“Gözü çıxan qardaşlarından” ibrət götürməyən icra başçıları

23, 11, 21
13:30

“Gözü çıxan qardaşlarından” ibrət götürməyən icra başçıları

Tural Abbaslı: “”Qazilərin, şəhid ailələrinin əziyyət çəkdiyi indiki dönəmdə minlərlə manat verib nömrə almaq, bir neçə yüz minlik avtomobilləri nümayiş etdirmək ən azından etik və mənəvi baxımdan doğru deyil"İcra başçıları ilə bağlı qalmaqallı xəbərlər bitmək bilmir. Qanunsuz fəaliyyətlərinə görə ötən illərdə “kiçik padşah”lar ən sərt formada cəzalandırılsalar belə, bundan bəziləri nəticə çıxarmır.

2020-ci ildə Biləsuvarın, İmişlinin, Neftçalanın, Ağstafanın, Yevlağın, bu ilin aprelində isə Şəmkirin icra başçısı həbs edilib. 

Hazırda həbsxana divarları arasında bir neçə icra başçısı yatır. Onların əməlləri hər kəsə məlumdur-korrupsiya, rüşvət və sairə.

Ancaq bu bir sıra başçılara dərs olmur.

Ötən sayımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadənin 275 min dollar (450 manat) dəyərində olan avtomobili haqqında məlumat vermişdik. HİT.az saytı yazmışdı ki, Elşən Babaşzadə “Mercedes Benz G-63 AMG” markalı maşının “10-LL-077" nömrə nişanını ”77-LL-077" ilə əvəzləyib. “77-LL-077" Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Məlumatlarda bildirilirdi ki, ailənin adına olan bir neçə avtomobil var ki, onların da hər birinin qiyməti olduqca yüksəkdir.

Sual olunurdu, bu pulların mənbəyi haradır?

Yazılanlara nə icra başçısının özü, nə də oğlu heç bir reaksiya vermədi. Bunun özü də ciddi qanun pozuntusudur. Bəs bu cür harın həyat tərzi keçirən məmurlar və övladları barədə niyə tədbir görülmədi? İndiki sosial həssaslıq dövründə, şəhid və qazilərin olduğu bir ərəfədə məmur oğlunun qeyri-təvazökar həyatı ictimai qıcıq yaradır.
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
Tural Abbaslı

Durumu dəyərləndirən Ağ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, hər kəsi maraqlandıran məsələ budur ki, belə bahalı həyat tərzi haradan təmin olunub: “Bununla bağlı heç bir açıqlama verilmir. Nəticədə də insanlar təbii olaraq bu varidatın dövlətdən oğurlandığını düşünürlər. Elə mən də bu fikirdəyəm. Əslində bu icra başçıları yeni deyillər. Onlar korrupsioner siyasətçilər ”nəsli"nin nümayəndələridir.  Fikir versəniz görərsiniz ki, onların böyük əksəriyyəti Ramiz Mehdiyevin dönəmində müxtəlif vəzifələrdə işləyib, sonradan icra  başçısı olublar. İndi isə onlardan birdəfəlik qurtulmaq lazımdır. Çünki bu adamlar xarakter, xislət olaraq dəyişmirlər. Dəyişmək onlar üçün ölümə bərabərdir. Bu baxımdan gözləmək lazım deyil ki, onlar yeni metodları qavrayıb, fəaliyyətlərində dəyişiklik edəcəklər".

T.Abbaslı bildirib ki, özlərinin halal pulu olsa belə, indiki zamanda bu cür davranış sərgiləmək məmura yaraşmır: “Qazilərin, şəhid ailələrinin əziyyət çəkdiyi indiki dönəmdə minlərlə manat verib nömrə almaq, bir neçə yüz minlik avtomobilləri nümayiş etdirmək ən azından etik və mənəvi baxımdan doğru deyil. Hər halda, dövlətin əlində müvafiq rıçaqları, yoxlama imkanları var. Düşünürəm ki, onlar bu imkanlardan istifadə edib gələn pulun mənbəyini öyrənə bilərlər. Düşünürəm ki, araşdırma olmalı və layiqli cəza verilməlidir. Bu hal eyni zamanda bundan öncəki korrupsiya ilə bağlı həbslərin effektivsizliyinin də göstəricisidir. Onların bir çoxu az cəza alır, bəziləri isə hansısa xəstəlik adı ilə buraxılır. Əgər sərt cəza olarsa, bu kimi hallar aradan qalxar”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın