Xəngəl havası: Dietoloq bu xörəyin təhlükələrini sadaladı

10, 09, 22
14:00

Xəngəl havası: Dietoloq bu xörəyin təhlükələrini sadaladı


Azərbaycanda havanın soyuması ilə xəmir xörəkləri, xüsusən də xəngəl yemək trend halına çevrilib. Artıq sosial şəbəkələrdə tez-tez “Xəngəl havasıdır” postlarına rast gəlinir. 

Mövzu ilə bağlı danışan dietoloq Məhsəti Hüseynova xəmir xörəklərini orqanizm üçün təhlükə mənbəyi hesab edir. Onun sözlərinə görə, belə yeməklər karbohidratlarla zəngindir:

“Gün ərzində insanların enerjili olması üçün təbii ki, karbohidratlara ehtiyac var, amma “karbohidrat” dedikdə, əsasən, orqanizmimizə zərərli olmayan faydalı karbohidratları düşünməliyik. Bu da meyvə-tərəvəzin, çərəzlərin tərkibində olan və bişirilmiş yeməklərin tərkibində olanlardır. 

Əlbəttə, xəmir yeməkləri sırasında xəngəl ən çox istifadə olunandır. Buna makaronları və digər xəmir tərkibli qidaları aid edə bilərik ki, bu da düzgün miqdarda və xüsusilə günün birinci yarısında qəbul edilməlidir. Bu vaxt qəbul etsək, gün ərzində həmin yemək enerjiyə çevriləcək, amma 150-200 qramı keçməmək şərti ilə. 

Həftədə istifadə edəcəyimiz enerjiyə görə bunun sayını müəyyənləşdirə bilərik. Əgər oturaq iş rejimində çalışırıqsa və az hərəkətliyiksə, işdən sonra bu xörəyi yemək zərərlidir”.

Dietoloqun sözlərinə görə, oturaq iş rejimində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün xəngəl kimi çox yağlı və kalorili yeməklərin qəbulu ziyanlıdır:

“Adətən, bu yeməyi yığışıb işdən sonra yeyirlər və xəngəli turşu və spirtli içkilərlə birlikdə qəbul edirlər. Bu zaman o həm çətin həzm olunur, həm də mədə-bağırsaq sistemini pozur. Xəmir yeməkləri uzun müddət bağırsaqlarda yapışıb qalır, bundan başqa xəmir yeməkləri qluten tərkibli olduğuna görə şişkinliyə, köplüyə səbəb olur. Bu qidaları xüsusilə qarışıq şəkildə qəbul etdikdə vəziyyət daha təhlükəli olur. Ona görə də yalnız naharda və az miqdarda və əlavələrsiz yeyilməlidir. 

Xəngəldə, adətən, yağlı soğan qovurması, yaxud ət qovurması olur. Bu şəkildə qəbul etdikdə xəngəlin kalorisi 2-3 qat artır. Bu qədər kalori enerjiyə çevrilmədikdə piy şəklində toplanır və gələcəkdə qaraciyər piylənməsinə qədər gətirib çıxarır”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın