daha ağır cəzaya məruz qalırdılar.

Fərəcovun adı keçən kriminal olaylar

Maraqlıdır ki, bu araşdırma zamanı cumhuriyyet.az olaraq mediada icra başçısının adı hallanan bir çox kriminal olayların da yer aldığı ortaya çıxdı. Bu sırada Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin statistikasını müəyyən ixtısarla diqqətinizə çatdırırıq:

Binəqədi məmurları polisdə, Binə bələdiyyə sədri həbsdə: “Havadarları, çoxlu sayda torpaqlar, mülklər bağışladığı iqtidar sahiblərinin dəstəyi ilə Zakir Fərəcovun törətdiyi əməllərin, özbaşınalıqların sayı hesabı yoxdur.

Bir müddət öncə onun Novxanı ilə Sumqayıt arasında törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb. Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı hissəsinin yanındakı çimərlik ərazisini tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “ yazılan guşə yaratmış , bununla da Binəqədi rayon ərazisini faktiki zəbt etmişdir. Buna imkan vermək istəməyən Binəqədi icra hakimiyyətinin sabiq rəhbərliyi “Sumqayıt” yazılan lövhəni oradan çıxarmış, özünün qanuni ərazisini bərpa etmək istəmişdir. Z.Fərəcovun tapşırığı ilə hadisə yerində olan Binəqədi icra hakimiyyəti başçısının müavini, işçilər zorla maşına basılaraq Sumqayıt şəhər polis idarəsinə aparılmış, bir müddət orada həbs edilmişlər.

Başqa bir misal: Z.Fərəcov Binə bələdiyyə sədri (əslində, bu ərazi Sabunçu rayonunun ərazisidir) Babaxana qarşı iddia irəli sürmüş, pul istəmiş, o da verməmiş, hətta, Z.Fərəcovu təhqir etmişdir. Buna cavab olaraq Z.Fərəcov müxtəlif bəhanələrlə onu şərlərək tutdurmuş və o hal-hazırda da zindandadır.

Daha bir ölüm: Əvvəllər, yəni, sovetlər dönəmində komsomolun birinci katibi olmuş, sonra isə Qobu qoyunçuluq sovxozunun direktoru işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir. Tələb edilən pulu vermək istəməyən Balağa şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra isə dünyasını dəyişmişdir.

Fərəcovla “razborka”ya qalxan məmur: 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər. İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır. İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir. Bir çox hallarda olduğu kimi,bu hadisədə də humanizm prinsipləri arxa plana atılmış, keçmiş milli təhlükəsizlik nazirliyinin rəhbərliyi öz qəddarlığını bütün gücü ilə nümayiş etdirmişdir.

Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir. Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.

Bayram Şərifov intiharı: Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır. Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir.

Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə , o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır. Xırdalan parkının içərisində vaxtilə B.Şərifova məxsus olan kafe də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki, bu obyektin də kimə qazanc gətirdiyi aydındır.

Daha bir qətlin tarixçəsi və Elgiz adlı bacıoğlu

8 iyun 2015-ci ildə Azərbaycanda amansız qətl hadisəsi baş verdi. Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər, izi itirmək üçün evi yandırmışdılar. Ölkə mediasında bu dəhşətli qətllə bağlı geniş məlumatlar yer aldıb. Mediada, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başladı.

Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu. Həmin olayla bağlı mediada səslənən iddiaları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Fədail və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub.

Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxıldı. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirdi, əvvəlcə Abşeronda, indi isə Sumqayıtda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.

Sumqayıtda yayılan qohumluq şəbəkəsi

Onu da bildirək ki, E.Fərəcov Sumqayıtda səlahiyyət sahibi olan yeganə qohum deyil. Belə ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla Sumqayıt şəhər icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Ərazi maliyyə müfəttişliyinin rəisi vəzifəsində çalışan Akif Zeynallı qudadırlar. Onun İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfir işləyən oğlu Əkrəm Zeynallı Sumqayıt şəhər icra hakiminin böyük qızı ilə evlidir.

Zakir Fərəcovu həm də Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevlə qohumluq telləri birləşdirir. Belə ki, Zakir Fərəcovun ortancıl qızı Cəmil Quliyevin oğlunun həyat yoldaşıdır.

Mərkəzi bazarın və “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və hazırda Bakıi şəhəri Nərimanov rayon əmək müfəttişliyi idarəsinin rəisi işləyən Aqşin Əsədov Sumqayıt şəhəricra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəisi işləmiş, hazırda isə millət vəkli olan Nazim Fərəcovun qızı ilə ailə həyatı qurub.

Məmur balalarının davasından “NORF” sularınadək

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtdakı geniş biznes şəbəkəsi haqda da mediada ilginc məlumatlar yer alıb.

Bununla bağlı yazıda deyilir: “İllərdir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır. Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan daha bir müəssisə Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcovun patronluğu ilə çalışan “Ruslan-S MMC” dir. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşir. Müəssisə əsasən şirəli içkilər istehsalı ilə məşğuldur və həmin məhsullar “NORF” markası altında satışa buraxılır.

“NORF” adının açılışı isə məhsulun Fərəcovlara bağlılığını bir daha təsdiqləyir. İddialara görə “NORF” məhz bu sözlərin baş hərflərinin cəmindən yaranıb: “NAZİM OĞLU RUSLAN FƏRƏCOV”

Bildirək ki, Z.Fərəcovun qardaşıoğlu Ruslan Fərəcovun adı mediada daha bir olayda da hallandırılıb. 2010-cu ilin sentyabrında yayılan xəbəri cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabrın 11-də axşam saat 22 radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında kütləvi dava düşüb. Hadisənin şahidlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, savaş öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun oğlu Emin Həsənovla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin müdiri Nazim Fərəcovun oğlu Ruslan Fərəcov arasında başlayıb.

Şahidlərin deməsinə görə, onlar qız üstündə “razborka” ediblər və bir-birilərinə silah çəkiblər. Onların yanındakı adamlar məmur övladlarını tərk-silah etsələr də, bu dəfə onlar avtomobillərində gəzdirdikləri “dubinka” ilə bir-birilərinə hücum çəkiblər. Bundan sonra hər iki tərəfdən olan gənclər davaya qoşulublar və kütləvi vuruşma başlayıb”.

Büdcə pulları və Sumqayıt idarələrinə qoyulan tələb

Ötən müddət ərzində Sumqayıtda abadlıq işlərinin aparılması üçün büdcədən xeyli miqdarda pul ayrılıb. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı. Amma…

Sumqayıt gimnaziyası 6 blok, “İstedad” liseyi 6 blok, Texniki və təbiət elmləri üzrə lisey 6, “Təfəkkür” 6 blok öz vəsaiti hesabına təmir etməlidir.Eyni zamanda bağçalar 4 blokları təmirə etməlidir. Bu, Z.Fərəcovun ilk belə göstərişi deyil. Ötən tədris ilində məktəblər 3 min manatdan Sumqayıt bulvarının yenidənqurulması üçün vermişdilər. Ümumiyyətlə, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.

Sahibkarlara milyonlarla borc

Gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb.

Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”…

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın