Davamlı Qarabağ mitinqlərinə dair qərar verildi

18, 07, 18
19:03

Davamlı Qarabağ mitinqlərinə dair qərar verildi

Azerbaycanrealligi.com xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) mərkəzi ofisində Qarabağın azadlığı tələbi ilə keçiriləcək etiraz aksiyaları ilə bağlı yaradılmış Mitinq Komitəsinin növbəti iclası keçirilib və bir sıra vacib qərarlar qəbul edilib. İclasda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın başqanı Tural Abbaslı, Libera-Demokrat Partiyasının sədri Fuad Əliyev, ictimai xadim Əvəz Zeynallı, Qarabağ döyüşçüsü Vaqif Əlisoy, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı, İslam Partiyasının sədr müavini Akif Heydərli, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Felmar Ələkbərov, Klassik Xalq Cəbhəsi Partiyasının, Milli Demokrat Partiyasının təmsilçiləri və digərləri iştirak ediblər. İclas iştirakçıları hakimiyyət və beynəlxalq təşkilatların qarşısında Qarabağa azadlıq tələbinin daim gündəmdə saxlanılması, 21 iyul Qarabağ mitinqi, təşkilatlanmanın yolları və digər məsələləri ətraflı müzakirə edərək qərar qəbul ediblər. Qərarda göstərilir:

Qarabağın azadlığı tələbinin daim, davamlı, fasiləsiz gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin fasiləsiz olaraq keçirilməsi məqsədəuyğun hesab edilsin və avqust ayında Qarabağ Mitinqinin keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun. 21 iyul Qarabağ Mitinqinin keçirilməsi nəzərdə tutulan tarixdə, yəni 2018-ci il iyulun 21-də, saat 15:00-da partiyalardan birinin qərargahında Mitinq Komitəsinə daxil olan partiya, ictimai təşkilat, Qarabağ döyüşçüləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ Mitinqinə icazə verilməməsi və Qarabağın azadlığı naminə başlanan yeni ümumi hərəkat və tədbirlərlə bağlı məlumatın verilməsi üçün geniş toplantı keçirilsin. 21 iyul Qarabağ Mitinqinin keçirilməsi üçün yaradılan Mitinq Komitəsi daimi fəaliyyət göstərən quruma çevrilsin. QAT sədri, Mitinq Komitəsinin üzvü Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqıında” Qanununa görə müraciətimizə mitinqin təyin olunduğu tarixə ən az 3 gün qalmış cavab verməli idi. Bu gün həmin vaxt bitib. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla telefon əlaqəsi saxladıq, bizə heç bir cavabın olmadığını bildirdi. Biz bunu qanunlara hörmətsizlik kimi dəyərləndirir və məhkəməyə müraciət edəcəyimizi bildiririk.

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın