FHN Türkiyədəki performansı niyə Azərbaycanda da göstərmir?

05, 08, 21
19:00

FHN Türkiyədəki performansı niyə Azərbaycanda da göstərmir?


Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədəki fəaliyyəti böyük rəğbətlə qarşılanır. Sosial şəbəkələrdə, mətbuatda onların peşəkarlığı haqqında geniş yazılara yer verilir. Lakin bu günədək Azərbaycanda FHN-nin fəaliyyəti çox hallarda tənqid edilib. Əksərən yanğın olan ərazilərdə insanlar yanğına vaxtında müdaxilə edilməməsindən gileylənib. 

Maraqlıdır, Azərbaycan FHN əməkdaşlarının Türkiyədə təqdir, Azərbaycanda tənqid olunma səbəbi nədir? Yəni yanğınsöndürənlərimiz qardaş ölkədəki fəaliyyətini ölkəmizdə göstərə bilmir, yoxsa ortada başqa problemlər var?

Azerbaycanrealligi.com xəbər verir ki, Mövzu barədə Yenisabah.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ilk növbədə  Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti yüksək qiymətləndirib:

“Hər şey yanaşma prizmasından asılıdır və məsələyə birtərəfli yanaşmaq lazım deyil. Şəxsi müşahidələrimə əsasən, deyə bilərəm ki, onların fəaliyyəti hazırda kifayət qədər yaxşıdır. Nöqsanları nə vaxt olubsa, tənqid etmişəm, mövqeyimi bildirmişəm. Lakin indi tənqid olunacaq bir vəziyyət yoxdur. 

Bu yaxınlarda çöllük yananda yanğınsöndürənlər elə davrandılar elə bil öz evləri yanır. Yəni onlar tək Türkiyədə canfəşanlıq göstərmirlər, burada da işlərində peşəkardırlar və onlar daha da peşəkarlaşmaq üçün təlimlər, kurslar keçirlər. Ona görə də işlərinin peşəkarlıq səviyyəsi yaxşıdır”.

Həmsöhbətimiz bildirib ki, yanğınla bağlı bəzən FHN  əməkdaşlarından asılı olmayan problemlər ortaya çıxır:

“Məsələn, bu gün genişmiqyaslı yanğın baş versə, əgər o yerə girmək mümkün deyilsə, burada yanğınsöndürənlərdə problem axtarmaq lazım deyil. Çünki bu bir qurumun işi deyil. FHN yanğını söndürən tərəfdir, yanğının söndürülməsinə mane olan problemləri yaradan tərəf yox.

Təhlükəsizlik tədbirlərindən biri yanğın təhlükəsizliyidir. Ortada kompleks yanaşılmalı olan məsələlər var. Binalar bir-birinin yanında tikilir, məsafə gözlənilmir, yollar normal vəziyyətdə deyil və s. Halbuki binalar standartlara uyğun tikilməli, yanğınsöndürmə vasitələri ilə təchiz edilməli, ehtiyat su çəninə sahib olmalıdır. İri ticarət mərkəzləri, şirkətlər, obyektlər bu məsələlərə diqqət ayırmalıdır. 

Əgər onların yanğın ilə bağlı tədbirləri yoxdursa və yanğın baş verirsə və FHN bunu 2 günə, 10 saata, ümumiyyətlə, qeyri-müəyyən bir vaxta söndürürsə, problem FHN-də deyil. Bunu söndürən sıravi işçinin peşəkarlığına söz yoxdur. 

Maraqlı məqam odur ki, həmin qurumların təhlükəsizlik tədbirləri görülmədən fəaliyyət göstərməsinə kim icazə verir? Məsələyə bu tərəfdən yanaşmaq lazımdır. Niyə bu gün su çəni olmayan obyektlər, standartlara cavab verməyən tikililər var? Bunlar yanğınsöndürənlərin fəaliyyətinə, fövqəladə halların təhlükəsizlik xidmətinə ciddi problemlər yaradır. Onların fəaliyyətini şübhə altına almağa ehtiyac yoxdur. Böyük ticarət mərkəzi yanır, su çəninin olmadığını deyirlər. Su çəni yoxdursa, o indiyədək necə fəaliyyət göstərib? Bunu gəlib yoxlamayıblar? Guya görməyiblər? Bunlar hamısı əlaqəli məsələlərdir”.

Ekspert diqqətə çatdırıb ki, təhlükəsizlik tədbirləri kompleks görülən tədbirlər planıdır:

“Bunun içərisinə yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, əmək mühafizəsi, elektron informasiya təhlükəsizliyi və s. daxildir. Bir obyektdə bunların hamısına diqqət göstərilməlidir, ondan sonra təhlükəsizliklə bağlı konsepsiya hazırlanır və o konsepsiyaya uyğun iş təşkil olunur. Belə şəraitdə yanğın baş verirsə, yanğınsöndürmə qrupu rahat gəlib su götürüb yanğını söndürür. 

Məsələn, təhlükəli maddələrin saxlanıldığı anbarda avtomatik yanğınsöndürmə qrupunun olmaması böyük problemdir. Oraya peşəkar yanğınsöndürən girə bilməz. Çünki orada yanğınsöndürmə qurğusu olmalıdır. Əgər tüstü, qığılcım olarsa, o dərhal işə düşür və yanğını söndürməlidir. Bunlar varmı? O artıq başa mövzudur”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın