Hadrut və Füzulidə bayrağımızı qaldıran "Canavar" ləqəbli şəhid - VIDEO

14, 12, 20
18:30

Hadrut və Füzulidə bayrağımızı qaldıran "Canavar" ləqəbli şəhid - VIDEO


Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də İbrahim Məmmədovdur. Şəkidən olan İ.Məmmədov hərbi xidməti başa vurandan sonra xüsusi təyinatlı qüvvələrə yazılaraq torpaqların düşməndən təmizləyəcəyinə and içib. Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İ.Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə "Canavar" ləqəbi ilə tanınıb.

Azerbaycanrealligi.com xəbər verir ki, "Xezerxeber" Məmmədovlar ailəsində olub. Süjetdə bildirilib ki, İbrahim Məmmədov sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda ilk gündən Füzuli istiqamətində cəbhə xəttinin yarılması və ordumuzun rahat irəliləməsi üçün döyüş yoldaşları ilə birgə çətin xüsusi əməliyyatları uğurla nəticələndirib.

Oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri də İbrahim Məmmədov olub. Ermənilərin xüsusi əhəmiyyət verdiyi Hadrut qəsəbəsinin azad olunması ilə bağlı qondarma rejimin "rəhbəri" Araik Aratunyanın "1500 nəfər erməni əsgəri 10-15 Azərbaycan xüsusi təyinatlısının qabağından qaçdı" ifadəsi də İbrahim və onun döyüşçü yoldaşları haqqında deyilib.

Hadrutdan sonrakı döyüşlərdə göstərdiyi xüsusi rəşadət və şücaətinə görə oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana şəhərin azad olunmasını məruzə etmək də ona həvalə edilib.

Döyüş yoldaşı qazi Ülfət Həsənov bildirir ki, İbrahim Məmmədov hər zaman cəsarəti ilə seçilib və çox çətin əməliyyatları uğurla başa çatdıran peşəkar hərbçi olub.

Döyüş yoldaşlarının dediyinə görə, xidməti müddətində, eləcə də son Vətən müharibəsində İbrahimin məhv etdiyi erməni hərbçilərinin sayı 100-dən çox olub. İbrahimin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhid olub və Şəkidə şəhidlər üçün ayrılmış yerdə dəfn edilib.

Həyat yoldaşı Aynur Məmmədova isə deyir ki, İbrahimin getdiyi əməliyyatlar nə qədər çətin və təhlükəli olsa da, heç zaman onu ailəsində hiss etdirməyib.

Gizir İbrahim Məmmədovun yadigarı olan iki övladı da atalarını sevgi dolu, qayğıkeş bir insan kimi xatırlayır və onun üçün darıxdıqlarını bildirirlər.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın