Türkiyə ABŞ-ın savaş təbliğatını iflasa uğradır: Ağ Ev qəzəbli, Rusiya və Ukrayna məmnundur

Manşet / Gündəm
 14-02-2022, 10:00     876


Türkiyə ABŞ və Qərbi dolayısı ilə Ukrayna ətrafında situasiyanı süni şəkildə gərginləşdirməkdə qınayır; Rəsmi Ankaranın hərbi əməliyyatların başlamayacağını elə Rusiyaya istinadla bəyanlaması ABŞ və Qərbin savaş propoqandasının yalan olduğunu ifşa edir...


Ukrayna ABŞ və Qərbin Rusiyaya qarşı qurduğu planların qurbanına çevrilir. Ukrayna ətrafında yaranmış böhranı məhz Ağ Evin davranışları və oyunları süni şəkildə indiki savaş durumuna gətirdi. Və bundan sonra baş verə biləcək hadisələrin həm Ukrayna, həm də dünya qarşısında beynəlxalq məsuliyyəti də məhz ABŞ-ın üzərinə düşəcək.

Rəsmi Kiyev sadəcə, Ukraynanın ərazi bütövlüyünü təmin etməyə çalışırdı. Ancaq ABŞ və Qərb Ukraynanı bu prioritet hədəfdən yayındırdı. Əvəzində, Ukrayna-Rusiya savaşına səbəb ola biləcək yeni və fərqli situasiya yaratdı. Ağ Evə sahibləndikdən dərhal sonra Kreml sahibini "qatil" adlandıran Qoca Co öz inadkar "Putin düşmənçiliyi" ilə Ukraynanı Rusiya ilə savaşın astanasına gətirdi.

Rəsmi Kiyevə Ukraynanın NATO-ya üzv qəbul ediləcəyi vəd olundu. Ancaq hamı bilirdi ki, bu vəd yerinə yetirilməyəcək. Çünki, NATO ərazi bütövlüyü ilə bağlı problemləri olan ölkələri öz sıralarına qəbul etmir. Sadəcə, Ukrayna ərazisində NATO hərbi bazaları yerləşdirməklə, Rusiyanı öz sərhədləri içərisinə qapatmaq niyyəti güdürdülər. Kreml də belə real təhlükəni bloklamaq üçün Ukrayna sərhədləri ətrafına hərbi qüvvə toplayaraq, NATO bazaları niyyəti ciddiləşərsə, bu ölkəni işğal edəcəyini bildirdi.
1219151_n996247rxm.jpg (73 KB)
Nəticə göz qabağındadır. Ukrayna Rusiyadan hər an hərbi müdaxilə gözləyir. Hər halda, ABŞ və Qərb belə bir təhlükənin tamamilə real olduğunu bəyanlayaraq, Rusiyanın 15 fevralda hücuma keçəcəyini iddia edir. Yəni, ABŞ və Qərb öz maraqları naminə israrla Ukraynanı Rusiyanın hərbi gücü qarşısına çıxarıb.

Ancaq nə qədər qəribə də olsa, hər imkanda Rusiyanı savaşa başlayacağı təqdirdə, sarsıdıcı cavab addımları atacaqları ilə hədələyən ABŞ və Qərb indi "strateji qaçış" ssenarisini işə salıb. Öz vətəndaşlarını Ukraynanı təcili tərk etməyə çağran Qərb ölkələrinin sayı artıq 35-ə çatıb. Üstəlik, bu ölkələrin mütləq əksəriyyəti öz səfirliklərinin fəaliyyətini də dayandırıb, Ukraynadan evakuasiya edirlər. Yəni, daha dəqiq desək, Ukraynanı Rusiya ilə təkbaşına buraxıb, qaçırlar.

Maraqlıdır ki, ABŞ və Qərb Ukraynaya müasir hərbi texnika göndərməkdə davam edir. Ancaq Rusiya ilə müharibədə Ukraynanı dəstəkləmək üçün hərbi kontingent göndərmək niyyətindən isə çox uzaqdır. Prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ öz əsgərlərinin həyatı ilə risk etmək niyyətində deyil. Yəni, rəsmi Kiyevə dolayısı ilə deyirlər ki, "Rusiya ilə müharibə situasiyanı yaratmışıq, silah da vermişik, daha nə istəyirsiniz, özünüz vuruşun".

Halbuki, Kreml israrla Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşmadığını bəyanatlayır. Rusiyanın davranışlarında müəyyən şübhəli və narahatlıq yaradan məqamlar olsa da, Kreml savaşa tam hazır görünmür. Üstəlik, Rusiya siyasi dairələrindən verilən açıqlamalarda yaranmış vəziyyətə görə daha çox ABŞ və Qərb ittiham olunur.
1620284075_111.jpg (62 KB)
Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova vurğulayıb ki, ABŞ artıq iki aydır, Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı qlobal təxribat kampaniyası aparır. Onun fikrincə, Ağ Ev sağlam düşüncəni və Ukrayna xalqını ələ salır: “Amma görünür, Ukraynanı tam dağıtmayana qədər əl çəkməyəcəklər”.

Maraqlıdır ki, rəsmi Kiyev də Rusiya ilə müharibədən yayınmağa üstünlük verməklə yanaşı, ABŞ və Qərbin savaş iddialarına qətiyyən güvənmir. Bu, Ukrayna prezidenti Volodemir Zelenskinin son açıqlamasında Rusiyanın hücuma keçəcəyi barədə xəbərə münasibət bildirib: "Savaşla bağlı 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin".

Belə anlaşılır ki, rəsmi Kiyev ABŞ-ın savaşın başlayacağı ilə bağlı iddialarindan ciddi şəkildə narahatdır. Üstəlik, rəsmi Kiyev həm ABŞ və Qərbə, həm də Ağ Evin iddialarına qətiyyən güvənmir. Bu, prezident V.Zelanskinin açıqlamasında birmənalı şəkildə nəzərə çarpır: "Mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir".

Göründüyü kimi, rəsmi Kiyev savaşlar bağlı iddiaları həm süni şəkildə şişirdilmiş, həm də Ukrayna üçün zərərli hesab edir. Rəsmi Kiyev hazırda Rusiya ilə savaşmağa deyil, məhz birbaşa siyasi-diplomatik təmasların qurulması ilə anlaşmağa daha meyllidir. Və bu, rəsmi Kiyevin nələrin baş verdiyinin fərqinə vardığını göstərir.
2fe61de9-599d-4b69-a23e-9c7965f40319.jpg (273 KB)
Halbuki, ABŞ və Qərb savaş propoqandasında israrlı mövqeyinə hələ də sadiqdir. Ağ Ev Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığı da olduqca gərgin atmosferdə keçib. Ağ Ev sahibi bildirib ki, Ukrayna ətrafında gərginlik yaranarsa, Rusiya ABŞ və onun müttəfiqləri ilə üz-üzə qalacaq: "ABŞ Ukrayna ətrafında istənilən ssenariyə hazırdır və Rusiya ilə diplomatik danışıqları hədəfləyir".

Amerikalı general Ben Hodjes isə ABŞ-ın Ukrayna böhranını həll etmək üçün Ağ Evin əlində olan daha təsirli mexanizmlərdən istifadə olunmadığı qənaətindədir. Onun fikrincə, ABŞ Rusiyanı dayandırmaq üçün Türkiyənin imkanlarından yararlansa, daha böyük uğur qazana bilər: "Türkiyə Montrö Konvensiyasına əsasən Rusiya donanmasının bölgəyə girişini məhdudlaşdıra bilər. Ancaq bunun üçün ABŞ əvvəlcə Türkiyəyə Rusiyanın aqressiv cavabı qarşısında tək buraxılmayacağına tam təminat verməlidir".

Təbii ki, Ukrayna böhranının nizamlanması prosesində Türkiyə faktoru həlledici rol oynaya bilər. Ancaq rəsmi Ankaranın bu məsələdə ABŞ-a güvənərək, Ağ Ev ilə eyni mövqedən çıxış edəcəyi qətiyyən inandırıcı görünmür. Hər halda, ABŞ və Qərbə güvənən Ukraynanın hazırda necə çətin duruma düşdüyünü, Ağ Ev tərəfindən demək olar ki, Rusiya ilə təkbaşına buraxıldığını rəsmi Ankara qətiyyən nəzərdən qaçırmaz.

Ona görə də, rəsmi Ankaranın Ukrayna böhranına münasibətdə ABŞ və Qərbdən fərqli mövqe tutaraq, müstəqil davranması qətiyyən təəccüblü deyil. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarında çaxnaşma yaratmamalıdır: "Rusiyanın Ukraynaya müdaxiləyə cəhd etməsi düzgün olmazdı. Qərb ölkələri Rusiyanı guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edirlər. Rusiya bunu qəti şəkildə inkar edir və heç kimə hədə-qorxu gəlmir. NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi də bütün bu ittihamlardan sonra baş verib".
erdogan-zelenski-kollaj.jpg (277 KB)
Göründüyü kimi, rəsmi Ankara ABŞ və Qərbi dolayısı ilə Ukrayna ətrafında situasiyanı süni şəkildə gərginləşdirməkdə qınayır. Üstəlik, rəsmi Ankara Rusiya siyasi dairələri ilə əlaqə saxlayaraq, Ukraynaya qarşı hərbi müdaxilə planının olub-olmadığı ilə maraqlanıb. Kremldən bildirilib ki, Rusiyanın belə bir niyyəti yoxdur və bir neçə gündən sonra savaşın başlayacağı ilə bağlı iddialar həqiqətdən uzaqdır.

Belə anlaşılır ki, rəsmi Ankara ABŞ və Qərbdən fərqli olaraq, savaşın olmayacağını elə Rusiyaya istinadla bəyanlayır. Bu, müəyyən mənada, ABŞ və Qərbin savaş propoqandasını iflasa uğratmaq anlamı daşıyır. Ona görə də, yaxın vaxtlarda ABŞ və Qərbin planlarının tamamilə pozulma ehtimalı daha inandırıcı görünür.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna böhranına münasibətdə ən doğru və realist mövqe tutan dövlət rolunda məhz Türkiyə çıxış edir. Rəsmi Ankaranın mövqeyi ABŞ və Qərbi ciddi şəkildə qıcıqlandırır. Ancaq hazırda Türkiyənin mövqeyindən həm Rusiya, həm də Ukrayna məmnun görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
 

AZƏRBAYCANREALLIĞI.COM