Həmin gün təntələk bir yel əsirdi...

04, 06, 21
22:00

Həmin gün təntələk bir yel əsirdi...

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Vətən müharibəsi: qəhrəmanlar

Aqillər yaşanılan ayların, illərin dəyərinə ömür deyib, biz də ömür deyirik. Aqillər Vətənə Ana Vətən deyib, biz də Ana Vətən deyirik. Aqillər ömür payını Vətən üçün yaşayanlara elin oğulu deyiblər, biz də elin oğulu deyirik. Bunlar min illərlə yaşanılmış, yaşanılan xalq fəlsəfəsidi.

Atası Zəngilan rayonun Mincivan qəsəbəsində anadan olmuş Vüqar Rzayevin oğlu Həsən elin oğluydu...

Uşaqlığından el adına, Vətən adına söhbətləri diqqətlə dinləyərdi. Dinləyə-dinləyə eşitdiklərini yaddaşına köçürərdi. Hər söhbət onun düşüncələrinin ovxarına dönərdi. Babaları Bəhmənlə Sərdarın, nənələri Roza ilə Gülarənin xatirələrini dinləyə-dinləyə böyüyürdü. Böyüdükcə olmuşları öyrənirdi, öyrəndikcə ata-anasının böyüyüb boya-başa çatdığı el-obanı, bu el-obanı əhatələyən torpaqları ruhunun beşiyi bilirdi, göyləri ruhunun göylərinin üfüqləri. Böyüyürdü, böyüyə-böyüyə oğullaşırdı Həsən Vüqar oğlu. Görmədən vurulmaq, görmədiyin yerlərin pərvanəsi olmaq ruhun hökmüdü; Həsən görmədiyi Zəngilanı ruhunun başlanğııcı bilirdi. Bilirdi ki, bu başlanğıcın müdafiəsi üçün atası da, dayıları da döyüşüb, bilirdi ki, bu başlanğıc üçün döyüşənlərdən neçələri şəhid olub; Zəngilanın işğalda qalması küləyə, yelə dönüb onun da düşüncələrini, heysiyyətini ətəkləyirdi...

O illərdə məktəblərdə idman oyunlarına böyük maraq vardı və bütün məktəblilər bu oyunlarda iştirak etməyə çalışırdı.

"Cəsurlar", "Şahin", "Sərhədçi" kimi hərbi-idman oyunları həm şagirdlərin fiziki hazlrlığını, həm də dünyaduyumunu formalaşdırırdı. Bu oyunlar şagirdlərdə hərbi xidmətə maraq da yaradırdı; avtomatı söküb-yığırdılar və atırdılar, əl qumbarasının mahiyyətini dərk edirdilər, ondan istifadə qaydalarını mənimsəyidilər. Həsən Vüqar oğlunda hərbi xidmətə maraq o illərdəmi yaranmışdı.

Atası sərhəd qoşunlarında xidmət edirdi. Dayısı Xaqaninin, Sərvərin, Cəbrayılın davamçısı olacaqdı. Qərarında qətiyyətliydi, qətiyyətlilərdə tərəddüd olmur. Sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. Yaxşı oxuyurdu, orta məktəbdə fənn olimpiadalarında iştirak edirdi. Müəllimləri onun təfəkkürünü dəyərləndirirdi: faktlar və hadisələr arasında mahiyyət bağlılığını görə bilir, düşüncələri gerçəkliklərə əsaslanırdi. Həsənin həm də yaxşı fiziki hazırlığı vardı.

Həsən Vüqar oğlu kursant idi. Dayılarının tövsiyələri onun hərbçi həyatının cığırına dönmüşdü; bu cığırı zamanında böyük yolla özü qovuşduracaqdı. Niyyətinin davamı kimi. Oxudu, öyrəndi, zabitlərin, müəllimlərin tələblərini məsuliyyətlə yerinə yetirdi, yəni nümunəvi kursant oldu.

Leytenant Həsən Rzazadə öyrəndiklərini əsgərlərinə böyük maraqla, böyük sevgilərlə aşılayırdı. "Əsgərini sevməyən zabit Vətəni sevmir, əsgəri sevməyən zabiti Vətəni sevmir" - kursant olanda eşitdiyi bu kəlamı zabit olaraq başladığı hərbi xidmətin nizamnamələri tamamlayan dədə sözü bildi; belə xidmət etməkdə qərarlı idi...

Zabit kimi də verilən tapşırıqları, əmrləri məsuliyyətlə yerinə yetirirdi. Belə xidmətə nümunəvi xidmət deyirlər; nümunəvi şagird nümunəvi kursant idi, nümunəvi kursant nümunəvi zabit. Xidmətin ilk günlərindən "Əsgər komandirini sevmirsə, günah komandirindədi" kəlamını eşitdiyi vaxtlardan illər keçmişdi, bu kəlamı unutmamışdı...

Vəzifə borcunu böyük məsuliyyətlə yerinə yetirdiyinə, tabeliyindəki əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanıldığına görə leytenant Həsən Rzazadə komandalığın təşəkkürlərinə layiq görülürdü...

2019-cu ilin yanvar ayından etibarən Əfqanıstanda beynəlxalq sülhməramlı taborda xidmət göstərdi. Tabor Kabulda beynəlxalq aeroportu mühafizə edirdi.

Leytenant Həsən Rzazadə beynəlxalq qurumun tərkibində daha məsuliyyətlə xidmət etməklə həm hərbi borcunu (zabit idi), həm də vətəndaşlıq borcunu (Azərbaycanı təmsil edirdi, özü də, əsgərləri də) yerinə yetirirdi. İstəyirdi ki, tabeliyində olan əsgərlər xidmətiylə də, davranışıyla da, düşüncələriylə də, digər dövlətlərin hərbçiləriylə ünsiyyətiylə də xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı kimi əhatədəkilərin ehtiramını qazana bilsinlər...

Nümunəvi xidmətini nəzərə alaraq ona baş leytenant hərbi rütbəsi verildi.

Xahişinə əməl etdilər, baş leytenant Həsən Rzazadə də Vətən müharibəsinə, döyüşməyə, torpaqlarımızı işğaldan azad  etməyə göndərildi...
Döyüşə Cəbrayıl istiqamətindən, strateji əhəmiyyətli Gorbaba yüksəkliyindən (görəsən, yüksəkliyin adındakı müqəddəslik çaları döyüşçülərin döyüş əzminə, qələbə ruhuna necə təsir göstərib?) başlayacaqdılar.

Yüksəkliyin azad edilməsi baş leytenant Həsən Rzazadənin bölüyünə tapşırılmışdı. Bu, həm də etimad idi. İki qrupa bölünmüş döyüşçülər düşmənin xəbəri olmadan yuxarı qalxırdılar. Qruplardan birinə baş leytenant Həsən Rzazadə rəhbərlik edirdi. Düşmən bu daşlı-kəsəkli, çətin relyefli ərazidən geri çəkilmək istəmir, ciddi müqavimət göstərirdi, bütün gücü ilə müdafiə olunurdu.

Ehtiyatla irəliləyirdilər. düşmən onların qarşısında atəş zolağı yaradırdı.

Onda döyüşü idarəetmə məntəqəsindən bildirdilər ki, atışa-atışa geri çəkilsinlər, atışa-atışa atəşi dayandırsınlar. Ora artilleriyadan atəş açılacaq. Hücumu artilleriya atışından sonra davam etdirərsiniz. Yüksəklikdə güclü mövqe tutmuş düşmənə toplardan ağır artilleriya zərbələri endirildikdən sonra Həsəngilin qrupu atışa-atışa yüksəkliyin zirvəsinə tərəf irəlilədilər, böyük strateji əhəmiyyətə malik olan Gorbaba yüksəkliyini işğldan azad etdilər.

Vətən müharibəsində ilk döyüşün qələbə ovqatı gözəl könül xoşluğu yaratmışdı. Baş leytenant Həsən Rzazadə minnətdarlıqla əsgərlərinə baxırdı, əsgərləri ona. Bu qarşılıqlı sevgi qələbənin davamlılığının zəmanəti kimi yaşanılırdı. Həsən qaliblərin əhatəsində ürəyinin başında gəzdirdiyi üçrəngli bayrağımızı öpüb gözlərinin üstünə qoydu, bağrına basdı, sonra yüksəklikdə ucalığa dikəltdi. Belə bayraq dikəltməni alqışladılar. Bu alqış haralaracan yayılıb görəsən? Görəsən, düşmən bu alqışı eşidəndə neyləyib?

İlk qələbənin ovqatını yaşadığı anlarda atasını, anasını, Zəngilanı, Mincivan qəsəbəsini, Cahangirbəyli kəndini xatırlamışdı Həsən. Həmin gün bir qədər kövrəkliklə, bir qədər narahatlıqla, üzünü görmədiyi Zəngilana sarı tutub pıçıldamışdı: Səni də azad edəcəyik! Həm də yaxın vaxtlarda! Sonra atasına, anasına xitabən demişdi: Sizi intizardan qurtaracağıq! Həm də yaxın vaxtlarda!

Belə sevgi, torpağa, Vətənə bu müqəddəslikdə məhəbbət mənəvi zənginlikdi; Həsən Vüqar oğlu, yəni Azərbaycan ordusunun zabiti, baş leytenant Həsən Rzazadə belə oğul idi. Müəllimləri də belə xatırlayır Həsəni, kursant yoldaşları da, zabit yoldaşları da, əsgərləri də. Belə xatırlanma yaşanılmış duru, gərəkli, dəyərli ömürə görədi. Belə ömürlər heç zaman unudulmur. Əslində, ömür kəlməsinin fəlsəfəsi də elə budur!..

Kəndlər, strateji yüksəkliklər azad edildikcə döyüşçülərin qələbə ruhu daha da yüksəlirdi. Hər biri Qələbənin tezləşməsi üçün daha qətiyyətlə, daha böyük istəklərlə döyüşürdülər. Vətən müharibəsinin sonuncu gülləsinin daha tez atılması, düşmənlərin torpaqlarımızdan daha tez təmizlənməsi üçün...

Cəbrayıl rayonunun mühüm yüksəkliklərinin, kəndlərinin, qəsəbələrinin işğaldan azad olunması uğrunda döyüşlərdə də mövqe qələbələri qazanılırdı. Baş leytenant Həsən Rzazadə də, əsgərləri də qətiyyətlə, mərdliklə döyüşürdü. Bir neçə kəndin erməni işğalçılarından azad olunmasında iştirak etmişdilər, düşmənin onlarca canlı qüvvəsini, döyüş texnikasını sıradan çıxartmışdılar...

Hərbi hissə döyüşü Qubadlı istiqamətində davam etdirəcəkdi.

Bir video-görüntüyə baxmışam: Həkəri çayı, çaya yıxılı ağac. Yıxıblarmı, yıxılıbmı, kəsilibmi, bilinmir. Ağac torpaqdan üzülsə də, torpaqdan "əlini üzmür". Son nəfəsində Həkəriyə nəsə demək istəyir elə bil. Elə bil bu anlar ağacla çayın son kəlmələşməsidi. Ağacın bu məhrəmliyi mənə Səməd Vurğunun bir misrasını xatırladır: Biz gəldi-gedərik sən yaşa, dünya (yəni bu məqamda torpağa xitabən "Biz gəldi-gedərik, sən yaşa, torpaq" deyildiyini gümanlayaq). Ağac çaya döşəlidi. Kimsə onun üzərindən ovuclayıb su içir, əl-üzünü yuyur. Sonra üzü göylərə baxır. Bu, sevgidi, bu, həsrəti suya çəkməkdi, bu, qarşı tərəfə aparacaq yolda nəfəsdərmədi, Vətən müharibəsində qətiyyətlə, mərdliklə, dönməz qələbə ruhuyla döyüşən baş leytenant Həsən Rzazadədi. Bu kadr onun mənəvi dünyasının üfüqlərini də şərtləndirir...

Oktyabr ayının 29-u idi.


Laçın rayonun Süfyan kəndi uğrunda çətin döyüşlər gedirdi. El deyimlərinə bələd olanlar bilir ki, insan ölüm ayağında nisbətən dirçəlir. Ermənilər belə bir dirçəlişlə müqavimət göstərirdi. Hələ ki, düşmənin müqavimətini qıra bilməmişdilər. Zabitlər döyüşçülərin döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Əsgərlər bu kükrəyişin qələbə ilə nəticələnəcəyinə əmin idilər...

Hücum əmri verildi.

Düşmən həm də minaatanların gücündən istifadə edirdi. Ermənilər ara-sıra döyüşçülərimizin mövqeyinə atəş açırdı. Belə atəşlərin həm nəzəri baxımdan, həm də təcrübi baxımdan nəyə xidmət etdiyini bilirdilər. Onu da bilirdilər ki, belə döyüşlərdə belə müdafiə həm də gücü komplektləşdirməyə, cəmlənməyə, daha mobil müdafiə olunmağa da xidmət edə bilər; gümanlardan gerçəkliyə aparacaq döyüşə az qalırdı.
Düşmənin qüvvəsi haqqında kəşfiyyat məlumatları da vardı, döyüşün gedişini təhlil etməklə düşmənin faktiki silah-sursat ehtiyatını müəyyənləşdirmişdilər. Komandanlığın razılığıyla düşmənin taktiki yanıltmacına ciddi cavab vermirdilər, hücuma hazırlaşırdılar.

Hücum başladı.


Düşmən döyüşçülərimizi daha çox minaatanlardan atəşə tutsa da, döyüşçülərimizin yolunu kəsə bilmədi; düşmənin müqaviməti qırıldı. Döyüşçülərimiz sürətli hücumla irəlilədikləri anlarda baş leytenant komandanlığa döyüşlə bağlı təcili məlumat vermək üçün rabitəçinin yanına tələsirdi. Bu anlarda yaxınlıqlarına mərmi düşdü. Qəlpələr igid baş leytenantı ağır yaraladı; bu yaralar şəhidlik yaralarıymış...

Belə ağır yaralardan sonra baş leytenant Həsən Rzazadə tarazlığını saxlaya bilməzdi. Torpağa yıxıldığı anlarda təntələk yel əsməyə başladı. Döyüşçülər bu anlarda Həkəriyə yıxılan ağacı xatırlamışdılarmı görəsən? Görəsən, baş leytenant Həsən Rzazadə son nəfəsində sevdiyi torpağa nə deyib?..

Vətən müharibəsi Zəfərlə başa çatdı...

Torpaqlarımız işğaldan azad edildi...


Baş leytenant Həsən Rzazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib...

Zəngilanın Mincivan qəsəbəsinə dönüşündə qardaşları Bəhmən, Nicat, Nuran hərəyə bir ağac əkəcək. Bu da şəhid ömrünə ehtiram olacaq...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın