Rus politoloqların Cocuq Mərcanlıdan İrəvana mesajı...

02, 07, 18
15:05

Rus politoloqların Cocuq Mərcanlıdan İrəvana mesajı...

Rus politoloqların Cocuq Mərcanlıdan İrəvana mesajı...



Rusiya artıq dərk edir ki, regionda onun ən böyük partnyoru Azərbaycan ola bilər. Əks halda Rusiya Azərbaycan kimi strateji əhəmiyyətli bir dövləti itirər, eyni zamanda, meqa layihələrdə iştirak etməkdən məhrum olar.
Bu sözləri Axar.az-a “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda Cocuq Mərcanlıda keçirilən konfransı və orada səsləndirilən iddialı çıxışları dəyərləndirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, son vaxtlar Paşinyan daha çox anti-rus siyasəti həyata keçirir:
“Paşinyana aid bəzi KİV-lərdə Rusiya bazalarının Ermənistandan çıxarılması, eyni zamanda, həmin ərazidə olan bazaların icarə haqqının ödənilməsi və s. ilə bağlı çıxışlar Rusiyanı müəyyən qədər hərəkətə keçməyə vadar edir. Məlum məsələdir ki, Azərbaycan bu gün geosiyasi xəritəni dəyişən və Cənubi Qafqazda mühüm əhəmiyyət kəsb edən komnukasiyaların keçdiyi dövlətdir. Azərbaycanın öz siyasətində əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya bu məsələdə ən aktual və vacib açar fiqurlardan biridir. Rusiya bu gün SSRİ-nin sələfi kimi bütün problemləri öz üzərinə götürür. Buna görə də o, Dağlıq Qarabağ məsələsinin həllində də mühüm addımlar atmalıdır. Bunu Putin hakimiyyəti də başa düşür. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədri kimi də Rusiya bu məsələnin həlli üçün məsuliyyət daşıyır. Artıq deklarativ bəyanatlar bir kənara qoyulmalı və əvvəl-axır bu məsələ həll olunmalıdır. Separatçılara müstəqillik sözü verən Sərkisyanlar, Paşinyanlar və digərləri də yaxşı bilir ki, sonda bu məsələ böyük müharibələrə gətirib çıxara bilər”.
Politoloq vurğulayıb ki, yeni başlayacaq Qarabağ savaşı regional müharibəyə çevrilə bilər:
“Bu da Rusiyaya heç bir halda müsbət təsir etməz. Çünki ortada Gürcüstan, İran, Türkiyə faktoru var. Regional aktorların bu məsələyə təsirini nəzərə alan Rusiya münaqişənin həllində nüfuz sahibi olan dövlət kimi özünü göstərməyə çalışır. Bu baxımdan Rusiyanın nüfuzlu politoloqlarının iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir. Konfransın yeri və burada səslənən fikirlər xüsusilə Ermənistana xüsusi mesaj verir. Bu konfrans həm də onu göstərir ki, Rusiya-Ermənistan əlaqələrindən fərqli olaraq, Rusiya-Azərbaycan münasibətləri normal məcrada inkişaf edir”.
Politoloq vurğulayıb ki, bu gün Xəzərin statusu, Türkiyə-Rusiya münasibətləri baxımından yanaşanda da Rusiya üçün regionda mühüm əhəmiyyət kəsb edən dövlət Azərbaycandır.
Qeyd edək ki, dünən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib və konfrans iştirakçıları cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət ediblər.

Bizimlə əlaqə saxlayın