Azərbaycanda feminizim inqilabı

10, 08, 21
18:00

Azərbaycanda feminizim inqilabı


Başlıqdakı inqilab sözünü dırnaqda yazmalı olduğumu düşünənlər ola bilər. Amma reallıq onu göstərir ki, bu inqilab baş tutub. Hər il Azərbaycan ailələrinin bu və ya digər səbəbdən dağılmasını, məhkəmələrdə 5 iddiadan 3-nün boşanma ilə bağlı olduğunu rəqəmlər sübut etdikdə, uzun illərdən bəri səpilən toxumların “bəhrəsini” toplum olaraq dərməkdə olduğumuzu görürük. 

Bu gün minlərlə uşaq xırda anlaşmazlıqlar üzündən yarımçıq böyümək zorunda qalıb. Minlərlə ailə darmadağındır. Ocaqlar sönüb, talelər yarıda qırılıb. On il, on beş il əvvəl vəziyyət bu qədər ümidsiz deyildi...

Bəlkə də feminizim nəzəriyyə olaraq dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bunu araşdırmadığım üçün qəti bir fikir səsləndirmək istəmirəm. Mən bizə ixrac olunan, vitrində gördüyümüzdən danışmaq fikrindəyəm. Müşahidə qabiliyyəti güclü olan dostlardan biri belə ifadə işlətmişdi: “Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan qadınların hamısı kişiyə oxşayır”. Bunu ona görə xatırladıram ki, hər hansı bir təşəbbüsün kim tərəfindən önə sürülməsi, liderlərinin kim olması çox önəmlidir.

Heç kimin şəxsiyyətini aşağılamadan demək istəyirəm ki, Azərbaycanda bu hərəkatın önündə olanların “kimlikləri” az-çox bəllidir. Onların arasında xeyli rəfiqlərim də var. Digər mövzularda söhbət edərkən düşünürsən ki, necə də pırıl-pırıl adamlardır. Fəqət məsələ onların ali düşüncələrinə gəldikdə hansı bataqlıqla üz-üzə qaldığını görməyə bilmirsən. Ayağımız isə artıq bu bataqlığın içərisindədir və batmaqdayıq. Təhsildəki problemlər həll olunmadıqca, cahillik boy atdıqca özümüzü bu bataqlığın dibində də görə bilərik. Qədim Romadakı əxlaqsızlığın bir gün bizim də başımıza gələcəyindən çox narahatam.

Məsələnin daha təhlükəli tərəfi odur ki, bu məhsul yerli istehsal deyil. Feminizmin yerli tacirlərinin məqsədi bəllidir: pul qazanmaq, dairəni daha da böyükdükcə daha böyük pullar əldə etmək. Mən əminəm ki, antifeminizm üçün daha böyük pullar ayrılsa, bu gün feminizmin ön cəbhəsində olanların böyük əksəriyyəti əks tərəfə keçəcək. Yuxarıda qeyd etdim axı: onların bəzilərini tanıyıram. Bu günlərdə onların səs yazıları da yayıldı.

Necə maliyyə dəstəyi almaqla bağlı müzakirə aparırdılar. Əxlaqsızlıq haqda uğur hekayələrinin hazırlanması planları düşünürdülər. Təsəvvür edirsinizmi, əxlaqsızlıq haqda uğur hekayələri?..

Bu məhsulu ölkəmizə ixrac edənlərin isə niyyəti dəqiq bəlli deyil. Sadəcə görünən odur ki, gizli planlar var və bu, millət olaraq ziyanımızadır. Təssüf ki, beyni yuyulmuş, artıq bu hörüçmək toruna ilişmiş qurbanları xilas etmək üçün vaksin tapa bilmirik. Və içimizə düşən qurd bizi gəmirməyə başlayıb. 

Yazının sonunda yenə də statistikalara müraciət etmək istəyirəm. Rəsmi məlumatlara görə 2020-ci il ərzində Azərbaycanda 35348 nikah və 14628 boşanma qeydə alınıb. Bu, hər 5 ailə quran cütlüyün 3-nün dağılması deməkdir. Burada təbii ki, onlarla başqa səbəblər də var. Amma aparılan məqsədli, mütəşəkkil, düşünülmüş və maliyyə ilə yaxşı təşkil olunmuş təbliğatın da rolu az deyil. O üzdən də bu inqilabı baş tutmuş hesab edirəm. 

Azərbaycan qadınına isə azadlıq arzulayıram. İnsan azadlığı, əsl azadlıq...

Elnur Məmmədli

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın