Bazarda da bahalıq, yarmarkada da bahalıq... - Qiyməti kim müəyyən edir?

28, 12, 21
12:00

Bazarda da bahalıq, yarmarkada da bahalıq... - Qiyməti kim müəyyən edir?


Bayram ərəfəsində paytaxtda açılan yarmarkalardakı qiymətlərlə bağlı narazılıq var. Hətta onların market, bazar qiymətləri ilə eynilik təşkil etdiyini bildirənlər də var.

Bahalığın səbəb nədir?

Təqsirkar ptaxta arxasında dayanan kəndlidir, yoxsa hansısa işbaz? 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib ki, qiymət məsələsini fermer müəyyənləşdirir:

“Çünki məhsulun yiyəsi odur. Nə Kənd Təsərrüfat Nazirliyi, nə də heç bir digər dövlət qurumu qiymətə müdaxilə edir. Qiyməti məhsulun sahibi müəyyən edir. Nazirlik yalnız şərait yaradır ki, həm bolluq olsun, həm də fermer məhsulu sata bilsin”.

V.Hüseynov qeyd edib ki, qiymətə təsir edən faktorları müəyyən dərəcədə aradan qaldırılır:

“Əgər fermer adi qayda bazara getsə, bazarda yer almalı, yer pulu verməlidir. Üstəlik məhsulu Bakıya gətirməyin də nəqliyyat xərci var. Kənd Təsərrüfatı Nazirliyi daşımada kömək göstərir. Lazım olan avadanlıqların isə hamısı pulsuz verilir.

Əminliklə deyirəm ki, yarmarkalarda olan qiymət digər yerlərdən daha ucuzur. Ümumən məqsəd ucuzluq deyil, bolluq yaratmaqdır. Yəni bu, alternativ satış platformasıdır. 

Əgər yarmarkalarda qiymətlər yüksəkdirsə, niyə bu qədər məhsul satılır? Əksinə, ucuzdur deyə insanlar axın edirlər. Buna görə də bahalıq iddialarını qəbul etmirəm”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, qiymətləri dövlət tənzimləmədiyinə görə o, tələb-təklif qaydalarına, rəqabətli mühitə əsasən formalaşmalıdır:

“Dövlətin müdaxilə etmə ixtiyarı yoxdur. Elə yaxşı ki yoxdur. Çünki sovet dövründə dövlətin qiymətə müdaxiləsi piştaxtalardan məhsulların itməsi, növbə və kalon sisteminin yaranması ilə yadda qaldı. Ona görə dövlətin əsas işi rəqabətli mühitin genişləndirilməsi, fermerlər üçün əlavə xərclərin aradan qaldırılmasıdır”.

Ekspertin sözlərinə görə, fermerlərin birbaşa yarmarkaya çıxış əldə edə bildiyi araşdırılmalıdır:

“Dövlətin əsas işi fermerlərin, aqrar sahədə çalışanların birbaşa satışa çıxmasını təmin etməkdir. Bunun üçün müəyyən addımlar atmalıdır. O zaman yarmarkaların mənası olacaq. Mənfi xüsusiyyətlər aradan qaldırılmalıdır. Məsələn, hökumət bu ilin yanvar ayında dizel yanacağının qiymətini 34 faiz artıranda bilməli idi ki, bu, kənd təsərrüfatı məhsullarına təsir edəcək.

Bütövlükdə, rəqabətli mühitin yaradılması, kənddən süfrəyə prinsipinə əməl olunması əsasdır. Bu olarsa, qiymətlərdə təbii tənzimləməni görmək mümkündür”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın