“Azadlığın Ad günü” - VİDEO

27, 12, 20
15:00

“Azadlığın Ad günü” - VİDEO

Həmişə olduğu kimi, dekabrın 20-də- bazar günü axşam saat 21:00-da REAL TV-də “Mir Şahinin vaxtı” nı izləmək üçün televizorun qarşısında oturdum. Və bir də gördüm ki, “Mir Şahinin vaxtı” proqramı ötən həftələrdən birinin təkrarıdır. Doğrusu, yaşadığımız zamanın həyəcanları məni bir az da narahat etdi. “Zəfər günlərimizin yeni-yeni xəbərlərlə dolu həftənin İnformasiya panoramını bizə təqdim edəcək Mir Şahin niyə efirdə yoxdur?” sualına cavab tapmaq üçün REAL-a təcili zəng vurdum.Və sağ olsun, Samirə Səfərəliyeva dərhal mənim narahatlığıma son qoydu: “Müəllim,-dedi-Mir Şahin Suqovuşandadır, sənədli film çəkirlər, bir-iki günə qayıdacaq”. 

Samirə xanımın bu cavabından sonra mən Mir Şahindən yeni bir sənədli telefilm gözləməyə başladım. Ustad jurnalist bizi çox gözlətmədi. Zəfər qələbəmizin uğur sahibi, ordumuzun “birinci əsgəri” (Mir Şahin), Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin ad günü ərəfəsində- dekabrın 23-də REAL TV tamaşaçılara Mir Şahinin sənədli filmini təqdim etdi “Azadlığın Ad günü”!
 
Azərbaycan ədəbi-ictimai fikrində Mir Şahinin sərlövhə ustalığı həmişə yüksək​ qiymətləndirilib. Onun bir zamanlar çox populyar olan ​ “Milli metr” sərlövhə -tapıntısını xatırlamaq kifayətdir. “Azadlığın Ad günü”​ özünün kontent-mahiyyətinə görə iki mühüm məzmun kəsb edir: birincisi, azğın Ermənistanın 30 illik işğalından azad olunmuş torpaqlarımızın Bütöv Azərbaycan mahiyyəti daşıyan ad günü, ikincisi, bu qələbəni, bu qüruru bizə yaşadan ​ Ordumuzun Ali Baş Komandanının ad günü! Bu iki ad gününü​ Mir Şahin tarixə yazılacaq bir telefilmlə tamaşaçılara təqdim etdi:
 
Çox qısa bir vaxtda meydana qoyulan bu sənədli telefilm, əlbəttə, 44 günlük Vətən müharibəsinin səlnaməsidir. Lakin müəllif ​ bu 44 günün fonunda Ali Baş Komandanın 17 illik Prezidentlik dövründə torpaqlarımızın işğaldan azad olunması idealı ilə bağlı siyasi, iqtisadi, ordu quruculuğu, hüquqi haqqımızın beynəlxalq arenaya çıxarması, dünyada görünməmiş diplomatik manevrləri və s. kimi dəyərli fəaliyyətini vizual faktlarla təhlil etmiş, onları ümumiləşdirərək qələbənin tarixi panoramını yaratmışdır.

 Filmin əsas süjet xəttində işğaldan azad olunmuş rayonlarımız dayanır. Mir Şahini filmin hər səhifəsində həmin rayonların birində görürük. Mir Şahin bir jurnalist kimi həmin bölgələri çox yaxşı tanıyır. Yaşlı və orta nəslin yaxşı yadındadır: Mir Şahin hələ birinci Qarabağ müharibəsində o yerlərin gecəsini-gündüzünü yaşamış bir jurnalistdir. 

Birinci Qarabağ müharibəsində işğal olunan hər rayonumuzun ağır məğlubiyyət ağrısını yaşayan, bu məğlubiyyətin səbəblərini ​ obyektiv şəkildə, amma ürək yanğısı ilə təhlil edən Mir Şahin “Azadlığın Ad günü”ndə qələbəmizin qürurunu yaşayırdı. O, qalib ordumuzun işğaldan azad etdiyi rayonları kəndbəkənd, şəhərbəşəhər gəzir və bu dəfə onun gözlərində, manerasında qürur hissi, qələbəmizdən doğan fəxarət hissi görünür. Qələbəni qazanmış, bizi otuz illik arzumuza çatdırmış igid əsgərlərimiz! Mir Şahin onlara olan vətəndaş-jurnalist sevgisini hər an hiss etdirir: filmin aparıcı personaları əsgərlərdirlər. Onların Vətən sevgisi filmin leytmotividir. Onların hər birinin nitqində Vətən müharibəsinin tarixi faktları yer alır, Vətənin keşiyində necə vüqarla, sərvaxt dayandıqlarından​ qürur duyuruq.
 
Bu yollardan keçməyə, əsgərlərimizlə səmimi görüşlərə Mir Şahinin vətəndaşlıq-jurnalistlik haqqı daha çox çatır. Çünki, o, filmdə lentə aldığı yerləri, lentə aldığı qəhrəman əsgərləri elə qızğın döyüş meydanında da öz reportajlarında əks etdirmişdi. İndi isə sakit bölgələr, nisbətən rahatlaşmış​ əsgərlər. Əsgərin nitqində Ali Baş Komandana təşəkkürlər, Vətənin keşiyində ayıq-sayıq durmaq vədləri...
 
“Azadlığın Ad günü” otuz ilin torpaq həsrətinin, ötən məğlubiyyətin, bu günkü qələbənin tarixidir. Prezidentin neçe il müddətində torpaq uğrunda mübarizə strategiyasının tarixidir. Bu filmdə içində Vətən, xalq, millət, torpaq qeyrəti yaşadan və bunların qarşısında Prezidentlikdən əvvəl​ vətəndaşlıq​ borcunu ləyaqətlə yerinə yetirmiş bir rəhbər obrazı var. Mir Şahinin “Azadlığın Ad günü” filmi bu obrazın bütün reallıqlarını ümumiləşdirməklə​ bizə xalqın ətrafında birləşdiyi, bu günün və sabahın məğlubedilməz​ rəhbərini təqdim edir. Film REAL-ın efirində​ başa çatır və REAL-ın növbəti informasiya proqramında bu filmin əsas qəhramanı olan İlham Əliyevə ad günü münasibətilə təbriklər gəlir, əlli doqquz yaş sakit də bilərdi-yubiley rəqəmi deyil, axı. Amma bu əlli doqquz yaşın sahibi dünyaya yeni düzən verdi, regionda yeni reallıq yaratdı, ən ağır, Suvorovun döyüşdüyü ​ və generalisimus titulu aldığı Alp dağlarından da çətin Şuşa dağlarında hərb dünyasına yeni nəzəri və praktik nizam yazdı. Belə bir komandanın əlli doqquz yaşına təbriklər, əslində onun qələbəsinə, döyüşünə, diplomatiyasına təbriklərdir: Dünyanın güc dövlətlərinin rəhbərləri, Avropa, Baltikyanı, Orta Asiya ölkələri, Qafqaz respublikaları... Qürur duyduq. “Azadlığın Ad günü” ​ bütün bu təbriklərə həm də bir prelüdiya rolu oynadı. Ustad Mir Şahinin ustalıqla yaratdığı bu telefilm müasirlərimizin yaddaşına həkk olundu, teletariximizin səhifəsinə qızıl hərflərlə yazıldı...
 
Mən REAL-ın bir tamaşaçısı kimi, bu filmin redaktoru Səbinə xanım Ağayevaya, operatorlar Ramin Yaqubov, Arif Zeynalov, montajçı Bəkir Osmanov və digərlərinə də öz təşəkkürümü yetirirəm. 

Cahangir Məmmədli, professor, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri
 
Azerbaycanrealligi.com Mirşahin Ağayevin yazıda bəhs edilən sənədli filmini təqdim edir:
 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın