Gəncə icra hakimiyyəti də QARA MASKALILARI GÖZLƏYİR - Ortada yetərincə fakt var

19, 11, 21
13:30

Gəncə icra hakimiyyəti də QARA MASKALILARI GÖZLƏYİR - Ortada yetərincə fakt var


Gəncə şəhəri Azərbaycan küçəsi 97A ünvanında yaşayan Qasımov Kamil redaksiyasına şikayət ünvanlayıb.

O bildirir ki, həmin ünvanda fərdi yaşayış evi tikdirir və bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edib. Baş memar Elxan Məmmədov onun nəzərinə çatdırıb ki, mənzilin tikintisinə başlaması üçün 390 manat rüsum ödəməlidir.

Şikayətdə vurğulanır:

"Dövlətin bu sahədə qəbul etdiyi qaydaları bilmirdim. Baş memar mənə dedi ki, 50 manat eskiz layihəsinə, 390 manat da tikintiyə icazə üçün banka ödəniş etməlisən”.

Kamil Qasımov memarın dediyi kimi edib, ona təqdim olunan Beynəlxalq Bankdakı məlum hesaba 390 manat ödəyob, eskiz layihəsini isə özü çəkdirdiyini söyləyib.

Davamı isə belə olub:

"Mən sonradan qanunlarla tanış olanda gördüm aldanmışam. Qanunda göstərilir ki, 12 metrə qədər fərdi yaşayış evi tikmək üçün eskiz layihəsi hazırlayandan sonra onunla birgə torpağın sənədi məlumatlandırmaq məqsədi ilə İcra Hakimiyyətinə göndərilir. 15 gün gözləyəndən sonra hər hansı cavab verilmədiyində, tikintiyə başlayırsan. Əgər layihədə hər hansı uyğunsuzluq varsa, İcra Hakimiyyəti cavab məktubunda həmin yanlışlığı düzəltməyi tövsiyə edir. Bu qədər sadə. Dövlətimiz vətəndaş üçün bütün şəraiti yaradıb. Ancaq məmurlar özbaşınalıqlarına son qoymurlar”.

İddiaçı rüsum ödəməli olmadığını bildikdən sonra baş memardan pulunu geri istəyib, o da həmin məbləği qaytarıb və bu mövzunu açıb-ağartmamağı xahiş edib.

Kamil Qasımov isə aldadılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər İdarəsi müraciət ünvanlayıb. Yerli DTX müraciəti Gəncə Şəhər Polis İdarəsinə göndərib. Həm prokurorluqda həm də idarədə ona bildiriblər ki, pulu geri alıbsa, daha şikayətə ehtiyac yoxdur.

İddiaçının onlara verdiyi cavab:

"Mən onlara dedim ki, birincisi baş memar artıq vətəndaşı aldadıb. Qanunları oxumayan yüzlərlə insan var ki, onlar icranın təkidi ilə 390 manatı bank hesabına köçürüblər. Bəs bu insanların hüquqlarını kim qoruyacaq? Ona görə də, sizdən xahiş edirəm ki, Gəncədə yaşanan bu özbaşınalığa son qoyulması üçün mətbuat nümayəndəsi kimi kömək edəsiz”.

Xatırladaq ki, Kamil Qasımov Vətən Müharibəsində şəhid olan Qasomov Nicatın əmisi oğludur.

Onu da vurğulayaq ki, Gəncə şəhərinin keçmiş baş memarı Məharət Mustafayev vəzifə səlahiyyətlərində sui-istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ötən il həbs olunub. (Rupor.az)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın