Gorus-Qafan yolunda erməniyə keçilən dərs - “Artıq Ermənistan dövləti də yoxdur!..”

19, 09, 21
11:00

Gorus-Qafan yolunda erməniyə keçilən dərs - “Artıq Ermənistan dövləti də yoxdur!..”


Gorus-Qafan yolunun Azərbaycana aid hissəsində polisimiz həddini bilməyən ermənilərə əsl dövlətçilik dərsi keçib. Erməni yeniyetmələrin olduğu mikroavtobusu saxlayan Azərbaycan polisi separatçıların “bayraq” adlandırdıqları əski parçasını maşının üzərindən süngü ilə qaşıyaraq silib və ardınca onlara belə deyib: “Siz bilməlisiniz ki, artıq Dağlıq Qarabağ yoxdur. Qarabağ Azərbaycandır! Başa düşdünüz məni?”

Gözlənildiyi kimi, erməni toplumun faşist kəsimində bu olay isterik reaksiya doğurub. Halbuki polisimiz öz hərəkəti ilə nə yerli (Azərbaycan) qanununu, nə də beynəlxalq hüququ pozub: polis postu Azərbaycana aid ərazidədir, “artsax” adlı geydirmə qurum da ki, heç vaxt mövcud olmayıb, yoxdur! Ancaq yenə ənənəvi erməni sırtıqlığı işə düşüb və bizi “həyasız davranış”da ittiham ediblər. Yəni növbəti dəfə öz adlarını bizə qoymağa cəhd ediblər. Çünki həyasızlığın “kvadratını” on illərdir məhz ermənilər dünyaya nümayiş etdirir. Özü də əyani...

Diqqət edin, 30 ildir Ermənistan adlı formal dövlətlərini belə, idarə edə bilmirlər, onu ən azından 50 illiyə rusun icarəsinə veriblər (1997-2047-ci il ikitərəfli müqaviləsi), amma “ikinci erməni dövləti”nin havası ilə yaşayırlar. 30 ildə dövlət qurmağı bacarmayan, rusun müstəmləkəsi kimi qalan, sovet dönəmində olduğu kimi, günü bu gün də Moskvanın əlinə baxan, onun dotasiyası ilə yaşayan və himayəsinə sığınan mənfur toplum arsızcasına “ikinci dövlət” sevdasından yapışıb. İkinci “dövləti”nə “bayraq” da fikirləşib!..

Yeri gəlmişkən, bir neçə gün sonra – sentyabrın 21-də İrəvanda Ermənistanın olmayan müstəqilliyinin 30 illiyə ilə bağlı tədbir, hətta şadyanalıq keçiriləcək. Gerçəkdən də, utanmasan, oynamağa nə var? Yəqin bu da az öncə Xankəndidə “keçirilən” oyuncaq qurumun “30 illiyi” kimi tarixdə qalacaq.

Yəni mifik “dqr” nə dərəcədə “müstəqil dövlət” kimi mövcuddursa, Ermənistan da aşağı-yuxarı, elə. Yeganə fərq odur ki, Ermənistan dünyanın siyasi xəritəsində formal dövlət, lap dəqiqi, ləkə kimi görünür.

Ancaq o ləkənin də qaşınıb silinəcəyi gün uzaqda deyil - Azərbaycan polisi saxta “bayrağı” mikroavtobusun böyründən süngü ilə təmizlədiyi kimi. Azərbaycan əsgəri 44 günlük Vətən savaşındakı qələbə ilə xəritəmizi uydurma “artsax”ın uydurma “sərhəd xətləri”ndən təmizlədiyi kimi!..
Bu xüsusda polisimizin Gorus-Qafan yolunda düşmənə verdiyi mesajı belə də oxuna bilər: “Siz bilməlisiniz ki, daha Ermənistan adında dövlət yoxdur! Başa düşdünüz?”

Di gəl ki, çətin başa düşələr. Zira, başa düşməkdən ötrü baş lazımdır! Bu mənada Gorus-Qafan yolunda edilən müraciətin erməni yeniyetmələrinə ünvanlanmasının rəmzi anlamı da var: hər necə olmasa, gənc beyinləri axmaq ideyalardan, şovinizm virusundan təmizləmək daha asandır...

O ki qaldı 30 illik törənə, həqiqətən, hansı üzlə Ermənistan öz “müstəqilliyi” üçün yubiley keçirir? Müstəqil dövlət - ərazisində xarici dövlət(lər)in hərbi bazası olmayan, öz sərhədlərini özü qoruyan dövlətdir. Bunların heç biri yoxsa, gözlənilmirsə, İrəvan bu yöndə cəhd belə göstərmirsə, tam əskinə, ölkədə Rusiya hərbi varlığını, rus hərbi kontingentini daha da gücləndirməyə çalışırsa, onda Ermənistanın “bayraq” adlı əskisini də qatlayıb qoysunlar ciblərinə. Dünyanı özlərinə güldürməsinlər. “Bayraq”, “dövlət” anlayışlarına həqarət eləmək yetər...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın