“Sənə evi, maşını, paltarı qayınatan alırsa, ailədə hansı hakimiyyətdən danışa bilərsən?!”

06, 01, 23
15:00

“Sənə evi, maşını, paltarı qayınatan alırsa, ailədə hansı hakimiyyətdən danışa bilərsən?!”


Sosial şəbəkə hesabında yazdığı statusa görə tənqid atəşinə tutulan tanınmış hüquqşünas Əkrəm Həsənov kişilərin ailədəki təşəbbüsü əldən verməsindən söz açıb. Ə.Həsənov sözügedən statusda kişiləri ailədə söz sahibi ola bilməməkdə və cılızlaşmaqda günahlandırıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm qeyd edib ki, hüquqşünas kiçik  məsələni böyük problemə çevirib:

“Əkrəm müəllim deyir ki, kişi ilə qadının hüququ bərabərdirsə, qadın əsgər getməlidir. Hərbçi, polis, prokuror, hakim olan qadınlar da var. Hətta ən ağır sahələrdə də qadınlarımız işləyir. Əsgər getmələri üçün gərək kişi sayı az ola, buna da hələ ehtiyac yoxdur. Analarımız oğul övladı dünyaya gətirib sevərək vətəni müdafiə etmək üçün göndərir. 

Sonra ad qoyma mərasimini qlobal problemə çevirib. Yəni ata, ana, nənə, babanın ad üstündə böyük bir problem yaratdığı hallar çox az olur. Bunlar kiçik hadisələrdir. Sevgi və hörmət olan ailələr nəvələrinə istədikləri adı qoyurlar”. 

V.Rüstəm bildiirb ki, hüquqşünas maraqlı bir məqamı qeyd edib ki, kişi ailədə hakimiyyəti itirib, ailə inistutu dağılıb. Müəllim cəmiyyətə diqqət etsə, görəcək ki, kişinin çoxunun pulu olsa belə varlı qayınata axtarır: “Sənə evi, maşını, paltarı qayınatan alırsa, ailədə hansı hakimiyyətdən danışa bilərsən?! Mümkünsüzdür! Ailədə iqtisadi güc kimdədirsə, hakimlik də ona məxsusdur. Əgər ailədə hakim olmaq istəyirsənsə, varlı qayınata fikrindən vaz keçib həyatını özün qurmalısan. Özün azadlığına hakim olmaq istəyirsənsə pulu özün qazanmalısan”. 

Psixoloq Ə.Həsənovun “Kişiləri rüşvət almağa qadınlar vadar edir” fikri ilə tamamilə razılaşmadığını qeyd edib:


“Rüşvət almaq və oğurluq xarakterə bağlı haldır və vərdişdir. Onun kişi və qadına aidiyyatı yoxdur. Qadın da kişi kimi azad doğulur. İnsanlar arasındakı bağlılıq qorxu və tələbatla olmur. Qadın kişini sevir və hörmət edirsə, onun qadağalarına ehtiyac duymadan nəyi edəcəyini, nəyi sevib, sevmədiyini bilir və ona uyğun davranır. 

Qadağa və “ipini çəkməklə” (çox kobud ifadədir qadın 4 ayaqlı deyil iplə bağlayasan) qadın və həyat yoldaşı idarə olunmur. Ən ağır və kəskin qadağalar insanlarda qisas hissi yaradır. Fürsət düşən kimi qadın ondan əvəzini çıxır. Hər bir anlaşılmazlıq, neqativ hərəkət, nəyi sevib-sevməmək danışılaraq həll edilməlidir”. 

Əsmətxanım RZAZADƏ 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın