"Müəllim işləməyin" çağırışı niyə dəbdədir? - Ekspertdən həyəcan təbili
"Müəllim işləməyin" çağırışı niyə dəbdədir? - Ekspertdən həyəcan təbili
Müəllimlik hər zaman insanların sevdiyi və hörmət etdiyi peşə olsa da, son dövrlər insanların, o cümlədən müəllimlərin özlərinin belə bu işə olan münasibəti bir qədər dəyişib.
Belə ki, günümüzdə müəllim olan çox sayda məzun bu sahədə çalışmaq istəmədiyini deyir. Hətta bir sıra hallarda müəllimlər də ətrafındakı insanlara müəllim olmamağı məsləhət görür.
Mövcud vəziyyətlə bağlı "Azərbaycan Reallığı"na danışan təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, cəmiyyətdə müəllimin funksiyası bir qədər zəifləyib:
“Çox təzadlı dövrdə yaşayırıq. Artıq dəyərlər müxtəlifləşib. Əgər əvvəllər biliyin mənbəyi müəllim idisə, indi deyil. O, sadəcə biliyin mənbələrindən biridir. Hətta müəllim insan olduğu üçün etibarlı bir bilik mənbəyi sayılmaya bilər. Kitab, məqalə, internetdəki hər hansı sanballı tədqiqat databazaları daha dəyərli məlumat mənbələri sayıla bilər. Belə olduqda müəllimin digər bilik mənbələri ilə müqayisədə fərqi, üstünlüyü nə olacaq? Əlbəttə, insana məxsus dəyərləri ola bilər. Bir qisim müəllimlər kağız-kuğuz işlərinə görə və yaxud aldığı məvacibdən razı qalmadığı üçün, məktəblə bərabər repetitorluq və digər fəaliyyətlərlə məşğul olduğu üçün yorulur. Yorulduqdan sonra sanki bir şamın əridiyi kimi tükənir. Buna “təşkilati tükənmişlik” (burnout-red.) deyirlər. Bu hala gələn müəllim öz peşəsinə hörmət etmir, daha doğrusu, öz peşəsinin ona əziyyət olduğunu, rahatlıq gətirmədiyini görür. Ona görə də həm övladlarına, həm də şagirdlərinə müəllim olmağı tövsiyə etmir, çünki müəllimliyin çox əziyyətli olduğunu görür.
Vəziyyət sadəcə müəllimin özü ilə əlaqədar deyil. Müəllimin həm özü, həm də təhsil sistemi ona əziyyət verir”.
Q.Məhərrəmovun fikrincə müəllimlərin əlavə işlərlə məşğul olmasının bir səbəbi də kapitalizmlə bağlıdır:
“Sovet dövründə repetitorluq etmək müəllimin ağlına gəlmirdi. Həm də cəmiyyətdə müəllim ortabab maaş alır, həyatını dolandırırdı. Başqa da bir şey ağlına gəlmədiyi üçün xoşbəxt olurdu. İndi isə kapitalist dövrdə yaşayırıq. İnsanlar daha çox qazanmaq üçün bir-birilə yarışır. Belə olduqda müəllim də istəyir ki, daha çox gəlir əldə eləsin, həyat səviyyəsini yuxarı qaldırsın. Bunun üçün çalışdıqca yorulur. Daha çox qazandıqca tükənir. Onda pula qarşı hərislik yaranır, daha çox işləmək və qazanmaq, təqaüdə çıxdıqdan sonra da işləməyə çalışmaq, digər tərəfdən isə işini görərkən yorğunluq, həvəssizlik, motivasiyasızlıq, özünü inkişaf etdirməmək kimi məsələlər qarşıya çıxır.
Bu, sadəcə Azərbaycana məxsus deyil, müxtəlif ölkələrdə bənzər hallar var. Təhsil sistemləri belə bir girdab yaradıb.
Müəllim prinsipial olmalı, öz peşəsini müqəddəs saymalı, bütün digər peşələr kimi çox məsuliyyətlə yanaşmalı, işini tam mənasyıla mükəmməl şəkildə icra etməyə çalışmalıdır. Əgər bir vaxt görsə ki, o həvəssizdir, işini yaxşı görə bilmir, rahatlıqla öz işindən imtina verməli, repetitorluq etmək istəyirsə, sadəcə bununla məşğul olmalı, ikisini birdən aparmaq istəyirsə, repetitorluğun müddətini az tutmalı, özünün istirahətinə vaxt ayırmalı, beləcə psixoloji emosional fiziki sağlamlığını diqqətdə saxlamalıdır. Əks halda müəllim tükənəcək, bitəcək, heç özünə də övladlarına da ailəsinə də şagirdlərinə də faydalı ola bilməyəcək.
Bu vəziyyət elmi termin olan “təşkilati tükənmişlik”lə açıqlana bilər. Bunun da qarşısını almaq üçün müəllimin özünün, məktəb rəhbərliyinin və təhsil sistemini idarə edən rəhbərlərin üzərinə müəyyən işlər düşür”.