“Yaxşı olardı ki, Kəmaləddin Heydərov əsas məsələyə aydınlıq gətirəydi”

Manşet / Sosial
 16-12-2021, 16:30     378


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda bir neçə ilə qanunsuz tikililərin olmayacağını bildirib. Nazir deyib ki, rəhbəri olduğu nazirlik Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon icra hakimiyyətləri ilə birlikdə bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir.

Nazir əlavə edib ki, qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər mövcuddur: “O vaxt - məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Məsələn, Bakı şəhərində çoxmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdı, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlanıb, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edilib. Bu proses digər rayonlarda da davam etdirilir. Hesab edirəm ki, Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki, qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək”.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı ərazilərin təsnifatının dəyişdirilməsi, uyğun ərazilərdə yaşayış evlərinin inşasına icazə verilməsi məsələsi ötən ilin əvvəli üçün nəzərdə tutulsa da, baş verməyib. Eyni zamanda, paytaxtda bir sıra yeni tikililərdə vətəndaşlar dövlət reyestrindən çıxarış (kupça) əldə edə bilmirlər ki, bunun da əsas səbəbi müvafiq qurumlarla MTK-ların razılaşa bilməməsidir.

Əmlak eksperti İradə Şükürova AYNA-ya açıqlamasında deyib ki, daşınmaz əmlak bazarında əsas problemlərdən biri payçıların hüquqlarının pozulması ilə bağlıdır: “Düzdür, son dövrlər bu sahədə müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Son illərə qədər əhalinin payçı qismində yeni tikili binalarda mənzil alması, ödənişi əvvəlcədən ödəməsi müəyyən problemlərə yol açırdı. Bu sahədə özbaşınalıqlar o qədər geniş vüsət almışdı ki, bəzən bir mənzil bir neçə nəfərə satılırdı. Yaxud yaşayış kompleksinin ərazisində dövlət qurumları ilə razılaşdırmadan yeni binalar inşa edilirdi”.

“Bu qanunsuz tikililərə görə ümumiyyətlə, həmin yaşayış kompleksinin sakinlərinə dövlət reyestrindən çıxarış verilmirdi. Nəticədə vətəndaşlar öz mənzillərinə qeydiyyata düşə bilmir, müxtəlif hüquqi əngəllərlə qarşılaşırdılar. Bu gün də illərdir yaşamasına baxmayaraq, hələ də çıxarış almayan xeyli insan var. Bütün bu məsələlər çoxdan öz həllini tapmalı idi. Yaxın bir neçə ildə paytaxtda qanunsuz tikililərin olmayacağı rəsmi səviyyədə dilə gətilirsə, bu, yaxşı haldır.  Ümumiyyətlə, bu məsələlər öz həllini tapmalı və daşınmaz əmlak bazarında baş verən bu cür neqativ hallara son qoyulmalıdır”, - deyə həmsöhbətimiz söyləyib.

Onun sözlərinə görə, bələdiyyələrin dövlət torpaqlarına aid qanunsuz sərəncam verməsi də əsas problemlərdən biridir: “Məhz bu səbəbdən hansısa vətəndaş aldığını güman etdiyi torpaqda özü üçün yaşayış evi tikir. Belə hallara təcrübədə çox rast gəlinir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bu cür torpaqları və evləri qeydiyyata almır. Bunu onunla əsaslandırır ki, müvafiq normalar pozularaq icazəsiz şəkildə ev tikilməsi qanunsuzdur və belə evlərə çıxarış verilə bilməz. Əslində haqlıdır da. Lakin bunun günahı vətəndaşda deyil. Axı ona hansısa sənəd verilib və müvafiq qurumlar buna göz yumub”.

“Təsərrüfat işləri üçün nəzərdə tutulan torpaq sahələrində də yaşayış evləri salınır. Dövlət baxır ki, bura kənd təsərrüfatı təyinatı ilə ayrılmış sahədir. Çıxış yolu olaraq torpağın təyinat sahəsi dəyişdirilir və yaşayış təyinatlı edilir. Yalnız bundan sonra həmin torpaq sahəsindəki qanunsuz tikililərə mülkiyyət hüququ tanına bilər. Bununla bağlı müvafiq qərar olsa da, hələ də icraya yönəldilməyib. Baxmayaraq ki, artıq bu müddət başa çatıb. Bütün hallarda hökumət bu sahədə ciddi addımlar atmalıdır. Əks halda bu sahədə hökm sürən xaosu aradan qaldırmaq mümkün olmayacaq”, - deyə Şükürova vurğulayıb.

Hüquqşünas Əkrəm Həsənov da AYNA-ya şərhində deyib ki, Azərbaycanda dövlət reyestrinə çıxış əlçatan deyil: “Azərbaycanda dövlət reyestrinə çıxış əlçatan deyil. Dünyanın çox az ölkəsində belədir. Demirəm ki, Avropada və dünyanın inkişaf etmiş dövlətində, hətta Rusiyada belə, hər kəs Dövlət Reyestri Xidmətinə müraciət edərək istənilən əmlak barəsində məlumat ala bilir. Düzdür, bu, bəzi dövlətlərdə pulludur, lakin əlçatandır. Azərbaycanda isə bu informasiyalar qapalıdır. Bunu da bilə-bilə ediblər ki, vətəndaşlar informasiya əldə edə bilməsinlər. Qonşu onu suya basan qonşusunun mənzilinin kimin adına olmasını da dəqiqləşdirə bilmir ki, onu məhkəməyə versin”.

“Bunu ona görə edirlər ki, bu sahədə olan real mənzərə üzə çıxmasın. Belə olarsa o zaman qanunsuz tikililərin real statistikası üzə çıxacaq. Məlum olacaq ki, Azərbaycanda qanunsuz tikililərin sayı daha çoxdur, nəinki qanuni tikililərin. Hesab edirəm ki, ölkədə qanunsuz tikililərin sayı qeyd ediləndən dəfələrlə artıqdır. Digər səbəb məmurların özlərinə yaxın şəxslər vasitəsilə çoxlu sayda mənzillər almaları ilə bağlıdır. Elələri var ki, onların adına 30 mənzil rəsmiləşdiriblər. Sayları da həddindən artıq çoxdur”, - deyə ekspert qeyd edib.

Həsənovun sözlərinə görə, dövlət ilk növbədə bu əlçatanlığı təmin etməlidir: “Əgər təmin etmirsə, o zaman mövcud vəziyyətin davam etməsində maraqlı olduğu ortaya çıxacaq. Yaxşı olardı ki, Kəmaləddin Heydərov bu məsələyə də aydınlıq gətirəydi. Real statistika yoxdursa, necə müəyyən edəcəyik ki, bu sahədə reqres və proqres hansı səviyyədədir?! Bütün bu suallara aydınlıq gəlməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM