44 günə bitən savaş, 6 aydır bitməyən qovğa

10, 05, 21
16:00

44 günə bitən savaş, 6 aydır bitməyən qovğa


Ötən ilin noyabrın ayının 10-dan bəri sosial şəbəkələrin Azərbaycan seqmentində şiddətli bir savaş gedir. Təmas xəttinin hər iki tərəfində duran və gecə-gündüz demədən, atəşkəs razılaşmasına getmədən “atışan”lar azərbaycanlılardır.

Bu “müharibə”nin əsas “nifaq alması” 44 günlük müharibənin nəticələrinə baxışdır. Bir tərəf inadla bunu “tam və qəti qələbə” elan edir, o biri tərəf isə torpaqlarımızın böyük hissəsinin, eləcə də azad olunacağı fantastika kimi görünən Şuşanın erməni işğalından qurtarılmasını “heçə-puça” çıxarır.

Dünən faşizm üzərində qələbənin Xankəndi şəhərində rus sülhməramlıları və ermənilər tərəfindən qeyd olunması bu mübahisələri bir az da şiddətləndirib. Feysbukda elə şeylər yazırlar ki, adam mat qalır.

Bir qrup erməninin Xankəndi şəhərində əzik və miskin bir şəkildə keçid etməsi, tarixi qələbənin təntənəsindən çox, 6 ay əvvəlki məğlubiyyətin hüznü ilə müşayiət olundu. O yürüşün axırı qəbristanlıqda ağlaşma ilə bitdi. Ancaq ictimai-siyasi fəallarımız bu faktı yox, ermənilərin Xankəndi şəhərindəki mövcudluğunu qabartdılar.
 
Aydın məsələdir, ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında atəşkəs razılaşması əldə olunmasaydı, müharibənin gedişatı eləydi ki, bir neçə günün (və ya həftənin) içində Qarabağ münaqişəsi tam və qəti şəkildə həll olunacaqdı. Amma elə olmadı və bunun hər kəsə bəlli ciddi səbəbləri var.

Birincisi, ermənilərin silah gücünə Azərbaycan torpaqlarından elliklə qovulub çıxarılması hərbi cinayət elan ediləcəkdi. Zorakı və kütləvi deportasiya bir xalqa qarşı törədilən soyqırım siyasətinin tərkib hissəsi sayılır və bu akt beynəlxalq məhkəmədə mühakimə olunur.

İllərdir bu barədə yazılır, deyilir, amma hələ də bizdə bir çoxları yeri gələn kimi belə bir fikir səsləndirirlər ki, erməniləri ellikcə Qarabağdan qovmalıyıq. Hətta bu kimi fikirlərdə daha da irəli gedənlər var, amma onların düşüncələrinin fel hissəsini yazmıram.

Bütün bunları edə bilərikmi? Heç əlimizi açmağa imkan verməzlər. Necə ki, tankımızın lüləsi Xankəndiyə dirənən kimi Rusiya gövdəsini qabağa verdi, irəliləməyimizə imkan vermədi. Hələ bunun ABŞ-ı, Fransası da vardı.

Böyük güclərlə, bütün dünya ilə döyüşmək gücümüz varmı? Tək bizim yox, dünyanın heç bir qüdrətli dövlətinin dünya ilə savaşmaq gücü yoxdur. Hər bir dövlət öz ambisiyasını bəlli bir çərçivədə yeridə bilər, heç kim əndazəni aşa, uzun müddət “burda mənəm, Bağdadda kor xəlifə” ədası sərgiləyə bilməz. Gec-tez onu yerində oturdacaqlar.

Bizim Qarabağ münaqişəsinin hərbi yolla çözülməsi istiqamətində gedə biləcəyimiz yer Şuşadan Xankəndiyə doğru enişlərə qədər idi və biz ora qədər çox sürətlə getdik. Ordan o tərəfə 200 il bundan əvvəl Qarabağa müdaxilə etmiş rus əsgərinin mövqeyidir. Acı reallıq bundan ibarətdir.

Emosiyalarla yox, ağıl-kamalla, səbr və təmkinlə siyasət yürüdən istənilən dövlət adamı bu reallıqlarla hesablaşmağa məcburdur. O, bununla barışmaya da bilər, amma hesablaşması zəruridir.

Ötən il bu vaxt Ermənistanın baş nazirinin Şuşada, Cıdır düzündə bizə acıq verirmişcəsinə yallı oynamasından qeyzlənən və Şuşanın raketlə vurulmasını istəyən milyonlarla vətəndaşımızın 28 illik arzusu gerçəkləşib, Şuşa artıq yenidən özümüzədədir. Amma arzudan arzu doğub, indi də gözümüz haqlı olaraq Xankəndidədir.

Ancaq bir şeyi bilməliyik: günü bu gün Xankəndi şəhəri Azərbaycan hərbçilərinin nəzarətinə keçsə belə, biz orada yaşayan bütün erməniləri bir günün içində şəhərdən kürüyüb ata bilmərik. Belə bir hüquqa malik deyilik. Əksini edənləri dünyadan təcrid edər, haqsız duruma salar, qanundankənar elan edərlər.

Ona görə də tez-tez “bu necə qələbədir ki, Ağdərə, Xankəndi, Xocavənd ermənidə qalıb” deyə qulağa xoş gələn demaqogiyaya yol vermək olmaz. Adı çəkilən yerlər 150 ildir erməni millətindən olan Azərbaycan vətəndaşlarının yaşadığı nahiyələrdir. Sadəcə, biz orada Azərbaycan qanunlarının işləməsini, idarəetmə orqanlarının paytaxt Bakıya tabe olmasını təmin etməliyik. Bu isə, belə görünür ki, zamana bağlı məsələdir.
 
28 ilin işğalına dözən xalq 1-2 il daha səbr etməlidir.

Hər dəfə ermənilər Xankəndidə nəsə bir toplantı keçirəndə, ayrı-ayrı siyasi fəallar məğlubluğun doğurduğu acı ilə başlarından böyük sözlər danışanda biz burada hövllənməli deyilik, səbrlə, qədəm-qədəm öz işimizi görməliyik, güclənməliyik, Qarabağın azad olunmuş məkanlarına əsaslı şəkildə yerləşməliyik.
Bu baxımdan 6 aydan bəridir daxilimizdəki bu qovğanı bitirməliyik, əldə etdiyimiz nailiyyəti möhkəmləndirərək, öndəki hədəflərə baxmalıyıq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın