Bir yer adına, bir ad yerinə ancaq bu qədər yaraşa bilərdi Suqovuşan - Könül Quliyeva yazır...

12, 12, 21
17:00

Bir yer adına, bir ad yerinə ancaq bu qədər yaraşa bilərdi Suqovuşan - Könül Quliyeva yazır...


Suqovuşan adını ilk dəfə müharibə günlərində eşitdim. Buranı görən kimi düşündüm ki, bir yer adına, bir ad yerinə ancaq bu qədər yaraşa bilərdi: Suqovuşan. Bir tərəfdə Tərtər çayının dumduru suyu, digər yanda 30 ildən sonra bu suya qovuşan biz. Sözlər acizdir vallah. 44 günlük müharibədən sonra Suqovuşanda şəhid düşən igidlərin bir çoxunun ailəsində olduq. Şəkillərdəki qəhrəman oğulların gəncliyinə baxdıqca yanıb-tökülməmək mümkün deyildi. Ancaq Suqovuşanda anlayırsan ki, dəyərdi. Belə gözəl yerlər üçün canından, qanından keçməyə dəyərdi.

Bu boyda dəyəri bizə canı bahasına bəxş edən oğulları rəhmətlə anırıq. Bizim insanlar burada doğma suyuna, əziz torpağına qovuşduqca şəhidlərin hər biri minnətdarlıqla yad ediləcək. Müharibədən sonra hərə bir hiss yaşadı axı: Qürur, sevinc... Qələbə, zəfər... Şəhidlərə görə kədər, təəssüf... Mənim hissimin adı qisas idi. Müharibənin bir addımlığında, qorxu içində böyüdüyüm üçün balaca ürəyimdən mərhəməti sıxışdırıb, yerində qisası böyütmüşdüm.  O zaman uşaq idim… 90-cı illərin ağır döyüşləri hələ də yuxularıma girir. Hər gecə yağış kimi yağan top mərmilərinin, raketlərin səsindən, evlərin dağıdılmasından, ölüm xəbərlərindən nə böyüklərdə, nə də biz uşaqlarda ürək qalmışdı. Səksəkə ilə yatağımıza girəndə gələcəklə bağlı çəhrayı xəyallar qurmaq əvəzinə, mərmilərin od qırmızısına boyadığı qaranlığı yaşayırdıq.

 Gündən-günə vəziyyət gərginləşir, ağırlaşır, pisləşirdi. Hamının atası silahı oldu-olmadı könüllü döyüşə gedir, analar uşaqlarının əlindən tutub rayonu tərk etməmək üçün nə mümkündür edirdi. Məktəbə gedəndə qəfil top səsi eşidən kimi divarın dibinə uzanardıq. Sonra üst-başımızı çırpıb yolumuza davam edərdik. Bir gün atılan mərmilərdən biri dərsin ortasında bizim 6 saylı məktəbin həyətinə düşdü. Qəlpələr bütün pəncərələri çilik-çilik etdi. Çantalarımızı götürmədən evə tərəf qaçdıq. Uşaqların qiyamət çığırtısı ilə, pərən-pərən düşdüyü o günləri xatırlayanda elə bil o həyəcanı təkrar yaşayıram. Bizim məktəb zəngi yadımda deyil, elə hey partlayış, dağıntı, toz-duman bir də çilik pəncərələr gözümün qabağından, qulağımın yaddaşımdan getmir. Həmin vaxt təhsilin yox canımızın hayında idik.

Çünki doğma məktəbimiz hərbi kazarmaya çevrildi. Valideynlərimiz bizi müharibədən uzaqlaşdırmaq üçün Bərdədəki qohumların evinə aparardılar.  Günlərin birində gəldilər ki, bəs hazırlaşın gedirik evimizə. Qarşıdan Novruz bayramı gəldiyi üçün bayramı birlikdə evimizdə qeyd edəcəkdik. Çox sevincək halda yola düşüb evimizə gəldik. Baharın gəlişini, qoxusunu sanki öz həyətimizdən hiss edirdik. Həmin gün axşama kimi ancaq həyətdə oynayıb, ağaclara, güllərə su verdik, alaq otlarını təmizlədik. Nəhayət axşam düşdü, anam hər kəsi süfrə başına səslədi. Onu da deyim ki, hər axşam işıqlar söndürüldüyü üçün bayram süfrəsinə bütün pəncərələri qalın pərdə ilə bağlayıb şam işığında toplandıq.

Çünki işıq gələn tərəfə mərmirlər yağdırırdılar. Elə ona görə də bayram tonqalı yandırmaq, təntənəli şəkildə qarşılamaq imkansız oldu. Qaz və ışıq olmadığı üçün evi bir az odun peçi ilə isidib yatağımıza girdik. Bir də o zaman ayıldım ki, anam hər iki qollarımdan tutub çarpayıda məni yatılı halımla dik tutub, “ay bala oyan” deyib qışqırır. Artıq oyanmışdım, ancaq baş verənləri dərk edə bilmirdim. Top-tufəng səsləri, qonşuların çığırtısı, hələ üstəlik həyəcan siqnalı…

– Bəli həyəcan siqnalı…

– İlk dəfə o gecə eşitdim həmin siqnal səsini. Bu, hər kəsin təcili rayonu tərk etməsi demək idi. O gecə Tərtər alışıb yanırdı, göylər qıpqırmızı rəngə boyanmışdı. İnsanlar başını elə itirmışdi ki, hansı istiqamətə getməsini bilmirdilər. Güllələr başımız üzərindən durmadan elə yağırdı ki, nə qaçması mümkün idi, nə də qalması. Birdən küçəmizə böyük hərbi maşın daxil oldu. Bir yaşlı kişi ilə, cavan oğlan maşından düşüb kimliyinə baxmadan bütün qadınları, qızları, uşaqları çiyinlərindən tutub maşına mindirirdilər.

Bunlar bizdən aşağı küçədə yaşayan, könüllülər dəstəsinə qoşulan əmi-bala idi. – Ermənistan silahlılarına qarşı döyüşə girən o qəhrəman əmi-balanın səhərə yaxın şəhid olduğu xəbərini alan hər kəsin ürəyi yeddi yerə parçalandı. Həmin səhəri yol kənarında çox məyus, ümidsiz, çarəsiz açdıq. İndi ifadə edə və sözlərə sığdırıb, izah edə, ad qoya bilmədiyim bu hisslərin hər biri yuxarıda yazdığım həmin qisası əkdi, cücərtdi, böyütdükcə-böyütdü ürəyimdə. Suqovuşanda o qisası alınmış hiss etdim.

 Ciyər dolusu nəfəs aldım, ürək dolusu ah çəkdim. Ürəyim böyümüşdü. Köksümə sığmırdı, daha sıxılmırdı, sancmırdı. Burda müharibə xatirələrimi, travmalarımı, qorxulu yuxularımı suya danışdım. Uşaq yaddaşımın Tərtərdəki müharibə yaraları Suqovuşanda sağaldı. Təşəkkür sülh üçün əks-hücum əmri verənə, rəhmət qələbə üçün canından keçənə və çox şükür illər sonra suya qovuşdurana.

"Uşaqların Gələcəyi Naminə" İB-nin sədri Könül Quliyeva

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın