Psixoloqun psixoloqdan niyə zəhləsi gedir? - “Ukraynada 1-ci kursda oxuyur...“

03, 11, 21
18:00

Psixoloqun psixoloqdan niyə zəhləsi gedir? - “Ukraynada 1-ci kursda oxuyur...“


Yaxşı bir atalar sözü var: “Qonağın qonaqdan zəhləsi gedər, ev yiyəsinin hər ikisindən”. Bu məsəli təbdil eləsək, “Psixoloqun psixoloqdan zəhləsi gedər, pasiyentin hər ikisindən”. 

Söhbət ondan gedir ki, son onillikdə Azərbaycanda bəs deyən qədər psixologiya mərkəzləri fəaliyyət göstərir. Ancaq özünü psixoloq kimi qələmə verən şəxslər bu peşəyə harada yiyələnirlər?

Bakı Dövlət Universitetndə sosial elmlər və psixologiya fakültəsi mövcuddur. Yəni BDU-da sosial psixoloqlar hazırlanır. Tibbi psixoloqlar Tibb Universitetinin məzunlarıdır. 

Olduqca geniş kütləyə sahib bu peşə sahiblərinin harada qeydiyyatda olmaları, peşəkarlıq səviyyəsini qiymətləndirmə üçün hansısa attestasiyadan keçmələri və sahə üzrə ictimai birliklərinin mövcud olub-olmadığı məlum deyil. 

Psixoloqlar çevrəsində dolaşan şayiələr, dedi-qodular və iddialar sübut edir ki, bu peşə sahiblərinin özü bir-birinin səviyyəsini şübhəyə alırlar.

“Azərbaycanda bu gün psixoloqlrın fəaliyyəti tənzimləyən hansısa qurum yoxdur, hətta bəzən görürsən ki, qeyri-ixtisas sahibləri bu fəaliyyətlə məşğul olur. Bu sahəni tənzimləyən qurum olsaydı, stüardess psixoloq işləyə bilməzdi. Məsələn, özünü psixoloq olaraq qələmə verən Samirə Bağırova efirdə deyir: “Bəli, mən stüardess işləmişəm, mən elə ömür boyu stüardess qalmalıyam?!” 

Bu sözləri psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, qeyri-peşəkarların ortaya çıxmasında medianın da təqsiri var:

“Onları boy-boy efirə çıxarırlar. Aparıcılar da soruşmur ki, ümumiyyətlə, psixoloq diplomun var? 3 aylıq kurs keçib “mən psixoloqam” deyən o qədər adam var ki. Acınacaqlı vəziyyətdir. Məndən bir valideyn, pasiyent diplomumu tələb edəndə qəribə qarşılamıram, çünki o valideyn, pasiyent vaxtında o qədər şarlatan, yalançı, işini bilməyən psixoloqlarla rastlaşıb ki. Eləsi var ki, Ukraniyada 1-ci kursda oxuyur, üstəlik o universitetin diplomu belə Azərbaycanda tanınmır. 

Mərkəz rəhbərlərinin əksəri qeyri-ixtisas sahiblərinə maksimum 3 ay kurs keçir, onu 30% maaşla işə götürür, pasiyentə psixoloq kimi təqdim edir. 

Psixoloq Aytən Ələkbərova da həmkarı ilə eyni fikirdədir:

“Hazırda belə bir qurum mövcud deyil, lakin olması bəzi özbaşınalıqları aradan qaldırmaq üçün ideal olardı. Çünki bir çoxu pasiyentə “psixoloqam” deyir, ancaq heç diplomu yoxdur”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın