Quranı öpən, məsciddə dua edən Roma Papası

26, 04, 21
16:00

Quranı öpən, məsciddə dua edən Roma Papası


O, Allahın sonuncu elçisinə də peyğəmbər dedi


1978-ci ildə 58 yaşı olan II İohann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olaraq 1978-2005-ci illər arasında (27 ilə yaxın) katolik xristianların dini lideri olub. O, Roma Katolik Kilsəsinin başçısı qismində 32 il iqtidarda qalan IX Piydən sonra (1846-1878) ikinci yerdə gəlir.

Xristian dünyasında aşırı nüfuz sahibi olan II İohann Pavel 1999-cü ilin mayın 14-də sunami effekti ilə müqayisə oluna biləcək bir addım atdı. Romanın Baş yepiskopu nümayişkaranə şəkildə Quranı öpdü. O vaxt bir çox Qərb media orqanları “Roma Papası küfr edən kitabı öpdü”, qismində xəbərlər yaydılar.

Müsəlmanların müqəddəs kitabına belə xoşagəlməz münasibətin səbəbi tarixdən qaynaqlanır. Məlumdur ki, islam dini yaranandan xristianlarla müsəlmanlar arasında dəfələrlə savaş olub. Bu savaşın ideoloji əsasları bəllidir. Belə ki, Quranda İncillə (Bibliya) uzlaşmayan fundamental məsələlər var. Məsələn, xristian əqidəsinə görə Tanrı birdir, ancaq 3 sifətə malikdir: Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianlıq meydana gəldiyi zaman erkən xristianlar “Üç üqnum" (yaxud "Müqəddəs Üçlük”) ifadəsindən istifadə etməmişlər. Bu anlayışı xristian dininə II əsrdə yaşamış ilahiyyatçı Antakyalı Teofilos gətirib. İkinci, önəmli məqam: xristianlara görə, İsa Məsih Allahın oğludur və ilahi mənşəli varlıqdır.

Təbii ki, bu iki müqəddəs kitab arasında başqa fərqli və ziddiyyətli məqamlar da var. Ancaq mövzudan kənarlaşmayaq. Məhz bu kimi amilləri nəzərdə tutaraq Qərb mediası o vaxt “Roma Papası küfr edən kitabı öpdü” kimi ifadələrə üstünlük verdi.
13.jpg (19 KB)
Polyak əsilli II İohann Pavel 2000-ci ilin 12 aprel günü auditoriya qarşısında Mərakeş kralı Məhəmməd VI bən Əl-Xəsən ilə görüşdü. 1999-cü ildə taxta çıxan gənc kral ilə söhbətində Roma Papası son dərəcə tarixi önəm daşıyan bir ifadə işlətdi. Gənc kralın əcdadının kimliyinə toxunan II İohann Pavel belə bir sual verdi: "Siz peyğəmbərin nəslindənsiz, elə deyilmi?" Eşitdiyi sualdan gözlə görünən həddə təəccüblənən və bu sualdan son dərəcə məmnun qalan kral dedi: “Müqəddəs varlığınıza ərz edim, elədir ki, var”.

Təqdim etdiyimiz fraqmentdə önəmli olan odur ki, xristian dininin mövcud olduğu 2 min il ərzində Roma Papası Məhəmmədin Allahın elçisi olduğunu etiraf edərək, onu peyğəmbər adlandırdı. Baxmayaraq ki, xristian dünyası tarixən islama qarşı düşmən mövqeyində olub. Bu düşmənçilk o həddə idi ki, bütün Avropa xalqları Roma Papasının göstərişi ilə müsəlmanlara qarşı səlib yürüşləri keçirirdilər. O vaxtlar İslama, Qurana, İslam peyğəmbərinə Xristian Dünyasında münasibətin necə olduğunu təsəvvür etmək üçün bir neçə bariz nümunəyə, özü də ən yumşaqlarına diqqət edək:

Orta əsr filosofu və ilahiyyatçısı Akvinalı Foma (və ya Tomas Akvinat) katolik xristianların fikir babalarından biridir. O, İslam haqqında son dərəcə aqressiv baxışlara sahib olub. O, xristianlara müraciətlə yazırdı: “Məhəmmədin türbəsində ibadət edən hər kəs mürtəd sayılır”.
Assizli Fransisko məşhur katolik din xadimidir. O, Fransiskan Ordeninin (dini təşkilat) banisidir. Müsəlmanları xristian dininə cəlb etmək üçün usanmadan təbliğat kampaniyası aparıb: “Biz sizə İsa Məsihə inamı təbliğ etmək üçün gəlmişik ki, şeytanın ən pis köləsi olan Məhəmməddən imtina edib bizim kimi əbədi həyat əldə edəsiz”.

Papa IV Eugenius (1431-1447) 1434-cü ilə yazırdı: “Allahın köməyi ilə xristianların birləşməsinin başqa bir fayda gətirəcəyinə də inanırıq. Bu ittifaq qurulduqdan sonra iyrənc Məhəmməd təriqətindən çoxunun Katolik inancına keçəcəyinə ümid edirik”.

Aydındır ki, II İohann Pavel bütün bunlardan yaxşı xəbərdar idi, ancaq buna baxmayaraq o, müsəlmanlara qarşı son dərəcə ciddi və xoşməramlı bir addım atdı. O, Quranı öpməklə, Allahın sonucu elçisinə rəsmən peyğəmbər deməklə kifayətlənmədi. 6 may 2001-ci ildə o, Suriyadakı Əməvi məscidinə (Şam Cümə məscidi) daxil oldu. Roma İmperatoru I Konstantinin dövründə Yahya peyğəmbərin şərəfinə tikilən binada ibadət etdi.
14.jpg (32 KB)
Tarixdən o da bəllidir ki, o, türkiyəli Mehmet Əli Ağca Müqəddəs Pyotr meydanında xalqa müraciət edən II İohann Pavelə bir neçə dəfə tapançadan atəş açıb. 13 may 1981-ci ildə baş verən bu olay zamanı ağır yaralanan Roma Papası bədənində olan qanın dördə üçünü itirib. Buna baxmayaraq həkimlər onu xilas edə biliblər.

1983-cü ildə isə Roma Papası Əli Ağca ilə həbsxanada görüşdü və onu qətl etmək istəyən cinayətkarı bağışladığını bəyan etdi. 19 il zindanda yatdıqdan sonra Əli Ağca Papa tərəfindən əfv edildi. O, 2000-ci ildə Türkiyəyə döndü və yenidən həbs olundu. Bu dəfə isə o, 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürdüyünə görə həbsə atıldı...

Maraqlıdır ki, Əl-Qaidə terror təşkilatı da II İohann Paveli öldürmək üçün plan cızıb. 1995-ci ildə Filippində Dünya Gənclər Günü ilə bağlı izdihamlı tədbir keçiriləcəkdi. Yanvarın 15-də planı həyata keçirməli olan qrupun bütün üzvləri həbs olundu.

Müsəlmanlarla xoş münasibətdə olan II İohann Pavel 2000-ci ildə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə görüşüb. Onlar birlikdə qondarma erməni genosidi ilə bağlı bəyanat veriblər. Yəni, erməni genosidi məsələsi Qərbin beyn mərkəzləri tərəfindən daim gündəmdə saxlanılıb. Hətta müsəlmanlara xoş münasibətdə olan Papa da bu planın cızdığı çərçivədən kənara çıxa bilməyib.

Roma Papası buddistlərlə də sıx münasibətdə olub. Belə ki, o, 8 dəfə XIV Dalay Lama ilə görüşüb. O da maraqlıdır ki, onların hər ikisi kommunist ölkəsində (Polşa və Çin) doğulmuşdu.

II İohann Pavelin İslam Dünyası ilə anlaşmaq cəhdi təsirsiz ötüşmədi. Belə ki, ondan sonra Poma Papası seçilən XVI Benedikt (2005-2013) İslam dünyası ilə dialoqa can atdı. Danimarka qəzeti, daha sonra isə digər Avropa nəşrləri sevimli peyğəmbərimizin karikaturalarını yayanda XVI Benedikt buna etiraz etdi.
16.jpg (72 KB)
Ancaq onun 2006-cı ilin sentyabrındakı çıxışı İslam Dünyasında ciddi narazılıq doğurdu. Belə ki, çıxışında XIV əsr imperatorundan sitat gətirən Roma Papası dedi: “Məhəmmədin dinə gətirdiyi hər hansı bir yeniliyi mənə göstərin, gətirdiyi şeytani və qeyri-insani şeylərdir. O, (Məhəmməd peyğəmbər) dini qılınc gücünə yaymağı əmr etmişdi”.

Bu çıxışa etiraz olaraq Türkiyə, Pakistan, Hindistan, Fələstin və digər müsəlman ölkələrində kütləvi etiraz aksiyaları keçirildi. Bir daha məlum oldu ki, katolik kilsəsi İslam Dünyası ilə anlaşmaqda o qədər də maraqlı deyil...

II İohann Pavel 1995-ci ildə Flippinə-Manilaya səfər etdi. 100 milyon əhalisi olan, əsasən katoliklərin yaşadığı ölkənin 6 milyon sakini Papanı qarşılamağa çıxmışdı. Papanı görməyə gələnlər arasında müsəlmanlar da az deyildi. Bu tədbir miqyas baxımından dünya tarixində ən möhtəşəm görüşlərdən biri kimi qeyd olunur.

Dünya şöhrətli boks kralı Məhəmməd Əli əvvəl xristian olub. Daha sonra isə dinini dəyişərək islamı qəbul edib. Buna görə də o, katoliklər tərəfindən də ciddi şəkildə hücumlara məruz qalıb. Buna baxmayaraq, II İohann Pavel 1982-ci ildə Vatikanda Məhəmməd Əlini qəbul edib.
15.jpg (25 KB)
Katoliklərə görə Həvari Pyotrun xələfi olan II İohann Pavelin 2002-ci ildə mərhum prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana səfəri katolik dünyasında geniş rezonans doğurdu. II İohann Pavel Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdü. 2004-cü ildə Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana səfər edən Şeyxülislam Allahşükür Paşazadəyə məktubunda Roma Papası belə yazmışdı:

“Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertoni prezident İlham Əliyev tərəfindən martın 7-də qəbul edildi. Onların iştirakı ilə elə həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin açılışı oldu. Qeyd edim ki, Bakıda katolik kilsəsinin tikintisinə yer ayrılması xahişi ilə II İohann Pavel şəxsən Heydər Əliyevə müraciət etmişdi.

Təəssüf ki, II İohann Pavelin xristianlarla müsəlmanlar arasında dostluq münaibətlərinin yaranması üçün atdığı mütərəqqi addımların davamı olmadı. Dünyanın bu iki dini arasında körpü salmaq cəhdi yarımçıq qaldı.

Ancaq mən əminəm ki, nə vaxtsa o körpü salınacaq. Və dinlər arasında əldə olunacaq anlaşma bəşər sivilizasiyasının inkişafına təkan verəcək...

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın