"Zaranın Bakıya gəlişinə etiraz etmək səhvdir, o, Azərbaycanın reytinqini artırır" - Sərdar Cəlaloğlu

28, 07, 18
16:01

"Zaranın Bakıya gəlişinə etiraz etmək səhvdir, o, Azərbaycanın reytinqini artırır" - Sərdar Cəlaloğlu


"Erməni aktrisa Zara Mqoyanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır". 
 
Demokrat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. 
 
S.Cəlaloğlu deyib ki, indi Azərbaycanda 20 min erməni yaşayırsa və bunların əksəriyyətinin əri, ya oğlu dövlət vəzifəsində işləyirsə, hansısa bir erməninin Azərbaycana gəlməsi qıcıq yaratmamalıdır:
 
"Bəzən bu cür demaqoq fikirlərin Dağlıq Qarabağ problemlərinin həll edilmə yoluna ictimaiyyətin diqqətini yayındırırıq. Dağlıq Qarabağı azad etmək nə ermənilərin Azərbaycana gəlməsini qadağan etməklə, nə də bizim özümüzün hansısa incəsənət xadimlərinin Ermənistana getməməklə mümkündür. Dağlıq Qarabağın azad edilməsinin bir yolu var, o da müharibəyə başlayıb, torpaqları azad etməkdir. Hansısa erməni aktrisanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır. Bütün dünya bilsin ki, Azərbaycan tolerant ölkədir, həm də düşmən ölkənin nümayəndəsi gəlib Bakıda konsertdə iştirak edə bilər”. 
 
Partiya sədri qeyd edib ki, Zaranın Bakıya gəlişinə etiraz etmək yanlış yanaşmadır: 

“Xüsusən də ermənilərin Azərbaycana gəlişi ilə bağlı aparılan əks-təbliğat siyasi baxımdan bizim öz əleyhimizə işləyir. Biz erməni xalqı ilə düşmən deyilik ki?! Biz erməni hakimiyyətinin Rusiyanın vasitəsi ilə Azərbaycanın torpaqlarının işğal etməsi siyasətinin əleyhinəyik. Bu siyasət də hərb meydanında həll olur. Nə mahnı festivallarında, nə idman yarışlarında Dağlıq Qarabağın taleyi həll olmur. Bakıya erməni idmançı gəldi, hay-küy qaldırmaqla həll olmaz ki... Biz sadəcə bilməliyik ki, problemin həlli nədir və hansı müstəvidə həll etmək lazımdır. Bəzi adamlar siyasi cəhətdən hadisənin mahiyyətini bilmədən vətənpərvərlik mövqeyindən yanaşırlar və atdıqları addımlar da siyasi cəhətdən Azərbaycanın əleyhinə olur. Biz bütün dünyaya tanıtmalıyıq ki, Azərbaycanda erməni düşmənçiliyi yoxdur. Bu düşmənçiliyi ermənilər Azərbaycan xalqına qarşısı aparırdır, Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi bərabər hüquqda görə bilər. Bunun da nümunəsi müharibə vəziyyətində olduğumuza baxmayaraq, Ermənistanın idmançılarının, sənətçilərinin Azərbaycana gəlib-getməsinə yaradılan şəraitdi. Guya Zaranın Bakıya gəlişi o deməkdir ki, Qarabağı veririk Ermənistana? Zaranın gəlişinə bizim tolerant yanaşmağımız onu göstərir ki, biz ermənilərə düşmən deyilik və Azərbaycan vətəndaşı olan ermənilər də azərbaycanlılarla eyni hüquqla Azərbaycanda yaşaya bilər”.
 
Demokrat.Az

Bizimlə əlaqə saxlayın