Əliyev strateji hədəfləri elan etdi: Cənubi Qafqaz dəyişəcək

27, 12, 22
10:00

Əliyev strateji hədəfləri elan etdi: Cənubi Qafqaz dəyişəcək


Rəsmi Bakı müstəqil xarici siyasətində kimsəyə güzəştə getmək niyyətində deyil, əksinə, Azərbaycanın gələcəyə yönəlik maraqlarına doğru yalnız öz plan və proqramları üzrə hərəkət etməkdə qərarlıdır... Ermənistanın onilliklər boyu törətdiyi hərbi cinayətlərə, təxribatlara görə mütləq cavab verməli olacağı, beynəlxalq səviyyədə yalana bağlı erməni propoqandasının da iflasa uğradılacağı qətiyyən şübhə doğurmur...

Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu və bu regionda məhz rəsmi Bakının siyasi iradəsinin hegemon olduğunu artıq hər kəsə sübut edib. İndi Cənubi Qafqazın geopolitik məsuliyyəti bütövlükdə Azərbaycanın üzərindədir. Rəsmi Bakı bu regionun geoiqtisadi inkişaf perspektivlərinin reallığa çevrilməsində əsas geopolitik söz sahibidir.

Təbii ki, bu regionun inkişafı qarşısında müəyyən əngəllər də olmamış deyil. Xüsusilə də, Cənubi Qafqazda erməni separatizmi və terrorizmi regionun inkişaf perspektivləri qarşısında əsas problemlərin sırasında ön planda yer alır. Çünki məhz erməni separatizmi və terrorzmi regionda hərbi-siyasi gərginliyin mövcudluğuna səbəb olur, geoiqtisadi layihələrin icrasına çətinlik yaradır. Bu baxımdan, indi Azərbaycanın qarşısında Cənubi Qafqazı erməni separatizmi və terrorizmindən birdəfəlik xilas etmək kimi, önəmli bir hədəf dayanır.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında da bu hədəfin nə qədər böyük əhəmiyyət daşıdığı nəzərə çarpır. Azərbaycan lideri bu hədəfə çatmaq üçün atılması vacib olan addımları da açıq mətnlə anons edir. Prezident İlham Əliyev hesab edir ki, ilk növbədə beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərini gündəmə gətirmək vacibdir. Buna paralel olaraq, erməni propoqandasının onilliklər ərzində təbliğ etdiyi yalanları, uydurma iddiaları real tarixi faktlarla boşa çıxartmağa ehtiyac var.  

Məsələ ondadır ki, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarına iddia edən Ermənistanın əslində, tarixi ərazilərimizdə yaradıldığından məlumatlandırılması vacib şərtlərdəndir. Qərbi Azərbaycan İcmasının nəhayət ki, formalaşdırılaraq, bu istiqamətdə daha məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə fəaliyyət göstərməsi müsbət nəticələr verə bilər.

Azərbaycan Prezidentinin açıqlamalarında da vurğulanır ki, Ermənistandan qaçqın düşmüş həmvətənlərimizin doğma yurd-yuvalarına qaytarılması istiqamətində hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Onun fikrincə, bu məsələnin həlli məqsədilə prosesə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir: “Onlar bu qayıdış istəyinin və hüququnun beynəlxalq müstəvidə necə reallaşdırmaq lazım olduğunun yolunu bizə göstərəcəklər”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır:

“Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Azərbaycanlıların tarixi irsini tamamilə silmək istəsələr də, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr də bir daha göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Dövlət başçısı xatırladıb ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi ərazimiz olan Zəngəzuru da Azərbaycandan ayırıb, Ermənistana birləşdiriblər: “Bu, xalqımıza qarşı növbəti cinayətiydi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələr tuturdular. Digər tərəfdən, bu, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

 Əlbəttə ki, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması bir çox problemləri də həll etməyə imkan verə bilər. Hər halda, müasir informasiya texnologiyalarından istifadə etməklə, bunu etmək mümkündür. Azərbaycan liderinin də vurğuladığı kimi, 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürün indi tamamilə dəyişdirilməsinə nail olunması da bunu təsdiqləyir: “İnformasiya müharibəsi və İkinci Qarabağ savaşı onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə də bu məsələdə Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar təşkil olunmalıdır. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır”.

Göründüyü kimi, Prezident İlham Əliyevin bu açıqlaması əslində, müəyyən mənada, gələcəyə yönəlik fəaliyyət proqramı xarakteri daşıyır. Azərbaycan Prezidenti yalanlar və uydurma iddialar üzərində qurulmuş erməni propoqandasını məğlub etməyin, puça çıxartmağın real yollarını göstərir. Və həm də Azərbaycan dövlətinin gələcəyə yönəlik əsas siyasi-hüquqi hədəflərini anons etmiş olur.

Digər tərəfdən, rəsmi Bakının hazırda Azərbaycanın gələcək taleyi istiqamətində xüsusi proqram çərçivəsində qətiyyətli addımlar atmaqda olduğu da diqqətdən yayınmır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan-Ermənistan sərhədində keçirilən son hərbi əməliyyatlar ölkənin gələcəyə yönəlik təhlükəsizlik maraqlarının təmin edilməsinə hesablanmış addım idi. Bu hərbi əməliyyat nəticəsində Azərbaycanın tarixi şəhərləri hazırda artıq Azərbaycan ordusunun vizual nəzarəti altındadır: “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik, Göyçə gölünü də binoklsuz görürük”.

Rəsmi Bakı hazırda Azərbaycanın təhlükəsizlik maraqları baxımından, siyasi iradə və prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin “Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq” deməsi, Azərbaycan dövlətinin yalnız bu günün deyil, həm də yaxın gələcəyin çağırışlarına indidən hazırlaşdığını göstərir və Ermənistanda revanşist qüvvələrin baş qaldırmaqda olduğu bir şəraitdə bu, olduqca vacibdir: “Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq, normal düşüncəyə malik olan qalmayıb. Ona görə də onlar revanş fikri ilə yaşayırlar. Yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək, yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”. 

Təbii ki, rəsmi Bakı belə qətiyyətli və konseptual qərarlarla Ermənistanın xarici himayədarlarını mümkün qədər bloklamağa çalışır. Azərbaycan öz maraqlarının ön planda olduğu yerdə heç bir xarici siyasi iradə mərkəzinin mövqeyi ilə hesablaşmaq niyyətində deyil. Azərbaycan liderinin “Heç kim bizə təsir göstərə bilməz” deməsi də, əslində, birbaşa Ermənistanın xarici himayədarlarına xəbərdarlıq mesajıdır.

Maraqlıdır ki, Prezident İlham Əliyev Ermənistanın xarici himayədarlarının Azərbaycana təzyiq göstərmək cəhdlərinə necə reaksiya verildiyini təxmin etmək imkanı yaradır: “Hansısa zənglər, bəyanatlar ola bilər. Ancaq onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz həmin zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.

Belə anlaşılır ki, rəsmi Bakı Azərbaycanın müstəqil xarici siyasətində kimsəyə güzəştə getmək niyyətində deyil. Əksinə, Azərbaycan gələcəyə yönəlik yalnız öz plan və proqramları üzrə hərəkət etməkdə qərarlıdır. Rəsmi Bakının bu mövqeyi Ermənistanın onilliklər boyu törətdiyi hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalacağını düşünməyə əsas verir. Xüsusilə də, Azərbaycan liderinin Cənubi Qafqazın gələcək taleyini tamamilə dəyişə biləcək hədəflərin anonsunu indidən anons etməsi Ermənistanın hərbi-siyasi təxribatlarının, pozuculuq fəaliyyətinin, regionada erməni separatizminin və terrorizminin sonuna o qədər də çox qalmadığını təsdiqləyir.

Elçin XALİDBƏYLİ,

Siyasi ekapert,

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın