Ermənistanın yalvaracağı günə çox qalmayıb: Paşinyan tezliklə Azərbaycandan imdad diləyə bilər

04, 09, 20
20:16

Ermənistanın yalvaracağı günə çox qalmayıb: Paşinyan tezliklə Azərbaycandan imdad diləyə bilər


Rəsmi İrəvanın ölkəni yaxınlaşmaqda olan kütləvi etiraz dalğasından Anna Akopyanın əlisilahlı fotolarıyla yayındıra biləcəyi qətiyyən inandırıcı görünmür... Paşinyan hakimiyyəti Ermənistan əhalisinin ən elementar sosial ehtiyacları qarşısında belə, acız duruma düşüb...


Cənubi Qafqaz regionunda yeni müharibə təhlükəsi yaranıb. Belə ki, “dondurulmuş münaqişə ocaqları”nın hər an yenidən alovlanması mümkün görünür. Üstəlik, “münaqişə ocaqları”nın yenidən alovlanmasında regiondan kənar güclərin səhnəarxası təsiri xüsusi rol oynaya bilər.

Potensial savaş məkanı olaraq, Dağlıq Qarabağ ilə yanaşı, Abxaziya və Cənubi Osetiya da ön plana çıxmış kimi görünür. Belə ki, son vaxtlar Abxaziya və Cənubi Osetiya münaqişələrinin də hərəkətə gətirilməsi istiqamətində məqsədyönlü addımların atıldığı müşahidə olunmaqdadır.

Xatırladaq ki, Gürcüstanın qanuni ərazisi sayılan hər iki qondarma “respublika” özünün müstəqilliyini birtərəfli qaydada elan edib. Və onların müstəqilliyi yalnız Rusiya tərəfindən rəsmən tanınıb. Bununla da Rusiya Gürcüstana qarşı potensial hərbi xaos mexanizmini öz əlində saxlamış kimi görünür.

Onu da qeyd edək ki, son günlər Kreml separatçılara verdiyi dəstəyini növbəti dəfə nümayişkəranə şəkildə sezdirməkdədir. Belə ki, bir müddət öncə Rusiyada startı verilən dövlətlərarası tank biatlonu yarışlarına Abxaziya və Cənubi Osetiya da dəvət alıb. Və bu, Kremlin separatizmə dəstək verməklə, Gürcüstana qarşı açıq təzyiq göstərməyə çalışması anlamına gəlir.

Təbii ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də eyni mövqedən çıxış edir. ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsində həm maraqlı, həm də iştirakçı tərəf rolunu oynayır.

Buna əmin olmaq üçün Rusiyanın Ermənistanı sürətlə silahlandırmasına diqqət yetirmək tamamilə kifayətdir. Belə ki, Kreml son həftələrdə olduqca qəliz bir marşrut üzrə Ermənistana 500 tondan çox silah-sursat ötürməyə nail olub.

Şübhəsiz ki, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərin bundan sonrakı istiqamətləri daha çox rəsmi Bakı və Kreml arasındakı diplomatik təmaslarda əldə ediləcək nəticələrdən asılı olacaq.

Məsələ ondadır ki, Rusiya Azərbaycanla münasibətlərin tamamilə pozulmasında o qədər də maraqlı deyil. Hər iki qonşu dövlətin bir-biriylə müxtəlif sahələr üzrə əməkdaşlığında önəmli strateji maraqlar gizlənməkdədir.

Ona görə də ehtimal etmək olar ki, əvvəl-axır iki qonşu dövlət mövcud situasiyadan çıxmaq üçün orta yolu tapıb, anlaşa bilərlər. Və son günlər qarşılıqlı təmasların intensivləşməsi də bu ehtimalın kifayət qədər inandırıcı olduğunu göstərir.

Əlbəttə ki, böyük və güclü dövlətlər hansısa mərhələdə bir-biriylə dil tapmağı bacarırlar. Ancaq bundan ən çox zərər çəkən məhz Ermənistan kimi “cırtdanlar” olur. Yəni, Ermənistan kimi oyuncaq dövlətlər adətən, böyük ölkələrin maraqları çərçivəsində istifadə edilərək, məqsədə çatıldıqdan sonra bir kənara atılırlar.

Hazırda Ermənistan növbəti dəfə belə bir taleyi yaşamağa çox yaxındır. Belə ki, Ermənistan mətbuatı son günlərdə rəsmi İrəvanın himayədən məhrum olmaq üzrə olduğunu xüsusi olaraq, qabartmağa başlayıb.

Hətta vaxtilə Dağlıq Qarabağ münaqişəsində iştirak etmiş bir erməni generalının “Ermənistan getdikcə təklənir. Belə davam edərsə, yaxın gələcəkdə olduqca ciddi hərbi-siyasi zərbələrə məruz qala bilərik” deməsi bir çox önəmli məqamlardan xəbər verməkdədir. Və bu, həm də Ermənistanda ölkədaxili pessimist əhval-ruhiyyənin hökm sürməsinin də olduqca ciddi əlaməti sayıla bilər.

Ümumiyyətlə, son aylarda Ermənistan cəmiyyətində natamamlıq kompleksinin ön plana çıxdığı müşahidə edilməkdədir. Belə ki, bu ölkədə bir çoxları Ermənistanın parlaq gələcəyinə inanmır. Hətta Ermənistanın ümumiyyətlə, hər hansı gələcəyinin olmadığını düşünənlər də kifayət qədərdir.

Maraqlıdır ki, Ermənistanın ağır vəziyyətə düşməsindən danışanların mütləq əksəriyyəti birmənalı şəkildə Paşinyan hakimiyyətini suçlayırlar. Onların fikrincə, indiki sosial-iqtisadi problemlər məhz baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının yarıtmaz idarəçiliyindən qaynaqlanır.

Məsələ ondadır ki, bir müddət öncə “Ermənistan hakimiyyəti çox ağır vəziyyətdədir” deyən erməni yazıçısı, politoloq Arsrun Pepanyan vətəndaşı olduğu ölkənin durumunu tam dəqiqliyi ilə təsvir etmişdi: “Ermənistanda durumu dəyişdirə və ölkəni diz üstündən ayağa qaldıra biləcək bir lider yoxdur”.

Erməni politoloq mövcud vəziyyətdən yeganə çıxış yolunu göstərməyi də unutmamışdı: “Erməni xalqı oyanmalı və bu hakimiyyəti qovmalıdır. Allah Paşinyanı göndərib ki, cəmiyyətdə neqativ şok yaratsın, insanlar ölkənin dağıldığını hiss etsinlər. Ermənistan onsuz da dağılırdı, ancaq bu, yavaş proses idi. İndi isə Paşinyan Ermənistanı sürətlə və məqsədyönlü şəkildə dağdır”.

Göründüyü kimi, Ermənistanın düşdüyü durumu təsəvvür etmək üçün elə erməni politoloqların açıqlamaları tamamilə yetərlidir. Paşinyan hakimiyyətinin vətəndaşları şirnikləndirdiyi vədlər artıq çoxdan unudulub. Çünki indi hər kəs çox gözəl anlayır ki, Paşinyan hakimiyyəti həmin vədlərin hətta ən primitivini belə, reallaşdırmağa qadir deyil.

Üstəlik, hər ötən gün Ermənistanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşmaqda davam edir. Ölkə böyük sürətlə dağılmağa doğru sürüklənir. Sosial narazılıqların doğuracağı kütləvi etiraz dalğasının baş qaldıracağı gün isə deyəsən, o qədər də uzaqda deyil.

Paşinyan hakimiyyəti artıq bu təhlükəni ciddiyə almağa başlayıb. Belə ki, rəsmi İrəvan Ermənistan cəmiyyətində pessimist əhval-ruhiyyənin önünə keçmək üçün müəyyən addımlar atmağa cəhd göstərməkdədir.

Belə ki, rəsmi İrəvan yenə də cəbhə bölgəsində “parlaq hərbi zəfərlər” barədə utopik vədlərlə təbliğata başlayıb. Paşinyan hakimiyyəti yüzminlik yeni ordu yaradacağı ilə bağlı “nağıllar”la sadə vətəndaşların başını aldatmağa çalışır.

Halbuki hazırda Ermənistan əhalisinə yüzminlik ordudan daha çox çörək lazımdır. Və ölkədə aclığın-səfalətin artmasının qarşılığında rəsmi İrəvan bu problemi necə həll edəcəyini ümumiyyətlə, bilmir.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin yeni yüzminlik ordu yaradacağı barədə “nağıllara” yalnız sadəlövhlərin inanması mümkündür. Çünki belə bir ordunun yaradılması və saxlanması üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Ölkə əhalisinin ən elementar sosial ehtiyacları qarşısında acız qalan rəsmi İrəvanın bu paranı haradan tapacağı da başqa müzakirə mövzusudur.

Təbii ki, yüzminlik ordunun parasını tapmaq asan məsələ deyil. Ona görə də baş nazir N.Paşinyan daha asan olan yolla əhalinin başını qarışdırmaq yolunu seçib. Belə ki, o, arvadı Anna Akopyanı Dağlıq Qarabağa göndərərək, hərbi təlim fotolarını sosial şəbəkələrdə yaymaqla, sanki əhaliyyə ürək-dirək verməyə çalışır. Anna Akopyan da əlində silahla çəkdirdiyi fotolarla az qala Ermənistan əhalisinə “qəhrəmanlıq” dərsi keçir.

Şübhəsiz ki, bütün bunlar Ermənistanın necə aciz duruma düşdüyünü göstərir. Hətta böhranın dərinləşməkdə olduğu bir ölkədə daxili təbliğat üçün uyğun motivlər tapmaqda belə, çətinlik çəkirlər. Və bu, Ermənistanın sürətlə çökməkdə olduğunu göstərir.

Əgər, Ermənistan indiki təməlsiz siyasət kursunu davam etdirsə, daha da ağır duruma düşəcəyi şübhə doğurmur. Bunu hələ 1998-ci ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da proqnozlaşdırmışdı. O, Dağlıq Qarabağla bağlı mərhələli həll planını üzrə Azərbaycanla anlaşmağın zəruriliyini vurğulamışdı: “Biz bu varianta razılıq verməsək, gələcəkdə yalvaracağıq. Çünki Azərbaycan güclənəcək, biz zəifləyəcəyik”.

İndi artıq onun dedikləri demək olar ki, reallığa çevrilib. Azərbaycan ciddi şəkildə güclənib, Ermənistan isə nəinki zəifləyib, hətta diz çökəcək duruma gəlib. Deməli, Ermənistanın Azərbaycan qarşısında diz çöküb, yalvarmağa məcbur olacağı günə də çox qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,


Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın