Əvəz Zeynallının həyat yoldaşı Prezidentə müraciət etdi - Ev dustaqlığına buraxılmasını xahiş edirəm

09, 01, 23
18:00

Əvəz Zeynallının həyat yoldaşı Prezidentə müraciət etdi - Ev dustaqlığına buraxılmasını xahiş edirəm


 Hazırda həbsdə olan “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı  Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, xəbərinə görə, jurnalistin xanımı öz müraciətində Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını xahiş edib. 

Cənab Prezident! 

Diqqətinizə çatdırım ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində PA-nın məsul şəxslərinin siyasi sifarişlə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamlar əsasında Binəqədi rayon məhkəməsinin sifarişli hakimi Fərid Əmirəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib. 

29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsinin sifarişli hakimi Abbas Rzayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən daha 3 ay uzadılıb. Bu müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb. Buna baxmayaraq, Sizin verdiyiniz səlahiyyətlərdən sui-istifadə edən məmurlar şəxsi maraqlarını önə çəkərək, yanlış və saxta ittihamlarla bir müstəqil jurnalistin fəaliyyətini dayandırmağa, onu girov götürməyə nail olublar.

Cənab Prezident!

Siz Azərbaycan mətbuatının fəaliyyətinin müstəqil olması, ölkədəki məmur özbaşınalıqlarının ifşa olunması istiqamətində mətbuatın Sizə yardımçı olması ilə bağlı dəfələrlə öz çıxışlarınızda qeyd etmisiniz. Müstəqil mətbu orqan olaraq “Xural” Media Qrupu internet resurslarında bu istiqamətdə fəaliyyətini davam etdirib.

Əvəz Zeynallının Xural TV-nin youtube kanalında yayımlanan “Siyasət Meydanı” verilişində istər Tərtər cinayətləri, istərsə də məmur özbaşınalıqları ilə bağlı müəllif çıxışları olub. Onun Tərtər cinayətləri ilə bağlı apardığı araşdırmalar, şikayətçi və zərərçəkmişlərin müsahibələri zamanı ortaya çıxardığı faktlar başda Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla bir neçə məmurun maraqlarına toxunub.

Diqqətinizə çatdırım ki, Əvəz Zeynallı ilə birgə həbs olunan Səda TV youtube kanalının əməkdaşı Elnur Şükürova Əvəz Zeynallıya qarşı yalan ifadə verməsi müqabilində azadlığa buraxılacağı vədi verilib, o bunu etməyəcəyini bildirdiyi zaman Şahin adlı şəxs tərəfindən təhdidlərə məruz qalıb. Həbsin hüquqi motivində bu günlər haqqında 14 il həbs olunması ilə bağlı hökm verilən “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədova da Əvəz Zeynallıya qarşı yalan ifadə verməsi müqabilində azadlığa buraxılacağı vədi verilib, lakin o aldadılıb.

Səlahiyyətlərinizdən istifadə edərək Əvəz Zeynallının istintaq müddətində heç bir ölkəyə getməyəcəyini və istintaqın işinə müdaxilə etməyəcəyini nəzərə alaraq, onun ev dustaqlığına buraxılmasını xahiş edirəm. İnanıram ki, ətrafınızda olan məmurların adınızdan istifadə edərək, cəmiyyətdə fəaliyyətinizlə bağlı mənfi fikir yaratmalarının qarşısını almaq və ədaləti bərpa etmək üçün belə bir addım atacaqsınız. Nəhayət, girovda saxlanılan bir müstəqil jurnalistin azadlıq hüququnu, ən əsası isə Ədaləti geri qaytaracaqsınız.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın