İlham Əliyevin Türkiyəyə qardaş dəstəyi: əlavə 200 nəfərlik xüsusi qrup göndərilir

07, 08, 21
18:00

İlham Əliyevin Türkiyəyə qardaş dəstəyi: əlavə 200 nəfərlik xüsusi qrup göndərilir


Azərbaycan Türkiyədə baş verən yanğınlara qarşı mübarizədə qardaşlıq nümunəsi sərgiləyir. Azərbaycandan gedən yangınsöndürmə-xilasetmə qrupu artıq 8-ci gündür Türkiyədə alovlarla qarşı qardaşlarımızla birlikdə çiyin-çiyinə mübarizə aparır.

Rəsmi məlumatlar, o cümlədən, Türkiyə mediasının yaydığı xəbərlər də Azərbaycandan gedən heyətin yanğınların söndürülməsində böyük rol oynadığını deməyə əsas verir.

Yayılan video-görüntülər də azərbaycanlı yanğınsöndürənlərin qəhrəmanlıqla mübarizə apardığını göstərir. Hətta Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının mühafizəsi kimi çətin işdə də Azərbaycandan gedən qrup fəal iştirak edir.

Və bu, təbii haldır, çünki “bir dövlət iki millət” olan Azərbaycan və Türkiyə qardaşdır, sevincdə də, kədərdə də bir yerdədirlər.

Azərbaycanın yanğınlara qarşı mübarizədə ən yüksək səviyyədə Türkiyənin yanında olması da bunun nümunəsidir.

İndiyə qədər Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycandan Türkiyəyə 510 nəfərlik şəxsi heyəti, bir “Be-200 ÇS” amfibiya təyyarəsi, bir helikopter, 93 yanğınsöndürmə texnikası göndərilib. Lakin Prezidentin tapşırığına əsasən yeni qrup da göndəriləcək.

Bu gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng etdi. Telefon söhbətində liderlərin əsas müzakirə mövzusu baş verən yanğınlara qarşı mübarizə idi.

Prezident İlham Əliyev qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verdi. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan da başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirdi. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğuladı.

Azərbaycan Prezidenti Türkiyə Prezidentinə əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını dedi. Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirdi və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətdə çatdırdı.

Beləliklə, Azərbaycandan Türkiyəyə 200 nəfərlik əlavə heyət də göndəriləcək.

Bu, Azərbaycan liderinin, Azərbaycan dövlətinin Türkiyəyə növbəti qardaş dəstəyidir. Məhz bu dəstək, bu qardaşlıq nümunəsi alovlara qarşı birgə mübarizənin qələbə ilə başa çatacağına əminlik yaradır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın