Bakıda 8 milyonluq narkotiklə tutulan şəxslərə hökm oxundu- Əməliyyat videosu

12, 07, 21
15:00

Bakıda 8 milyonluq narkotiklə tutulan şəxslərə hökm oxundu- Əməliyyat videosu

Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsinə görə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Adil Eyvazov və Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə hər iki şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib.

DİN əməkdaşlarının Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.

Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın