Emin Əmrullayevlə Misir Mərdanov arasında “müharibə”

22, 12, 21
13:30

Emin Əmrullayevlə Misir Mərdanov arasında “müharibə”


Təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə yenidən qızğın müzakirələrə rəvac verdi. Nazirin orta məktəblərdə pul yığılmasına özünəməxsus münasibəti onu cəmiyyətin hədəfinə gətirdi. Artıq iki gündür Əmrullayevin fikirləri ən müxtəlif kontekstlərdən təhlil olunur.

Gənc nazirin çıxışında ümumi müzakirələrdən kənarda qalan, amma kifayət qədər ciddi mətləblərdən xəbər verən nüanslar da var. Burda söhbət Əmrullayevin sələflərindən olan keçmiş Təhsil naziri Misir Mərdanovun “bostanına daş atmasından” gedir. Məlum olduğu kimi, sözügedən mətbuat konfransında yaxın keçmişə ekskursiya edən nazir özünün şagird olduğu dövrdə də məktəblərdə pul yığıldığını dilə gətirdi. Dolayısı ilə bu ənənənin əsasının qocaman sələfi Misir Mərdanovun dövründə qoyulduğunu bəyan etmiş oldu.

İntriqalardan uzaq adam kimi tanınan gənc nazirin qocaman sələfini hədəfə götürməsinə səbəb nədir? Əmrullayev birdən-birə niyə özündən əvvəlki iki naziri deyil, məhz Misir Mərdanovu tənqid etməyə ehtiyac duydu?

Müşahidələrə görə eks-nazirin son vaxtlar nəzərəçarpacaq dərəcədə fəallaşması Emin Əmrullayevi və yaxın ətrafını ciddi şəkildə narahat etməyə başalyıb. Belə ki, son vaxtlar müstəqil ekspert statusunda KİV-lərdə tez-tez görünən Mərdanovun bu fəallığının arxasında başqa niyyətlərin dayandığı güman edilir. Misir Mərdanovun yeniliklərə qarşı çıxması, xüsusilə məktəb direktorlarının təyinatla deyil, müsabiqə yolu ilə təyin olunmasına etiraz etməsi nazirlik tərəfindən xoş qarşılanmayıb.

Başqa bir maraqlı məqam isə uzun illərdən bəri təhsil sektorunda kök atmış mərdanovçuların keçmiş nazirlə eyni vaxtda fəallaşmasıdır. İndi onlar açıq-aşkar boy göstərir, yeni naziri sərt tənqid edir, cəmiyyətdə onun təhsildən xəbərsiz adam olduğuna dair qənaət yaratmağa çalışırlar.

Sözügedən qrup Mərdanovun təhsili daha yaxşı idarə etdiyini açıq şəkildə dilə gətirirlər. 

Bütün bu müşahidələr onu deməyə əsas verir ki, Misir Mərdanovun dövründə ayrı-ayrı vəzifələrdə çalışan, sonradan müxtəlif səbəblərdən tutduqları postları itirən bu adamların keçmiş nazir tərəfindən idarə olunduğunu düşünən Əmrullayev adekvat cavab vermək qərarına gəldiyi üçün sözügedən açıqlama ilə çıxış etməli olub. 

Nəticədə tərəflər arasındakı gizli ziddiyyətlər açıq müstəviyə çıxıb. Bu mübarizədən kimin qalib ayrılacağını zaman göstərəcək. Hələlik isə görünən odur ki, Əmrullayev iki cəbhədə mübarizə aparmalı olacaq. Səngərin o üzündə onu sıradan çıxarmağa çalışan “köhnə qvardiya” və məktəblərdəki rüşvətxorlar... İlk atəşı kimin açdığı isə önəmli deyil. Artıq “müharibə” başlayıb...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın