“Biz təlimatla işləmirik” - Prezident Əliyev o məşhur sənədlə bağlı bütün həqiqətləri açdı

10, 03, 21
20:00

“Biz təlimatla işləmirik” - Prezident Əliyev o məşhur sənədlə bağlı bütün həqiqətləri açdı


Azərbaycan hakimiyyətinin Avroatlantik məkana inteqrasiya istiqamətində Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı sazişi niyə imzalamadığını ekspertlər geosiyasi, strateji amillərlə əlaqələndirirdilər. Bu sazişi imzalayan ölkələrdə inqilablar, çevrilişlər olduğu, yaxud da Rusiyadan ciddi təzyiqlər başladığı fikirləri səslənirdi. Azərbaycan hökumətinin də bu mənada tərəddüd etdiyi, Moskva amilini nəzərə aldığı mülahizələri irəli sürülürdü. Yəni Bakı ehtiyatlı siyasət yürüdür.

Prezident İlham Əliyev YAP-ın qurultayındakı çıxışında Aİ ilə assosiativ sazişin nə üçün imzalanmadığına aydınlıq gətirdi. Bu, ilk dəfə açıq və həm də siyasi ictimaiyyətə bir o qədər məlum olmayan mövqe idi. Prezident sazişin bağlanmamasını mahiyyətcə izah etdi və məlum oldu ki, Ermənistanın, Moldovanın, Ukraynanın və Gürcüstanın imzaladığı heç də sənəd yox,  təlimat kitabçası imiş.

Sitat: “Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. ”Şərq tərəfdaşlığı" ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək".

Beləliklə, rəsmi Bakı Aİ ilə əlaqələrdə heç də Kreml faktorunu deyil, sənədin əhəmiyyətini nəzərə alıbmış. Adıçəkilən postsovet respublikaları təlimat kitabçasında göstərilən öhdəlikləri yerinə yetirməlidirlər. Bu isə hər hansı hüquqi sənəd və yaxud saziş deyil, tövsiyə xarakterli kitabçadır. Ona görə Azərbaycan tərəfi bərabərhüquqlu sazişlə bağlı iş aparır və Prezidentin sözlərindən belə aydın olur ki, postpandemiya dönəmində Aİ ilə hərtərəfli saziş imzalanacaq. Əgər bu saziş imzalanarsa, Bakı üçün Moskva əngəl ola bilərmi? Biz Aİ ilə sazişi necə təsəvvür edirik?
Asim Mollazadə AŞPA Monitorinq komitəsinin üzvü seçilib
Asim Mollazadə: “Bizə ”Böyük qardaş" lazım deyil, Azərbaycan tərəfdaşlıq istəyir və Brüssellə saziş üzərində iş gedir"

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan iqtisadi nöqteyi-nəzərdən böyük qurumlardan hansısa yardımlar gözləmir. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq istəyir. Deputat hesab edir ki, Azərbaycan Avropa Birliyi ilə enerji tərəfdaşlığında böyük rol oynayır, bununla yanaşı, qarşılıqlı maraqlar əsasında münasibətləri formalaşdırmaq istəyir. “Belə desək, Azərbaycan öz müstəqilliyinə həssas yanaşır. Bizə ”Böyük qardaş" lazım deyil. Azərbaycanın əməkdaşlığa ehtiyacı var və bir sıra Avropa ölkələri ilə tərəfdaşlıq sazişləri də imzalanıb. Eyni zamanda Brüssellə saziş üzərində iş gedir, əminəm ki, həmin sənəd asılılıq yox, sərbəstlik və tərəfdaşlıq yaradacaq. Bizim marağımız bundan ibarətdir" - deyə, A.Mollazadə vurğuladı.

Deputat qeyd etdi ki, Azərbaycan AB ölkələri ilə humanitar, təhsil və başqa sahələrdə əməkdaşlıq edir: “Ümidvaram ki, bu əməkdaşlıq müvafiq sənəddə də öz əksini tapacaq. Digər ölkələrə gəlincə, hər şeyi müşahidə etmək imkanımız var. Bəziləri etiraf edirlər ki, Avropa Birliyinə daxil olmaq və güzəştlər onların maraqlarına uyğun olmayıb, problemlərə gətirib çıxarıb. Məsələn, Mərkəzi Avropa ölkələrinin Brüssellə münasibətlərini nümunə gətirə bilərəm. Bu problemlər Brüsselin üzərinə böyük rəhbərlik hüququ qoyur, böyük olmayan dövlətlərin maraqları nəzərə alınmır. Bu da Avropa skeptizminə səbəb olur. Çünki Avropa Birliyinin bürokratikliyi müəyyən şeyləri diktə edir, Brüsselin bəzi ölkələrlə gərginliyinə gətirib çıxarır. Azərbaycanın isə müstəqil siyasət yürütmək imkanları genişdir”.

Rusiya amilinə gəldikdə, A.Mollazadə bildirdi ki, həmin ölkələrin Kremllə münasibətlərində gərginliyə səbəb daha çox AB deyil, NATO ilə sazişlər, üzvlük müraciətləri olur: “Misal üçün Ermənistan bir neçə dəfə oyunlar oynadı. Rusiya iqtisadiyyatından tam olan ölkənin səyləri Rusiyada qıcıq oyatdı”.
Fərhad Mehdiyev: “Valideynlərə tapşırıq verilib ki, gəlib Məlahət  İbrahimqızına səs versinlər" - Azinforum.az İnformasiya Portalı
Fərhad Mehdiyev: “İstisna edilmir ki, Azərbaycanın bu qurumla yaxınlaşması Rusiyanın Qarabağ məsələsində mövqeyində dəyişikliyə səbəb ola bilər”

Beynəlxalq hüquq üzrə professor, siyasi ekspert Fərhad Mehdiyevin  bildirdiyinə görə, ilk növbədə Rusiya faktoru əhəmiyyətlidir:

 “Ukrayna Avropa İttifaqı ilə saziş bağlayanda Rusiyanın daxili işlərinə hansı müdaxilə etdiyini görmüşük. Ona görə bizim Qarabağ məsələsi və Avropa İttifaqı ilə əlaqələri tərəziyə qoysaq, təbii ki, Qarabağ daha vacibdir. İstisna edilmir ki, Azərbaycanın bu qurumla yaxınlaşması Rusiyanın Qarabağ məsələsində mövqeyində dəyişikliyə səbəb ola bilər. İndi bizim üçün Qarabağ məsələsində Rusiyanın yanaşması çox önəmlidir”.

F.Mehdiyevin fikrincə Rusiya regionda Avrointeqrasiyanın güclənməsinə qarşı avrasiyaçılıq meyllərini qurur: “İqtisadi sahədə olsa belə, Avrointeqrasiyaya qarşıdır. Amma Azərbaycanın Avropa İttifaqı ilə assosiativ sazişi bağlaması üçün bir çox tələblər də var ki, onların Rusiyaya aidiyyəti yoxdur. Məsələn, mütləq şəkildə Ümumdünya Ticarət Təşkilatına qoşulmaq lazımdır. Bu quruma qoşulmaq Rusiyanı qıcıqlandırmır. Hətta səhv etmirəmsə, bir çox MDB ölkələri həmin təşkilata üzv olub. Sadəcə, Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üzərimizə öhdəliklər qoyacaq. Malların idxalında rüsumların azaldılması, gömrük rejiminin yumşaldılması, inhisarçılığın göstəricilərinin aşağı salınması vacibdir. Bundan sonra bizi təşkilata üzv qəbul edərlər. Bu məsələlər var və onlar olmadan saziş mümkün deyil”.

Ekspert düşünür ki, sazişin bağlanması bu il reallaşmayacaq: “Bir az vaxt aparacaq. Hər şey üçün ilk növbədə, dediyim kimi, Ümumdünya Ticarət Təşkilatına qoşulmalısan, daxili qanunvericilikdə dəyişikliklər etməlisən. Əgər bu tələblər yerinə yetirilsə, gələn il saziş bağlana bilər. İndi hansısa xüsusi müqavilə imzalana bilər, amma fikirləşdiyimiz  səviyyədə sənəd olmayacaq”.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın