YAP-ın Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya icra başçısı olmağa hazırlaşır? – İDDİA

Manşet / Region
 13-08-2021, 18:00     673


Bərdə rayonunda icra başçısı olmaq üçün vəzifəli şəxslər arasında vəziyyət kritik həddə çatmaqdadır. Vəziyyəti gərginləşdirən əsas amil isə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanin hazırkı icra başçısı Vidadi İsayevin yerinə gəlmək istəyidir.

Belə ki, bir neçə il öncə Bərdə rayon icra başçısının müavini Fəqət Şadlinskaya rayonda hakimi mütləq olmaq fikrinə düşüb. Elə bu səbəbdən də artıq bəzi vəzifəli şəxslərə qarşı qara piar kampaniyası aparması rayonda ciddi narazılıq yaradıb. Hətta iş o qədər böyüyüb ki, Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya hər kəsə meydan da oxuyur.

Bir müddət əvvəl mediada gedən məlumatlarda da qeyd edilirdi ki, Bərdə də icra başçısının müavini Fəqət Şadlinskaya rayondakı bütün vəzifə təyinatlarını özü həyata keçirmək istəyir.

Mediada da yayılan məlumatlarda bildirilirdi ki, bunun üçün əlindəki bütün imkanlardan yararlanan Fəqət Şadlinskaya icra başçısını da saymadığını nümayiş etdirirmiş. Bərdə rayon icra başçısının müavini Fəqət Şadlinskaya hətta qaxın qohumu, daha doğrusu, qaynı, Gigeyena və Epdimologiya Mərkəzinin rəhbəri Fəxrəddin Şadlinski ilə birlikdə yerləri müəyyən edib, ora «müştəri» tapıb, hətta bəzilərindən vəzifəyə müqabil pul da alarmış.

Bərdənin icra başçısı Vidadi İsayev onun qarşısında «at oynadan» müavininə dəfələrlə xəbərdarlıq edib ki, bu şəkildə davam edərsə, yollarını ayırmalı olacaqlar. Amma Fəqət Şadlinskaya birmənalı olaraq onun sözlərini bir kənara qoyaraq, bildiyi kimi davranmaqda davam edirmiş. Elə bu səbəbdən də dəfələrlə toqquşan keçmiş müavinlə başçı məsələni aydınlaşdırmaq üçün müəyyən addımlar atmağa başlayıblar.

Fəqət Şadlinskaya

Təhsil şöbəsinə təyinatdakı uğursuzluq

Əslində, Fəqət Şadlinskaya icra başçısının müavini kimi bir müddət işləri «yağ kimi» gedib. Çünki Bərdənin əksər kəndlərinə icra nümayəndələrini o təyin etdirib və bundan da mənfəət əldə edib.

Mediada da yayılan məlumatlardaq qeyd olunurdu ki, Fəqət Şadlinskayanın təyinat sahəsindəki uğurları uzun çəkməyib. Böyük iddialarla yaşayan və söykəndiyi Şadlinski nəslinin imkanlarından yararlanmaqda olan icra başçısının keçmiş müavini bununla yetinməyib, o vaxt rayondakı kadr siyasətini də tam əlinə keçirməyə çalışıb.

Ancaq onun ilk uğursuzluğu bir müddət əvvəl yaşanıb. Belə ki, keçmiş təhsil şöbəsinin müdiri Rahilə İsmayılova rəhmətə getdiyindən onun yeri boş qalıb. Həmin boş yerə isə elə təhsil şöbəsinin müdirinin müavinini İsmayılı gətirmək istəyib. Deyilənlərə görə, o vaxt xanım Şadlinskaya həmin şəxsdən bunun üçün pul da alıb. Lakin icra başçısı onun planlarını pozub.

Belə ki, Fəqət Şadlinskaya pul aldığı adamı, yəni İsmayıl müəllimi bir müddət idarə etməyə çalışıb. Amma Bərdə təhsil şöbəsinə yeni rəhbərin təyin olunmasından sonra ortalıq qarışıb.

«Əhalini icra başçısına qarşı qaldırarıq»

O zaman vəziyyəti belə görən icra başçısının müavini yas mərasimlərdən birində gözlənilmədən şok açıqlama verib. Belə ki, rəhmətə getmiş keçmiş təhsil şöbəsinin müdirinin 40 mərasimini onun anım mərasiminə çevirən Fəqət Şadlinskaya onu şer və ədəbiyyat tədbirinə çevirib.

Səbəb də bu olub ki, keçmiş şöbə müdiri özü də şairə olub və bir sıra kitablara sahibdir. Həmin vaxt yas məclisində çıxış edən icra başçısının müavini pul aldığı şəxsə hamının qarşısında söz verib ki, rayon təhsil şöbəsinin müdiri o olacaq.

Mediada yayılan məlumatda qeyd olunur ki, o vaxt icra başçısının müavini Fəqət Şadlinskaya belə bir ifadə də işlədib ki, əgər icra başçısı kənardan bir başqasını gətirərsə, birbaşa icra başçısına qarşı bütün rayonu qaldıracaq. Hətta camaatı da bu işə təhrik etmək üçün «Bərdədə rəhbər elə bərdəli olmalıdır» deyibmiş.

Vidadi İsayev

Torpaq şöbəsinin müdiri necə «baqaja» qoyuldu?

Mediada Fəqət Şadlinskayanın “fərasətli” əməlləri barədə qeyd olunurdu ki, icra başçısının müavinin fəaliyyəti bununla da yekunlaşmayıb. Həmin vaxt məlum olub ki, Bərdədə YAP-ın yaradıcılarından biri olan, dəfələrlə prezident İlham Əliyevin səfərlərini müşayət edən Bərdə torpaq şöbəsinin müdiri olmuş, 75 yaşlı Həsən Həsənov da «torbası»nı tikən Fəqət Şadlinskaya onu icra başçısı ilə üz-üzə qoymaq istəyb.

Belə ki, mediada yayılan məlumatlarda qeyd edilirdi ki, həmin vaxt Bərdə rayonunda YAP-ın 20 illiyi ilə əlaqədar keçirilən tədbirə dəvət olunan keçmiş şöbə müdirinə bu barədə heç bir məlumat verilmir. Həmin tədbirin təşkilatçısı isə Fəqət Şadlinskaya olub.

Tədbirdə Həsən müəllimin iştirak etmədiyini soruşan icra başçısına tez cavab verən Fəqət Şadlinskaya deyib ki, şöbə müdiri xəstə olduğu üçün toplantıya qatılmayıb. Halbuki Həsən müəllim tədbir vaxtı işdə olub və məsələdən xəbər tutduqdan sonra xeyli narahat olub.

Sonradan məsələdən xəbər tutan torpaq şöbəsinin müdiri icra başçısının yanına gedib və məsələni açıqlayıb. Məlum olub ki, Fəqət Şadlinskaya bu addımı ilə tərəfləri üz-üzə qoyaraq, 75 yaşlı Həsən kişinin işdən çıxarılmasına nail olmaq istəyirmiş. Plan baş tutmadıqdan sonra birtəhər vəziyyətdən çıxmağa çalışan Fəqət Şadlinskaya hər nə qədər çalışsa da, icra başçısı Vidadi İsayev onun əməllərindən duyuq düşməyə başlayıb.

Sonda icra başçısı Vidadi İsayev müavini olmuş Fəqət Şadlinskayanın əməllərində bezdiyinə görə onu yaxın günlərdə vəzifəsindən azad edəcəyi deyilir.

Hazırda isə Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri və icra başçısının müavini vəzifəsini daşısada, yenə də rayona icra başçısı olmaq arzusunu reallaşdırmaq üçün özünə yaxın olan jurnalistlərin “köməkliyi” ilə Vidadi İsayev və digər vəzifəli şəxslər haqda xoşagəlməz və qərəzli yazılar yazdırdığı barədə rayonda məlumatlar yayılıb.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Qarşı tərəfi də dinləməyə hazırıq.

P.S. Yazıda gedən faktlar bir müddət öncə media da yayılıb. (Milletinsesi.info)

Azerbaycanrealligi.com