Ağlar günə qalan AĞSU - Başçı dəyişsə də, heç nə dəyişmir

10, 02, 22
12:00

Ağlar günə qalan AĞSU - Başçı dəyişsə də, heç nə dəyişmir


Bir neçə gün öncə saytımızda yer almış “Ağsuda Füzuli Kərimov hökmüranlığı: başçı kimdir?” başlıqlı yazıya Ağsu Rayon İcra hakimiyyəti nin rəsmi səhifəsi adından feyzbuk səhifəmizə cavab yazılıb. Cavabda bildirilir ki, yazıda Ağsu RİH vəzifəlilərinin fəaliyyəti haqqında qeyd olunan məlumatlar həqiqətə uyğun deyil və başçının vətəndaşları qəbul etməsi ilə bağlı məlumatları İH-nin rəsmi saytından əldə edək. Biz də cumhuriyyet.az olaraq Ağsu RİH-nin rəsmi internet səhifəsini bir daha varaqladıq.

Ağsu rayon İH-nin rəsmi internet saytının “xəbərlər” bölməsində hazırkı başçı Rövşən Bağırovun Ağsuya rəhbər təyin olunması haqqında Prezidentin sərəncamı 03.05.2021-ci il tarixində yerləşdirilib. Halbuki sərəncam 2021-ci ilin 29 aprelində verilib, amma nədənsə İH-nin saytında 4 gün sonra bu xəbər yer alıb. Bəlkə də ona görə ki, Rövşən Bağırov mayın 3-də Ağsuya gedib və 4-də ilk iş gününə çıxıb. Ola bilsin, bir neçə ay başçının səlahiyyətlərini icra edən birinci müavin Füzuli Kərimli Ağsuya kənardan başçı təyin olunacağını gözləmirdi, axı özü rayonun birinci şəxsi olmaq üçün kanallarını ciddi-cəhdlə işə salmışdı,güman ki, bu üzdən Rövşən Bağırov Ağsuya ayaq basandan sonra onun haqqındakı sərəncam İH-nin saytında yer alıb. Beləcə, F.Kərimlinin böyük arzusu çox böyüyə bilmədi, PA-nın dəhlizlərində soldu. Burdan belə nəticə çıxır ki, dövlət hər müavinə böyük səlahiyyətlər etibar eləmir və düz də edir. Çünki dövlət başçısının sərəncamına laqeyd yanaşan, öz tamahı naminə incik düşərək, yeni təyin olunmuş başçısına qeyri-ciddi yanaşan kadra strateji vəzifə həvalə edilməz.

Bununla bağlı cumhuriyyet.az olaraq digər maraqlı məsələyə də diqqət yetirək : Ağsu RİH-nin saytındakı “foto qalereya” bölməsinin “son tədbirlər” bölümündə yerləşdirilən şəkillər 2019-cu ilin payızında işdən çıxarılan Ənvər Seyidəliyevin zamanında çəkilən tədbir şəkilləridir. Mərhum Vahid Tağıyevi və hazırkı başçı Rövşən Bağırovu əks elətdirən şəkillər yalnız xəbərlər blokundadır. Görünür, bu da “Seyidəliyev sevgisi”ndən irəli gəlir.

Ağsu RİH-nin başçısı Rövşən Bağırovun vətəndaşları qəbul etməsinə gəlincə; saytı varaqlayanda görünür ki, adam başçı olduğu 9 ay müddətində cəmi 6 dəfə vətəndaş qəbulu keçirib. Əslində isə hər həftənin 5-ci (cümə) günü başçının qəbul günüdür və nəzərə alsaq ki, bu, ay ərzində 4 qəbul günü edir, onda 9 ay ərzində R.Bağırov vətəndaşların şikayətlərini ən azı 36 gün dinləməli idi. Diqqətə çatdıraq ki, 6 dəfə baş tutmuş qəbulun 2-si onlayn, 2-si fərdi və onlayn, 2-si isə fərdi olub. Digər tərəfdən, qəbulların 3-də Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri, digər 3-də isə qarışıq qəbul olub (əgər məlumatlar doğrudursa). Və s.

Sadalanan hallardan görünür ki, Ağsu RİH-də vətəndaşların varlığı, onların problemləri, qayğıları ciddiyə alınmır. Bütün bunlara rəğmən hələ Ağsu RİH mediaya irad da tutur ki, doğru məlumatları onların saytından əldə edək, vətəndaşlara inanmayaq. Təbii ki, biz media vı cumhuriyyet.az olaraq, vətəndaşların haqlı şikayətlərini ictimailəşdirməkdə israrlıyıq və növbəti yazıda Ağsuda aparılan kadr islahatlarından, o cümlədən yeyinti üsullarından bəhs edəcəyik.

Ağsu RİH-də vəzifə tutan kadrları incələyəndə də bəzi mətləblər ortaya çıxır. Belə ki, İH-də bir neçə il ərzində aparılan kadr yeniləmələrində vəzifədə kök atmış məmurların övladlarının, yaxud qohumlarının adları önə gəlir. Bir neçəsinin adını cumhuriyyet.az olaraq hallandırsaq, kifayət edər :

– Feyzullayev Sənan Nadir oğlu – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri. İH-dən qabaq ƏƏSMN-nin Ağsu şöbəsində “4 ayı mənim…” prinsipi ilə sosial yardım düzəldən aparıcı işçilərdən biri olub. Başçının keçmiş müavini, hazırda Barama qəbulu müəssisəsinin direktoru Elxan Abdullayevin qaynıdır;

– Hüseynov Vüqar İlqar oğlu – Hüquq şöbəsinin müdiri. Atası Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynovdur, əvvəllər Ağsu Torpaq şöbəsinin müdiri olub;

– Feyzullayev Rəvan Cavanşir oğlu – Memarlıq və tikinti şöbəsində baş məsləhətçi (mügəndis). Sənan Feyzullayevin qohumu olduğu bildirilir;

– Zülfüqarov Orxan Gülxan oğlu – Memarlıq və tikinti şöbəsində aparıcı məsləhətçi (mühəndis). Atası Zülfüqarov Gülxan uzun illərdir Ağsu Baytarlıq idarəsinin müdridir;

– Hüseynov Ceyhun Əli oğlu – İH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri. Atası Hüseynov Əli Abbas oğlu “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktorudur, uzun müddət xəstəxananın baş həkiminin birinci müavini və Ağsu YAP-ın sədri olub…

Və sairə.

Burdan aydın olur ki, Ağsunu elə köhnə məmurlar idarə eləyir və başçının ciddi islahatlar aparması “köhnələr”in iradəsi xaricində mümkünsüz görünür. Belə halda başçı özündən əvvəlki idarəetmə siyasətinə sadiq qalmaq məcburiyyətindədir. Məsələn: Bundan əvvəlki başçı Vahid Tağıyev ilk addımda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirini dəyişmişdi, Rövşən Bağırov da həmin şöbənin müdiri Orucov Mirqubadı işdən azad edərək, onu Məmmədov Elçin Abbas oğlu ilə əvəzlədi;

Ənvər Seyidəliyev ildə, iki ildəbir rayonun piyada səkilərinin örtük daşlarını dəyişdirirdi, çünki özünün karxanası vardı. Rövşən Bağırov da bu ənənəni pozmur, çünki ətrafı “köhnə yolgöstərənlərdi”. Amma bu dəfə başçı rayon mərkəzindən əlavə, Ağsu-Göyçay yolunun kənarına, – hansı ki, o yol rayonun qıraq hissəsidir və ordan piyadalar ümumiyyətlə istifadə eləmir, – bəzək daşları düzdürür. Lakin Ağsu-Padarçöl yolunun üzərində, Ağsu şəhərinə giriş hissədə mərhum başçı Vahid Vağıyevin inşasına başladığı, lakin yarımçıq qalan, şəhərin adının yazılması üçün nəzərdə tutulan tikili yada düşmür. Rayon rəhbərliyi 4 hərf tapıb, ora yapışdırtdıra bilmir. Hələlik başları bəzək daşlarına qarışıb, görünür, xeyir-bərəkət o istiqamətdədir. (cumhuriyyet.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın