Şamaxı Rayon İcra başçısı Tahir Məmmədov Rəcəbovlar ailəsinə məxsus problemi həll etməyə cəhd göstərmir - FAKT

Manşet / Region
 5-12-2022, 13:00     785


Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında cənab Tahir Məmmədov, Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, hələ də aidiyyatı qurumlara heç bir tapşırığını verməyib   

Bəlkə də, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndində baş torpaq sürüşməsi hadisəsinin yaratdığı fəsadların nəticələri, 2019-cu ilin fevralında bu rayonda və ətraf ərazilərdə baş verən zəlzələnin əmələ gətirdiyi fəsadların nəticələrindən heç də geridə qalmır. Söz yox ki, hər iki hadisə fövqəladə hadisə olduğundan, bu hadisələrin qarşılığında vətəndaşlara dəyən ziyanın aradan qaldırılması dövlətimizin üzərinə düşən əsas vəzifələrdəndir. Sual oluna bilər ki, görəsən baş verən bu təbiət hadisələrindən sonra hər kəsin üz-üzə qaldığı zərər tam şəkildə aradan qaldırıldımı?

Yəni, vətəndaş məmunluğu özünü doğrulda bildimi? Əsla yox! Çünki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də həll olunmayıb. Qeyd edək ki, 2014-cü ildən bu ailənin üzvləri onlara qarşı düzülüb-qoşulan haqsızlıqla bağlı bir çox dövlət qurumlarını məlumatlandırsalar da, bu gün də ortada heç bir nəticə yoxdur.

Deyəsən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsas işi, göndərilən məktublara şablom xarakterli cavablar verməkdən ibarətdir

Ortada olan yalnız və yalnız cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən şablom xarakterli cavabların varlığıdır. Diqqət yetirmək lazımdır ki, bu dövlət qurumu ictimailəşdirilən bir çox problemlərlə bağlı əməli addımlarını atmaq əvəzinə, istər PA-dan, NK-dən, istərsə də Nazirliyin özündən göndərilən məktublara başdansovdu cavablar verməklə məşğul olur və bununla da qarşı tərəf öz işlini bitmiş hesab edir.

Amma, bu heç də belə deyil! Faktdır ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üzərinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirmədikcə, yerlərdə vətəndaş narazılığı baş qaldırır, insanların dövlət qurumlarına olan inamı heçə enir. Bu sırada Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının fəaliyyətsizliyi də, heç də diqqətdən kənarda qalmayan məsələlərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Nadir oğlu Məmmədov, bugünə qədər bir neçə dəfə ictimailəşdirdiyimiz, əksər dövlət qurumlarını məlumatlandırdığımız bu problemlə bağlı hələ də susmaqda davam edir.

Faktdır ki, bu gün o, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında Şamaxı RİH-nin başçısı vəzifəsini daşıyır. Deməli, RİH-nin başçısı vəzifəsini daşıyan Tahir Məmmədov, bu gün Şamaxı rayonu ərazisində baş verən, yaxud da gələcəkdə baş verə biləcək problemlərlə bağlı məsuliyyət daşıyır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemlərin incəliklərini, ötən yazılarımızda bir neçə dəfə tam çılpaqlığı ilə ictimailəşdirmişik.

Mərhum Yadigar Rəcəbovun ailə üzvlərini üç dövlət qurumunun əməkdaşları “düzdə qoyurlar”

 Yəni, yazıb qeyd etmişdik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə dair məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olunur. Həmin vaxt Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərin fərdi yaşayış evləri ilə bağlı tərtib olunan ilkin siyahıda, Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən sakinlərə paylanır. Evlər ailələrə paylanarkən, Şamaxı RİH Aparatından Yadigar Rəcəbova da zəng olunur və ona qeyd olunan əraziyə gəlməsi bildirilir.

Telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin  gözləri önündə “Evlər o siyahı üzrə deyil, mənim əlimdə olan siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur.

Rəcəbovlar ailəsi üzvlərinin adları ilkin siyahıdan niyə çıxarılır?

Mərhum Yadigar Rəcəbovun övladları redaksiyamıza çatdırdıqları məlumatlarda bildirirlər ki, “2014-cü ildə atamız Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, ailə üzvlərimizin adları ilkin siyahıdan çıxarılır.

 Az sonra isə, bizim ailəyə verilməli olan evi Şamaxı RİH-nin əməkdaşları hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər”. Məsələnin diqqəti cəlb edən halı odur ki, Rəcəbovlar ailəsinin üzvlərinə qarşı belə bir haqsızlıq baş verdiyi üçün, Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizələri və teleqramlar göndərir. Bu şəxsin atdığı belə bir addımdan üç gün sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailəni Şamaxı RİH əməkdaşları həmin evdən çıxarırlar və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan başqa bir məlumata görə, (Yadigar Rəcəbov 05-008-2022-ci il tarixdə rəhmətə gedib. Allah rəhmət eləsin!) dünyasını dəyişdikdən bir neçə gün sonra, 2014-cü ildə evdən çıxarılmış ailə Şamaxı RİH-nin əməkdaşları himayədarlığı ilə təkrar həmin evə yerləşdirilir.

2014-cü ildə Yadigar Rəcəbov RİH əməkdaş(lar)ının “bığının altından” keçmir, ona görə də olmazın oyuna düşürlər

Bütün bunlar onu söyləməyə əsas verir ki, Rəcəbovlar ailəsi üzvlərinin 2014-cü ildən belə bir problemlə üz-üzə qalmalarının kökündə, məhz RİH-də vəzifə sahibi olan şəxslərin günahı olduqca böyükdür.  Bundan əlavə, həmin ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin qol qoyduqları saxtakarlıq da, məhz bu ailənin üzvlərini fərdi yaşayış evi əldə etmək hüququndan məhrum edir. Belə bir haqsızlıqların baş verməsinə əsas səbəb, Yadigar Rəcəbovun evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçməməsi olur.

Çünki, dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərə 2014-cü ildə yeni fərdi yaşayış evləri verilərkən, 47 ailədə olan şəxslərin ailə üzvləri RİH tərəfindən “toskı”ya otuzdurulur. Yəni, hər ailədən müəyyən məbləğdə “şirinlik” tələb olunur. Söz yox ki, səslənən belə bir ittiham dolaşan söz-söhbətlərdəndir.

Səbəb nədir ki, Şamaxı RİH-nin başçısı özünə qarşı inamsızlıq yaradır?

Hörmətli oxucular! Biz bir media qurumu olaraq Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi bir neçə dəfə ictimailəşdirmişik və bu problemin əmələ gəlməsi səbəbləri haqda redaksiyamıza daxil olan məlumatları həm geniş ictimaiyyətin diqqətinə, həm də aidiyyatı dövlət qurumlarına çatdırmışıq. Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, rəhbərlik etdiyi rayonun Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, aidiyyatı dövlət qurumlarına heç bir tapşırığını vermir.

Niyə, hələ ki, bu bəlli deyil! Axı, Şamaxı RİH-nin başçı səlahiyyət sahibi olan şəxsdir və o, 2014-cü ildə Rəcəbovlar ailəsinə qarşı düzülüb-qoşulmuş haqsızlığın araşdırılması üçün, bu gün hüquq-mühafizə orqanlarına lazımi tapşırıqlarını verə bilər. Əgər bu problemin əmələ gəlməsi səbəbləri araşdırılıb əsl həqiqətlər üzə çıxarılarsa, o halda hər kəsin, o cümlədən Yadigar Rəcəbovun ailə üzvlərinin də rayon rəhbərliyinə olan inamı daha da artar.

Ölkə rəhbərinin verdiyi tapşırıqları cənab Tahir Məmmədov necə yerinə yetirir?

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir.

Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən  Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, bu qədər yazıların qarşılığında RİH başçısının mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə qarşı göstərdiyi sayğısızlıq, məhz qeyd olunanları tam şəkildə sübut etməyə əsas verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841