Mübariz Məsimoğlu: QAYIT, ÖZÜNƏ GƏL, ULU, TÜRKİYƏM

09, 02, 23
18:00

Mübariz Məsimoğlu: QAYIT, ÖZÜNƏ GƏL, ULU, TÜRKİYƏM


Tanınmış şair-publisist Mübariz Məsimoğlu qardaş ölkə Türkiyədə baş vermiş və böyük insan itkisi olan zəlzələ ilə bağlı özünün facebook hesabında qardaş ölkəyə dəstək şeiri yazıb. "Azərbaycan Reallığı" sözügedən şeiri oxuculara təqdim edir.

QAYIT, ÖZÜNƏ GƏL, ULU, TÜRKİYƏM

Cavanlıq aldanar dünya malına,
Sevinci, qəmləri ulu, Türkiyəm.
Nədən itirmisən özünü belə,
Sözünün ağası, qulu, Türkiyəm?

Tarix yaratmısan tarix içində
Ac girib çıxmısan tox vəlvələdən.
Heç nə saxlamayıb yolundan səni,
Sən keçib gəlmisən çox zəlzələdən.  

Vaxtında eşidib qulaq asmadın,
Ağrılı, acılı sözlərimə sən.
Allah ölənlərə rəhmət eləsin,
Soldum qalanların gözlərində mən.

Kim ölçüb biçmişdi bu binaları,
Bu necə ölçüydü, bu necə biçim?
Çölündə başını itirib çölüm,
Ovulub içimə tökülüb içim.  

Doğru fürsətləri əldən uçurub,
Yalançı qədərə əyildin, niyə?
Böyük müsibətə, bəlaya qarşı
Sən, axı, tədbirli deyildin niyə?

Baxıb kadrlara çaşıb qalmışam,
Gözümün yaşını mən silə- silə.
Səni nə gözləyir sənki bilirdin
Yıxdın evimizi sən bilə- bilə.  

Qayıt özünə gəl ulu, Türkiyəm,
Ölməsin ümidim, pənahım mənim.
Bir daha nəfsinə uymuş, başçılar,
Bir daha başında durmasın sənin.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın