“Killer jurnalist”lərin “Ayı xidməti”-Medianı “Eşşəyə tərs mindirənlər”

06, 02, 23
13:14

“Killer jurnalist”lərin “Ayı xidməti”-Medianı “Eşşəyə tərs mindirənlər”


Media çəpərləmələri: yeni qanun, köhnə problem…

Biz sizlərdən fərqli olaraq medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik.


Deyilənə görə Finlandiyada insanlar problemsizlikdən depressiyaya düşürlər. Deyəcəksiniz ki, orası yer üzünün bir cənnət nümunəsi, bizə nə dəxli var.

Dəxli var, bir az fərqli olmaqla... Məsələn, bizdə haqqı deyənin həmişə “başına sığal çəkib”, ünvanına xoş sözlər deyilmir ki. Həmişə belə olardısa biz də, fin qardaşlarımız kimi depressiyada çabalayardıq. 

Biz də çabalayırıq, amma bu depressiya-filan deyil, nə isə dünyada ancaq bizə məxsus, adı bilinməz olan bir nəsnədir. Həm də elə bir nəsnə ki, vaxtaşırı yenilikləri ilə bizi “sevindirir”.

Eyni ilə “Killer jurnalist”lərin “Ayı xidməti” kimi... Köləlik, mütilik xarakter məsələsidir: İnsanla bərabər doğulur, bir ömür boyu ayrılmır, bərabər də ölür. Bu mənə aidiyyatı olmadığı kimi, mənim kəşfim də deyil:

Psixologiya elmi belə deyir... Belələri ağılları kəsəndən bu xarakterinə uyğun yolun yolçusu olur: bu yolla hansısa mövqe sahibi olur, çörəyi də bu yolla qazanır...

Mediamızın MEDİA problemi

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərman imzaladı.

Və bu Fərmanla da, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Əhməd İsmayılov da öz vəzifəsində qaldı... Sadəcə qurumun adı dəyişdi. 

Əhməd müəllim, həmin günlərdə hədsiz ümidverici, ruhlandırıcı çıxışları ilə bütün media cameəsini sevindirirdi. Xüsusi ilə də, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunacağı vədləri ilə. Media resursu üçün iqtisadi müstəqilliyin nə dərəcədə əhəmiyyətli olduğunu isə bilənlər bilir.

Əhməd İsmayılov bu mövzuda çıxışlarından birində dediyi kimi: “Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir.

Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. 

Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir.

Biz bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.

Əhməd müəllim beynəlxalq aləmdəki aparıcı media biznesi təcrübəsinin ölkə mediasında tətbiqini də qeyd edirdi: 

“beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesini araşdırmaq... və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərmək”.

O gündən bu günə bizi nə az-nə çox - iki ildən artıq zaman ayırır. Bəlli mənada yetərincə zamandır... Belə məlum olur ki, cənab İsmayılov ya verdiyi sözün üstündə dura bilmədi, ya da elə əvvəlcədən bizimlə “zarafat eləyib”. İlbəil, aybay, günbəgün, saatbasaat zaman Azərbaycan mediasını uçuruma aparır... 

MEDİA “Media Haqqında” Qanunun ağlımıza gəlməyən, təsəvvür belə etmək istəmədiyimiz, bir az da yumşaq desək arzuolunan olmayan sərt üzünü “Tərs şillə” kimi Azərbaycan mediasına vurmaqdadır.

Mən bu istiqamətdə çox da detallara varıb, zaman almağı uyğun bilmirəm...

Belə məlum olur ki, məqsəd obrazlı desək çərçivəli, sözeşidən, gözükölgəli, bir az da ev pişiyinə bənzər “jurnalist” kütləsi formalaşdırmaqdır.

Bu “tenologiya”nın dövləti və milli maraqlar baxımından yaşatdığı və yaşadacağı da qaçılmaz olan fəsadları da başqa bir yazının mövzusudur.

Qısaca... bir həqiqət var ki, sayənizdə Azərbaycan mediası “Biləcəridə ilişib qalıb”. Dünya bəyənib, qəbul etmək istəmədiyimiz düşmən mediasını oxuyur, qəbul edir. Ki, bu da ya sizlərin bilərəkdən, ya da zəkanızın dayazlığı səbəbindən dövlətçiliyimizə sarsıdıcı “Tərs şillə” ilə müşahidə olunur...

On illərdir ki, yemlədiyiniz, adını da “dövlətin mediaya dəstəyi” qoyduğunuz xətt, prinsiplər YANLIŞDIR! Özünü doğrultmur, doğrultmayacaq da... Bu çılpaq həqiqəti gördüyünüzə əmin olduğum kimi, bilərəkdən qəbullanmadığınıza da şübhəm yoxdur!

Biz – sizlərin bu əmməllərinə etiraz edənlər, sizlərdən fərqli olaraq müstəqil, azad medianın Azərbaycan dövlətinin, bu ölkə xalqlarının maraqları baxımından dəyərini dərk etdiyimiz kimi də, olmasını istəyirik. Biz sizlərdən fərqli olaraq medianı dövlət, millət məsələsi, var olmaq şansı bilirik. Və bu səbəblərdən də, müxtəlif formalarda çarpışırıq, həm də davamlı olacağı ilə...

Bu da bizim xarakterimizdir: bizlər bu dövlətin qurulmasında az da olsa belə var olmuşlarıq, küçələrdə, meydanlarda hayqırmaqla, milis dəyənəyini belimizdə “daşımaqla”...

İndi isə Əhməd İsmayılov, sizlər hansısa özəl maraqlar naminə bir “çətə”, “Killer jurnalist” kütləsi yaradıb da, bizləri bu haqq yolunda durdurmaq istəyindəsiniz. Adına Media Reyestri dediyiniz, məramı naməlum, dövlətin digər – daha da üstqurum sayılan strukturlarını təkzib edən kolonda toparlamaq, ağzımıza qıfıl taxmaq cəhdləri ilə...

Edə bildiklərinizdən fərqli olaraq, bizimlə olmayacaq! “Killer jurnalist”lərinizin “Ayı xidməti” ilə özəl maraqlarınızı qorumaqla bərabər həm də, mediamızı “Eşşəyə tərs mindirirsiniz”...

“Killer jurnalist”lərin “Səlib yürüşü”

Bizlər – satılmış və cəsarətsiz “həmkar”larımızdan fərqli olanlar medianın sevgili dövlətimiz və millətimiz üçün dəyərini bilənlər, bu yanaşmaya, bu prinsiplərə, bu fəlsəfəyə susqun dura bilmirik, dura bilmərik də... 

Buna bizim hüququmuz olmadığı kimi, haqqımız da yoxdur!

Amma, nə yazıq ki, özlərinin təbirincə desək Əhməd İsmayılov MEDİAsının formalaşdırdığı bir “Killer jurnalist” kütləsi var. Bəli, məhz “Killer jurnalist” kütləsi... Əslində jurnalist adına “Killer” yarlığını yapışdırmaq mənim üçün çox üzücüdür, ağırdır. 

Nə qədər ağır olsa da, çılpaq həqiqətdir: adam yemlədiyi “jurnalist”lərdən bir “Killer” toplumu yarada bilib. (Zatən yaradıcılığı bir “Biləcəridə ilişib qalan media”, bir də “Killer jurnalist”lər oldu.) Eyni ilə bəlli aləmdə olduğu kimi: pulunu verib, hədəfini vurdurmaq. (Kənardan necə də, yazıq görünürlər)

Bu “maşa” kimi kullanan “Killer jurnalist”lər də ağına-qarasına baxmadan, ağızlarına gələn üfunəti püskürür... Əməllicə “Səlib yürüşü”nə başlayıblar!

Olsun, bizlər elə bir dövrü yaşamaq məcburiyyətində olanlarıq ki, belə “məhəbbətə” alışmışıq.

Bəs media? Niyə bu dilsiz – ağızsız medianı “Ayı xidməti”nizlə “Eşşəyə tərs mindirirsiniz”? Niyə bu medianı “Sabun köpüyü”nə çevirirsizin? Niyə “Düşmən dəyirmanına su tökürsünüz”? Niyə dərk etmək istəmirsiniz ki, düşmənlə savaşda ən vacib olanı mediadır? Məgər son illərin olub – bitənləri yetərli olmadı? Və s.  

Bu “Səlib yürüşü”nə ayırdığınız zaman və enejinizə təəssüflənmək də sizə qalsın... Əgər istəsəniz.

Və son əvəzi     

Mən Azərbaycan mediasının qüsursuz olduğunu, təsadüflərdən xali olduğunu da iddia etmirəm... 

Təəssüf ki, media adına utancverici, “partizan”lıq edənlər də var. Çoxları kimi, mən də bilirəm ki, elə “Media orqanları” var ki, nə ünvanı, nə hansısa əlaqə vasitəsi var, nə də hansısa bir “Media qoxusu” hiss olunur.

Amma, bu kimi saysız çirkablardan qurtulmağın yolu bir başqadır. Bundan ötrü bir mexanizm, bir yol tapmaq da çətin deyil. Təbii ki, istək səmimi ololarsHələlik isə Azərbaycan mediası ilə bağlı bu yanaşmanıza redaktə etməyiniz daha uyğun olardı... Azərbaycan naminə!

İlqar Salmanov


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın