Prezident Zəngilanın gələcək inkişafının “yol xəritəsi”ni təqdim etdi

06, 05, 22
12:00

Prezident Zəngilanın gələcək inkişafının “yol xəritəsi”ni təqdim etdi


Zəngilan bölgənin turizm, loğistika mərkəzlərindən birinə çevriləcək

Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu rayonun turizm, iqtisadi, sənaye potensialı barədə də fikirlərini bildirib.

Prezident deyib ki, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq: “Zəngilan rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır.

Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük  sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni hotellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir.

Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar”.

Ekspertlər də hesab edir ki, Zəngilan ölkəmizin turizm potensialı yüksək olan rayonları sırasında ön yerlərdən birini tutur. Zəngilanın bu potensialından səmərəli istifadə olunması bu rayonun əhalisinin orada yaşayışına ciddi şəkildə müsbət təsir etməklə yanaşı, ölkənin turizmdən əldə etdiyi gəlirlərini də artırmış olacaq.
Zəngilan hava limanı belə olacaq – FOTO - FED.az
Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək

Zəngilan təbii gözəllikləri, əlverişli coğrafi mövqeyi, bölgədə yerləşən dağ silsilələri, özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri ilə fərqlənir. Ərazisi çay dərələri ilə parçalanaraq meydana gələn dərin dərələrlə zəngindir.

Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Besitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur. 1974-cü ildə qurulan Besitçay Milli Parkında nadir ağaclar mövcuddur. Bütün bunlar bölgənin turizm potensialının bir göstəricisidir.

Dövlət Turizm Agentliyi rəsmilərinin bu ilin 23 fevralında keçirdikləri mətbuat konfransında azad edilmiş ərazilərdə hazırlanan turizm strategiyası ilə bağlı verdikləri açıqlamalarda bildirilir ki, Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımi infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək. Qeyd olunub ki, ekoturizm, aqroturizm, qış turizmi, təbiət turizmi və sağlamlıq turizmi ilə bağlı işlər görülə bilər. Kəlbəcər və Zəngilanda sağlamlıq turizmi ilə bağlı xüsusi potensial var, amma turizmin inkişaf konsepsiyası hazırlanandan sonra göstəriləcək ki, hansı regionda daha çox hansı turizm nəzərdə tutulur.

Yaxın zamandan bölgə canlanacaq, termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa ediləcək, o cümlədən müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilərdə dini-ziyarət turizm növləri, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil olunacaq.
İlham Əliyev Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Prezident İlham Əliyevin Zəngilan rayonunun iqtisadi potensialı haqda fikirləri də bu rayonun iqtisadi cəhətdən xüsusi seçilən rayonlarımızdan birinə çevriləcəyinə əminlik yaradır. Prezident qeyd edib ki, Zəngilan həm İranla, həm Ermənistanla həmsərhəd rayondur, həmçinin  Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq.

Çünki Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisindən keçir, - mart ayında müvafiq memorandum imzalanmışdır, - eyni zamanda Ermənistan ərazisindən də mütləq keçməlidir. Prezident bu yolun Ermənistan ərazisindən də keçəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı deyib ki, Zəngilanın ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir. Təbiətin qorunması, əlbəttə ki, ön planda olmalıdır.

Nəhəng iqtisadi sənaye potensialı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  “Yeni Müsavat”a deyib ki, Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Azad edilmiş rayonlarımız sırasında əhalinin ilk olaraq məhz Zəngilan köçürülməsinin nəzərdə tutulması təsadüfi deyil. Zəngilanın coğrafi mövqeyi, faydalı qazıntı yataqları bu rayonun ölkəmizin iqtisadiyyatında xüsusi payı olacağını şübhəsiz edir: “Zəngilan müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır.

Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.

Zəngəzur dəhlizinin, Zəngilan hava limanının da böyük strateji əhəmiyyəti olacaq. Həm Zəmgəzur dəhlizi, həm də hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşımalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək".
Zəngilan nəylə zəngindir?
Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur.

Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağı, ehtiyatları 6 milyon 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 milyon 24 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 milyon 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. “Vecnəli” yatağından istifadə ilə ölkəmizin mineral resurslar ixracını daha da artıracaq. Daxili tələbin qarşılanmasında da Zəngilan rayonunun təbii sərvətləri əhəmiyyətli rol oynayacaq".

AZƏRBAYCANREALLIĞI.COM   



Bizimlə əlaqə saxlayın