Prezident Əliyevin siyasətində “ərəb dünyası” faktoru

04, 11, 22
18:00

Prezident Əliyevin siyasətində “ərəb dünyası” faktoru

Ərəb ölkələri ilə əməkdaşlığın ən yeni səhifəsi Azərbaycanın dövlət başçısının son Əlcəzair səfəri ilə açılmış oldu

Prezident İlham Əliyevin Əlcəzairin eyni adlı paytaxtında keçirilən Ərəb Dövlətləri Liqasının zirvə toplantısına dəvəti və Azərbaycan rəhbərinin tədbirdə çıxışı ölkəmizin bu zəngin, həm də dünya siyasətinə əhəmiyyəti təsiri olan bir qurumla əlaqələrinin yeni mərhələyə keçməsindən xəbər verir. 

Ərəb Liqası (əl-Cəmiyyə əl-Ərəbiyyə) Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılıb. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür. Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var.

Yaxın gələcəkdə bu əməkdaşlıq genişlənəcək və yeni dinamika alacaq. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı illəri ərzində ərəb dövlətləri, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər ölkəmizin haqq işini dəstəkləyib ki, Prezident İlham Əliyev çıxışında bunu məmnunluqla vurğulayıb. 
dddddddddddddddd.jpg (445 KB)
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasətində müsəlman ölkələri, xüsusən də Yaxın Şərq dövlətləri ilə əlaqələrin inkişafı prioritet təşkil edib. Bu da təsadüfi deyil. Çünki müsəlman ölkələrlə tarixi, mədəni-dini bağlar, coğrafi bağlar var. Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün təbii müttəfiq olaraq müsəlman ölkələri ilə əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edirdi. Çünki müsəlman ölkələri həm Qoşulmamam Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ilə yaxşı əlaqələr qurub. 

Bu əlaqələrin qurulmasının iki əsas faydası var. Birincisi, bu ölkələrlə əlaqələrin qurulması beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarının təmin olunması, səsvermələrdə lazımı dəstəyi almaq baxımdan vacibdir. Hər ölkə bir səs deməkdir, bəzən dost ölkələrin daha böyük dəstəyi olur. 

İkincisi, yayılmış yanlış stereotipin əksinə olaraq müsəlman ölkələrində güclü erməni diasporu və böyük icmaları mövcuddur. Bir çox ölkələrin Ermənistanla əlaqələr var. Suriya, Livan, İraq, Misir, habelə Şimali Afrikanın bir sıra ölkələrində güclü erməni lobbisi mövcuddur. Hətta bəzi körfəz ölkələrində güclü erməni lobbisi var. Bu lobbilərin fəaliyyətini neytrallaşdırmaq, Azərbaycana qarşı daxildə və xaricdə alınan qərarlara təsir etmək üçün bu ölkələrin hökumətləri ilə əlaqələrin yaxşı qurulmasına ehtiyac var. Çünki Azərbaycanın bir çox ərəb ölkələrində diasporu ya çox zəifdir, ya da ictimai fəaliyyətləri yox kimidir.

Bu məsələdə iş hökumətin üzərinə düşür. Xüsusən də son 15 ildə müsəlman-ərəb ölkələri ilə aparılan işlər, İƏT, Ərəb Liqası və Qoşulmama Hərəkatında Bakının apardığı aktiv iş, təşkilat xətti ilə İƏT çərçivəsində görülən işlər, habelə ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı nəticəsində son illərdə ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələr inkişaf edib, hətta çox güclü erməni diasporunun mövcud olduğu ölkələrdə belə Azərbaycanın maraqları nəzərə alınıb. 
667.jpg (32 KB)
2020-ci il 44 günlük müharibə zamanı İƏT və bir çox müsəlman və ərəb ölkələrinin Azərbaycanı dəstəkləməsi bunun bariz nümunəsidir. 

Azərbaycanın ərəb ölkələri münasibətlərin yaxşılaşdırması iqtisadi-ticari, xüsusən də enerji sahəsində imkanların genişlənməsinə xidmət edir. Ərəb ölkələri OPEC və OPEC+ qrupunda aparıcı söz sahibidir. Qlobal enerji bazarında bu ölkələrin mövqeyi mühüm təsirə malikdir. Bir enerji ölkəsi olaraq Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşması Bakının neft-qaz ixracı siyasətinin daha sağlam qurulmasına xidmət edir. 

Digər tərəfdən, neftlə zəngin ərəb ölkələri həm də güclü investorlarlardır. Azərbaycana ərəb sərmayəsi və turistlərini cəlb etmək Azərbaycan üçün ciddi fayda verir. Son illərdə, xüsusən də pandemiyaya qədər Azərbaycan xüsusən də körfəz ölkələrindən böyük həcmdə turist kvotası cəlb edə bilib ki, bu da ölkə iqtisadiyyatında yeni də olsa, perspektivli sahəyə çevrilib.

Nəhayət, ərəb ölkələri ilə əməkdaşlığın ən yeni səhifəsi Prezident İlham Əliyevin sonuncu Əlcəzair səfərində açılmış oldu. Azərbaycan prezidenti yeni bir əməkdaşlıq istiqaməti açdı: ərəb diasporu. 
999.jpg (241 KB)
İlham Əliyev Əlcəzairə səfəri zamanı bu ölkənin tarixində baş vermiş müstəmləkə işğalı və qırğınlara vurğu etməsi ərəb dünyası ilə əlaqələrdə yeni perspektiv idi. Azərbaycan dövlət başçısı Əlcəzairdə xatirə dəftərində yazdığı ifadə bir tərəfdən tarixdə baş verən bəşəri cinayətlərə səssiz qalmamaqla yanaşı, digər tərəfdən, Azərbaycana qarşı açıq şəkildə beynəlxalq səviyyədə təzyiq siyasəti aparan Fransa hakimiyyətinə göndərmə idi.

Əlcəzairdə 60-70 il əvvəl baş vermiş hadisələr Fransa tarixinin ən utancverici səhifələrindən biridir. Bunu prezident Makron və digər Fransa rəsmiləri dəfələrlə etiraf edib.  

İlham Əliyevin Əlcəzairdə bu incə nöqtəyə toxunması Makrona Qarabağ və erməni mövzusunda sərt cavab olmaqla yanaşı, Fransada güclü olan ərəb-əlcəzairli diasporuna jest kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, Fransada əlcəzairli icması  hətta erməni icmasından da qat-qat güclüdür…

Kənan Rövşənoğlu

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın