Müsyö Rambal Koşenin Media Reyestri

07, 02, 23
11:00

Müsyö Rambal Koşenin Media Reyestri


Azərbaycanda informasiya siyasətinin yönləndirilməsi ilə məşğul olan vəzifəli şəxslər həmişə hakimiyyətə “ayı xidməti” göstərməyə çalışıblar və necə deyərlər, “qaş düzəltmək əvəzinə vurub göz çıxarıblar”.

Oliqarxların, monpolistlərin, korrupsioner məmurların mənafeyinə xidmət edən, onları ictimai qınağın obyektivinə tuş gəlməkdən qoruyan Əli Həsənov kimilər, Vüqar Səfərli kimilər əməllərinin mənfi nəticələri ortaya çıxandan sonra səhnədən uzaqlaşdırıldılar. Mətbuat Şurası nüfuzdan düşdü, KİVDF ləğv olunaraq onun bazasında “Media haqqında” yeni qəbul edilən Qanun əsasında Mediaya Dəstək Agentliyi yaradıldı.

İlk əvvəl Media Reyestrindən keçməyə dəvət olunan jurnalistlərə bu prosedurun könüllü olduğu deyilsə də, indi MEDİA Agentliyinin sədri Əhməd İsmayılov reyestrə düşməyən jurnalistlərə “siz yoxsunuz” deyir. Bu isə ictimaiyyətə bir mesajdır. Sabah Əhməd İsmayılovun ağzından söz alan məmurlar, idarə, müəssisə, təşkilat rəhbərləri, ümumiyyətlə, bütün vəzifəli şəxslər jurnalistlərdən məhz MEDİA-nın verdiyi vəsiqələri tələb edəcəklər. O vəsiqələri daşımayan jurnalistlərə isə “siz yoxsunuz” deyib informasiya verməkdən imtina edəcəklər.

Və bütün bu maneələr MEDİA-nın reyestrə düşməyən kütləvi informasiya vasitələrini məhkəməyə verib fəaliyyətini dayandırmasına kimi davam və inkişaf edəcək. Bəli-bəli, vaxtilə Ədliyyə və Vergilər nazirliklərində qeydiyyata alınmış, Azərbaycan Respublikası Konstitusiyasının qanunlarına uyğun olaraq, fiziki və ya hüquqi şəxs kimi müstəqil fəaliyyət göstərən KİV-in bağlanılması qətiləşib. Bu isə minlərlə qələm adamının iş yerini itirməsi deməkdir və dövlətin sosial siyasətinə daban-dabana ziddiyyət təşkil edir.  

Bir sözlə, əvvəllər Mətbuat Şurası “qara siyahı” ilə KİV-in azad sözünü boğmağa çalışırdısa, indi də MEDİA ixtira etdiyi “ağ siyahı” ilə eyni işi görməyə çalışır. Qabağa verməyə fiqur da tapılıb – Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov! Bu gün MEDİA-ya rəhbərlik edənin keçmişinə baxanda adamın ölkədən çıxıb getməyi gəlir.

Bu adam korrupsiya yuvası kimi tanınan Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyində hüquqşünas, qumarbaz Qüdrət Qurbanovun da Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri işləyib. Xatırladaq ki, çirkab içində olduqlarına görə həmin qurumlar artıq Prezident tərəfindən ləğv edilib. İndi belə bir korrupsiya bataqlığından çıxmış Əhməd İsmayılov azad media fəlsəfəsini necə anlaya bilər? Nəticə budur ki, o, heç də köhnə sələflərindən fərqlənmir. Bu gün media aləmində müşahidə etdiyimiz mənzərə belə deməyə əsas verir. Əgər belə olmasaydı, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla azad medianı müasir üsulla yox etməyə iddialı olmazdılar.

Hamıya gün kimi aydındır ki, “mən xalqımın xidmətçisiyəm” deyən Prezident İlham Əliyev Azərbaycanda yeganə məmurdur ki, jurnalistlərin suallarından yayınmağa çalışmır. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə xarici, hətta ermənipərəst jurnalistlərin suallarını necə cavablandırması, onları necə tutarlı arqumentlərlə yerində oturtması hamınızda iftixar hissi doğurdu, sərkərdəliyi ilə diplomatik məharətinin necə mütənasib olduğunun şahidi olduq.

Ancaq dəbdəbəli villalara, bahalı avtomobillərə, çoxsaylı obyektlərə, xaricdə şirkətlərə malik olan məmurlara hansı maaşla bunca varidata yiyələnmələrini soruşmaq üçün heç bir müstəqil jurnalist yaxınlaşmağa yol tapmır, yaxına buraxmırlar. Ancaq dünənə qədər Mətbuat Şurasının çətiri altında olanlar korrupsioner icra başçılarının padşahlıq etdiklərii əyalətlərdə necə “mütərəqqi” işlər gördükləri barədə palaz-palaz səhifələr yazmağı bacarırdılarsa, hətta həmin yazılara görə KİVDF-dən maliyyə dəstəyi də alırdılarsa, bu gün də Media Reyestrinə düşən qəzet və saytlar həmin işi rahat görə biləcəklər.

Peşə lətifələri yazan bir yumorist həmkarımızın səlis ifadə etdiyi kimi, “Müsyö Rambal Koşenin oyuncaqları” olan sözəbaxan jurnalistlər arxayındırlar ki, son illərdə həbs olunan, milyonları taladıqları aşkarlanan icra başçılarını təriflədiklərinə görə onlara “gözün üstə qaşın var” deyən olmadığı kimi, əvvəl necə KİVDF vasitəsilə dövlət vəsaitini talayıblar, bundan sonra da MEDİA vasitəsilə yal yeyəcəklər. Əhməd İsmayılov arxayındır ki, Əli Həsənov işdən azad olunsa da, həbs olunmadı, Əflatun Amaşov deputat mandatından və Şura sədrliyindən əl çəkməyə vadar olsa da, “Xalq qəzeti”nə baş redaktor təyin edildi.

Vüqar Səfərli isə törətdiyi cinayət əməllərinin yalnız birinə görə - jurnalistlər üçün tikilən binanın maliyyəsindən əliəyrilik elədiyinə görə məsuliyyətə cəlb olundu. Halbuki, ondan jurnalistlər arasında mənzil bölgüsündəki ədalətsizliyə görə də, müsabiqələrə ayrılan pulları təyinatı üzrə və səmərəli xərcləmədiyinə görə də hesab sorulmalıydı. Əhməd də bilir ki, gələcəkdə sələflərinin aqibətini bölüşəcəksə də,  ən pis halda bu vəzifəni itirib başqasına keçiriləcək.

Bu nöqteyi-nəzərdən, ən böyük qəbahətimiz hər kəsi öz adı ilə çağırmamağımızdır. Ucadan deməliyik ki, “Əhməd bəy, Media Reyestrinə düşməyən jurnalistlər “yoxa çıxmırlar”, əksinə, o reyestrə düşənlər yoxa çıxırlar, dövlətdən pul, mənzil alan jurnalistlərin dilləri gödəlir, övladları polis rəisi, prokuror köməkçisi vəzifəsinə düzələn jurnalistlərin ağızları bağlanır.  

Qəti söz: “MEDİA haqqında” qanuna təcili müdaxilə edilməzsə, bu qanunun mürtəce müddəalarının işləkliyi durdurulmazsa, o zaman Azərbaycanda AZAD MƏTBUATın dəfni qətiləşəcək. Bu isə xalqdan çox, onu idarə etmək istəyənlərə PROBLEMDİR, PROBLEMƏ ÇEVRİLƏCƏK… NECƏ? Bu, gün kimi aydındır… Kiməsə aydın deyilsə, deməli, bu gerçəkliyi görəcək əqidədə deyil və belə olan təqdirdə əlavə izahata da ehtiyac yoxdur…

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın