Tarixi ZƏFƏR: Ədalətin və qətiyyətin təntənəsi

07, 11, 22
13:00

Tarixi ZƏFƏR: Ədalətin və qətiyyətin təntənəsi


Müstəqil Azərbaycan özünün siyasi tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Artıq bir neçə gündür ölkə bayram ovqatı ilə çalxalanır, cəmiyyət BÖYÜK ZƏFƏRin ikinci ildönümünü qeyd etməyə hazırlaşır. Təqvimə qanla yazılan bu rəqəm təkcə tarix deyil, həm də qəhrəmanlıq salnaməsidir.

Azərbaycan xalqı həmişə Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkib. İyirminci əsrin əvvəllərindən başlayan təcavüzkar siyasət yüz ildən artıq bir dövrü əhatə edir. 

Ötən əsrin 80-ci illərinin ortalarından SSRİ-də başlayan “yenidənqurma hərəkatı” ermənilərin məkrli niyətinin üzə çıxması üçün bir vəsilə oldu. Düşmən Qarabağda seperatizm toxumları səpərək Azərbaycanın bölünməsi istiqamətində əməli fəaliyyətə keçdi. 

Sovet İttifaqı KP MK-nın baş katibi Mixail Qorbaçov və onun yaxın ətrafının açıq dəstəyilə fəaliyyət göstərən ermənilər Kremlin himayəsi nəticəsində Azərbaycan torpaqlarında əkdikləri seperatizm toxumunu əməlli-başlı “cücərdə” bildilər. SSRİ-nin dağılması və Azərbaycana siyasi cəhətdən yetkin olmayan təcrübəsiz insanların rəhbərlik etməsi bu prosesi bir qədər də sürətləndirdi. 

1991-ci ildən başlayan, 92-ci ildə daha geniş vüsət alan işğal siyasəti Azərbaycan torpaqlarının itirilməsi ilə müşayiət olundu. Bu siyasət Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin hakimiyyətə dönüşü və dağılmış, pərakəndə halda olan iqtidar komandasını yeniləyərək ölkənin idarəçiliyini tam nəzarətə götürməsinə qədər davam etdi.  

Müdaxilə üçün artıq çox gec idi. Azərbaycan nəinki Qarabağın dağlıq hissəsini, 6 rayonla yanaşı, böyük strateji əhəmiyyətə malik olan Kəlbəcər və Laçının da işğalı ilə barışmışdı. Heydər Əliyevin əzmi və qətiyyəti sayəsində Horadiz qəsəbəsi və Füzulinin 10-dan artıq kəndi işğaldan azad olunsa da, hərbi strukturun dağıdılmış vəziyyətdə olması azadetmə əməliyyatlarını davam etdirməyə imkan vermədi.

Azərbaycanın işğal siyasətilə barışmayacağının anonsunu əvvəl Ulu Öndər Heydər Əliyev, sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyev vermişdi. 2016-cı ildə həyata keçirilən Aprel döyüşləri təkcə düşmənə verilmiş mesaj deyil, həm də ciddi xəbərdarlıq idi.

Nəhayət, tarixi an yetişdi. Azərbaycan torpaqlarında təxribat törətməyə vərdiş etmiş ermənilərin budəfəki cəhdi cavabsız qalmadı. 2020-ci il sentyabrın 27-dən 28-nə keçən gecə düşmənin törətdiyi təxribatı dəf etmək üçün əks hücuma keçən Azərbaycan Ordusu yeni tarixi mərhələnin əsasını qoydu. 

Beləliklə, tarixə 44 günlük Vətən Müharibəsi kimi düşən əks-hücum əməliyyatı başladı. İndi Azərbaycan təkcə ermənilərlə deyil, həm də onların dünyadakı hamiləri ilə üz-üzə qalmışdı. Düşmənin Qarabağda ard-arda  sarsıdıcı məğlubiyyətlərlə üzləşməsi ermənilərin himayədarlarını daha da qəzəbləndirirdi. Başda Fransa prezidenti Makron olmaqla, bir çox böyük dövlətin başçısı, o cümlədən, aparıcı beynəlxalq təşkilatların rəhbərləri hərbi əməliyyatları dərhal dayandırmaq üçün Azərbaycana təzyiq edirdilər. 

Azərbaycan Prezidenti İlham Əliyev bu təzyiqlərə mətanətlə sinə gərərək düşmənin darmadağın olması üçün hərbi əməliyyatların davam etdirilməsindən çəkinmirdi. İlham Əliyevin 44 gün ərzində dünyanın ən nüfuzlu KİV-lərinin rəhbərlərinə və aparıcı müxbirlərinə verdiyi müsahibələr sayəsində informasiya blokadasını yarmaq mümkün olmuşdu. 

Azərbaycan Prezidentinin düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti sayəsində milli maraqlarımız təmin olunur, cəbhədəki qələbələr xarici siyasətdə qazanılmış diplomatik uğurlarla möhkəmləndirilirdi.

Uzun illər həsrətində olduğumuz qələbə yaxında idi. İndi hərbi əməliyyatları davam etdirmək, düşmənin bütün arsenalını sıradan çıxarmaq üçün qətiyyət nümayiş etdirmək zamanı idi. 

İlham Əliyev şəxsiyyəti, İlham Əliyev faktoru məhz bu tarixi məqamda öz sözünü dedi. Azərbaycan Ordusunun cəbhədə ard-arda əldə etdiyi parlaq qələbələr, diplomatik müstəvidə qazanılan uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. 

İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusunun, qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur komandir və əsgərlərimizin sayəsində qazanılmış qələbəni qorumaq mümkün oldu. Beləcə, noyabr ayının 8-ni tarixə Zəfər Günü kimi yazmağı bacaran Azərbaycan xalqının həyatında yeni, daha parlaq bir dövr başladı.

Zəfər bayramınız mübarək, Müzəffər Ali Baş Komandan!

Zəfər bayramın mübarək, Azərbaycan!

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın