Azərbaycan hakimiyyəti niyə Robert Köçəryanın deyil, öz jurnalistlərinin telefonlarını izləsin?

20, 07, 21
09:00

Azərbaycan hakimiyyəti niyə Robert Köçəryanın deyil, öz jurnalistlərinin telefonlarını izləsin?


Absurd sualın sadə cavabı...


Məlum olduğu kimi, dünəndən vətəndaş cəmiyyəti nümayəndələrinin teıefonlarının xüsusi casus proqramı ilə izlənməsi iddiaları gündəmdədir. Siyahıda qəzetimizin 3 əməkdaşının da adı var. Zamin Hacı, Azər Ayxan və Rauf Arifoğlu.

Çoxsaylı suallara cavab olaraq, bu məsələyə münasibətimi bildirirəm:
 
Bu, qlobal bir məsələdir, Azərbaycan burada kiçik bir fraqmentdir.

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan, Macarıstan, Ruanda Azərbaycan, Meksika və Mərakeş hökumətlərinə qarşı iddialar var. Bu barədə “The New York Times” qəzeti yazıb. "Pegasus” adı ilə tanınan “NSO” təkcə müsəlman ölkələrində işləmir, həm də ABŞ və Avropa Birliyində fəaldır.

İddialara görə, 2019-cu ildə “CNN”, “The New York Times” və “Al Jazeera”nin jurnalistləri də nəzarət altında olublar. Dövlət başçıları, Hindistan hökumətinin 2 naziri... Hətta iddia olunur ki, Azərbaycanın 8 yüksək vəzifəli məmurunun telefonları da izləmə altında olub...

Bu məqamda bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb. Bu texnologiyanı alan dövlətlər satınalmanı onunla əsaslandırıblar ki, ərazilərində terroristlər fəaliyyət göstərir, onlara qarşı istifadə olunacaq...

...Azərbaycanın siyasi fəallarının və jurnalistlərin yer aldığı siyahıda 70-dən çox şəxsin ismi var. Mən məhz bu siyahıya baxanda Azərbaycan fraqmenti ilə bağlı iddiaların ciddiliyinə şübhə etdim. Həmin siyahıdakıların ən azı yarısını dinləməyin, ya da izləməyin hansı əhəmiyyəti ola bilər ki?

Bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri-rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənmişik.

Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə, o cümlədən oxşarlıq yoxdur. Biz xüsusi proqramla xaricdə kimlərisə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş vəzifəli ermənilər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də qalmır".

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.

Əlbəttə, biz bu qeyri-rəsmi rəyə də birmənalı inanmağın tərəfdar deyilik. Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terroristlərin, Arayik Arutunyanın, Robert Köçəryanın, yaxud Sərkisyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonları, kompüterləri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti "Pegasus"la izləmək mümkündürsə, İrəvandakı Roberti niyə izləmək mümkün olmasın?

Suallar çoxdur. Onlardan da bəzilərini bu gün mənə özəl mesajla Miranda Patrucic - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsinin əməkdaşı (OCCRP baş redaktor müavini) verib. O yazır ki, mənim telefonum Azərbaycan hakimiyyəti tərəfindən izlənib və bununla bağlı mənə əməkdaşlıq təklif edir.

Sitat: "İnanırıq ki, sözügedən mobil telefon nömrəsi (mənim telefon nömrəmi qeyd edir) onun istifadəçisi tərəfindən həyata keçirdiyi bütün əməliyyatları izləmək üçün seçilib. Düşünürük ki, bu, Azərbaycan tərəfindən 2019-cu ildə həyata keçirilib. Anladığımız qədərilə bu həmin vaxt istifadə etdiyiniz nömrə olub. OCCRP araşdırmasında müəyyən edib ki, bu nömrə izləmək üçün hədəf olaraq seçilib.

Anlayırıq ki, bundan xəbərsiz olduğunuz halda, telefonunuzun bu şəkildə hədəfə götürülməsi sizi üzə və təlaşa sala bilər. Əldə etdiyimiz məlumatlara əsaslanaraq sizi əmin edirik ki, dünyada müxtəlif hökumətlərin bu tərzdə qurbanına çevrilən günahsız şəxslərdən birisiniz.

Bu elektron məktubun məzmunu ilə bağlı hər hansı bir narahatlığınız və ya sualınız yaranarsa, yuxarıda qeyd edilən e-poçt üzərindən mənimlə əlaqə saxlaya bilərsiniz".

Sabah bu istiqamətdə həmin instansiya ilə əlaqə saxlamağa çalışacam.

Eyni zamanda, səbirlə proseslərin gedişini - bu absurd teatrı izləyəcəm.

Yəqin başqa qeydlərim də olacaq.

Rauf ARİFOĞLU 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın