Kamil Musəvi: Polad Həşimov dedi məni şərləyib başqa tədbirlər görmək istəyirdilər - ŞOK İDDİA

21, 04, 22
12:00

Kamil Musəvi: Polad Həşimov dedi məni şərləyib başqa tədbirlər görmək istəyirdilər - ŞOK İDDİA


Tanınmış Qarabağ qazisi Kamil Musəvi sosial şəbəkədəki hesabında şəhid general-mayor Polad Həşimovla bağlı sensasiyalı iddia ilə çıxış edib. "Azərbaycan Reallığı" xəbər verir ki, Polad Həşimovla eyni hərbi birlikdə xidmət etmiş qazi, vaxtilə bəzi şəxslərin generalı şərləmək istədiklərini iddia edib.

Kamil Musəvi bununla bağlı yazıb:

“Bir neçə ay bundan öncə Polad Həşimovla bağlı yazıb demişdim ki, zaman gələcək, o insanın mənə dediklərini sizlərlə bölüşəcəm. Bu da həmin zaman. Tərtər hadisələrinin yenidən araşdırılması Polad komutanın dediklərini sizinlə bölüşməyə imkan verdi..
 
General Polad Həşimov mənim xidmət etdiyim korpusun qərargah rəisi olmuş və yaralanandan sonra medalımı da şəxsən özü təqdim etmişdi. “Aprel döyüşləri” bitəndə Polad Həşimovun yerini Şəmkir korpusuna dəyişdirmişdilər. Günlərin birində komutanla Qazaxda görüşdük və ona “Aprel döyüşləri” haqqında mənə qaranlıq qalan bir çox suallar verdim. Polad Həşimov bütün suallarımı cavablandırandan sonra ağlımda olan son sualı da verdim. Dedim:

- Komutan, bu qədər qəhrəmanlıqdan sonra sizi niyə yüksək vəzifəyə yox, bura, eyni vəzifəyə göndərdilər?

Polad Həşimov gülərək cavab verdi:

- Yüksək vəzifə nədir, hələ məni şərləyib başqa tədbirlər görmək istəyirdilər. Bəzi yüksək rütbəlilər döyüşdə etdiyim uğurlu əməliyyatları, guya etməmişəm kimi üzərimə yıxmağa çalışırdılar. Mən də onları yaxşı tanıdığımdan döyüş meydanında bir çox əməliyyatların videoçəkilişini etmişdim. O çəkilişləri göstərəndən sonra, heç nə edə bilməyəcəklərini başa düşüb, məni yanlarından uzaqlaşdırdılar və bura göndərdilər. Mən də ərizəmi yazmışam, ehtiyata çıxacam.

Komutanın ərizə yazdığını eşidəndə heyfsilənərək dedim:

- Sizin kimi komandirlər getsə, bəs biz kimlərə baxıb örnək alacağıq?

O da mənə, "neyləyim Kamil, bunlarla xidmət etmək heç cür mümkün olmadı" dedi.

 
Polad Həşimov kimi insana qarşı belə adımların atıldığının şahidi olandan sonra, Tərtər hadisəsinin də bir qurma iş olduğunu anladım. Başa düşdüm ki, bu hadisəni təşkil edənlərin məqsədi döyüşdən qalib çıxan ordunu cəmiyyətə xain kimi təqdim edərək, gözdən salmaq və şəxsi heyətin döyüş ruhunu sındırmaq idi.

Düşünürəm ki, əgər bu olaylar dəqiq və dürüstlüklə araşdırılsa, hadisənin altından rus agenturasının və onlara xidmət edən xainlərin barmağının olduğuna şahidlik edəcəyik”.

Qeyd edək ki, “Tərtər işi” adı ilə ictimailəşən hadisələr 2017-ci ildə törədilib.

Polad Həşimov

Baş Prokurorluğun məlumatına görə, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət etmiş bəzi hərbi qulluqçuların 2017-ci ildəki sorğulama prosesində fiziki və psixi işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması ilə əlaqədar cinayət işləri hazırda yenidən istintaq olunur. İstnintaqa prosessual rəhbərliyi baş prokurorun birinci müavini edir.

2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan 397 nəfər zərərçəkmiş şəxs kimi müəyyən edilib, şərlənmiş bir neçə hərbçiyə bəraət verilib.

Hərbi qulluqçulara işgəncə verməkdə təqsirləndirlən 7 nəfər Cinayət Məcəlləsinin  145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib, bir nəfər axtarışa verilib.

Tarixə “Aprel döyüşləri” olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi idi.

Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu.  Həmin döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi istiqamətindəki bəzi əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
 
Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidentinin 10 aprel 2016-cı il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Kamil Musəvi

2017-ci ildən isə Polad Həşimov 3-cü Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi vəzifəsindəxidmət edirdi.

2019-cu il iyunun 24-də Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.

Polad Həşimova  Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Şəhid general II Fəxri xiyabanda dəfn olunub.

Qarabağ qazisi, baş leytenant  Kamil Musəvi 2015-ci ildə Tərtər rayonundakı N saylı hərbi hissədə kəşfiyyat qrupu komandiri vəzifəsində xidmət edib. Həmin il oktyabrın 12-də gecə saatlarında cəbhənin Talış kəndi istiqamətində döyüş tapşırığına əsasən həyata keçirilən minatəmizləmə əməliyyatı yerinə yetirilən zaman bir gözü və ayağından ağır yaralanıb.

AZƏRBAYCANREALLIĞI.COM  


Bizimlə əlaqə saxlayın