Bolşeviklər Azərbaycan ordusundan qorxurdu – Müsahibə

26, 06, 18
00:21

Bolşeviklər Azərbaycan ordusundan qorxurdu – Müsahibə

Bolşeviklər Azərbaycan ordusundan qorxurdu – Müsahibə

“21 generalımızdan 15-i Nargin adasında güllələndi”
Qafqaz Tarixi Mərkəzinin rəhbəri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, UNESCO-nun assistent professoru (dosent) Rizvan Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Rizvan müəllim, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ili tamam olur. Milli ordunun yaranması prosesi necə baş verdi?
– Ordunun yaranmasına təkan verən ən mühüm amil çar Rusiyasının dağılması idi. 1917-ci ilin fevralında Peterburqda burjua-demokratik inqilabı baş verdi və müvəqqəti hökumət yarandı. Bununla da Cənubi Qafqazda müstəqil ölkələrin yaranması üçün zəmin formalaşdı. Amma keçid dövrü olduğu üçün Zaqafqaziya Seymi yarandı. Seym hansısa vasitə ilə Cənubi Qafqazı idarə etməyə çalışırdı. Seymə azərbaycanlı, gürcü, erməni, və dağlı xalqların Rusiya Dövlət Dumasındakı deputatları və tanınmış şəxslər daxil idilər. Həmin vaxt regionda müharibə gedirdi. Yəni, I Dünya müharibəsi davam edirdi. Qafqaz cəbhəsində ağır döyüşlər yaşanırdı. Regionun taleyi həll olunurdu. Rusiya imperiya ordusunda general-leytenant olan Əliağa Şıxlinski və digər vətənpərvər, bacarıqlı, güclü zabitlərimiz anlayırlar ki, özünümüdafiə qüvvələri yaranmalıdır. 1917-ci sonunda “Müsəlman alayı“ yaranır. Hələlik ölkəmizin müstəqilliyi elan olunmamışdı.
Bu alay müasir Azərbaycan Respublikasının qərb – Gürcüstan istiqamətindən müdafiəsini öz üzərinə götürür. Belə ki, Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Şaumyan Qafqaz cəbhəsindən qaçan bolşeviklərin və erməni daşnakların Bakıya gətirilməsini təşviq və təşkil edirdi. Onlar Bakı istiqamətində əsasən, müsəlman-türk kəndlərinin əhalisini qıra-qıra, kəndləri talan edə-edə hərəkət edirdilər. “Müsəlman alayı”nın yaranmasında əsas məqsədlərdən biri bunun qarşısını almaqdan ibarət idi. Azərbaycan Milli Şurası ölkənin müstəqilliyini elan etdikdən bir ay sonra – iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış həmin “Müsəlman alayı”nın bazasında ilk müntəzəm hərbi hissə – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan Korpusu yaradılır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib.
Ümumiyyətlə, AXC yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atırdı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu.
Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də onu bu postda Rusiya imperator ordusunun tam artilleriya generalı Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildi.
1918-ci il iyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılır.
– Milli Ordunun uğurları və çatışmazlıqları nədən ibarət idi?
– Sözsüz ki, əsas uğur əhalini qırğınlardan qorumaq idi. Milli ordu imkan daxilində buna nail ola bildi. Çünki o dövrdə çox çətin idi. Yeni yaranan ordu hissələri Qafqaz İslam Ordusuna qoşuldu. Türkiyə ərazisindən gələn Qafqaz İslam Ordusunun cövhəri də elə bizim əsgər və zabitərimiz oldu. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Bu təcrübəni toplayaraq, onlar 2 ilə yaxın dövr ərzində Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışdılar. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadrat kilometr idi. Böyük bir ərazi olduğu üçün müdafiəni təşkil etmək də çətin idi. Həm ermənilər, həm də bolşeviklər Qarabağda, Zəngəzurda tez-tez üsyan qaldırırdılar. Həmçinin, Lənkəran istiqamətində kazaklarla malokanlar “Muğan” adlanan respublika yaratmışdılar. Bütün bunlara baxmayaraq, bizim yeni yaranan ordumuz bir neçə istiqamətdə əməliyyatlar apardı. Həmin döyüşlər sözsüz ki, çox uğurlu döyüşlər idi. Məsələn, bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.
Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları var idi. Onlar imkan daxilində ərazilərimizi maksimum dərəcədə qoruya bildi. Hətta, bolşeviklər yeni yaranmış ordudan qorxurdular. Bolşeviklərin işğalı da məhz Azərbaycan ordusunun sayəsində baş tutmurdu. Onlar bilirdilər ki, Azərbaycan ordusu ilə döyüşsələr ağır itkiyə məruz qalacaqlar. Beləliklə, onlar hiylə işlətdilər. Yenə də öz “kiçik qardaşları” – ermənilərin əli ilə 1920-ci ilin yazında Qarabağda üsyan qaldırıldı. Nəticədə, ordumuzun bütün şəxsi heyəti Qarabağa yeridildi. Ordumuz həmin üsyanın yatırılması üçün ağır döyüşlərə girməyə məcbur olur və çox uğurlu əməliyyatlar keçirilir. Ordu ölkənin suverenliyini bərpa edir. Amma bu məqamda bütün Azərbaycan, o cümlədən Bakı və Xəzəryanı bölgə müdafiəsiz qalır. Nəticədə, XI Qızıl ordu həmin fürsətdən istifadə edərək, Azərbaycana daxil olur və müstəqilliyimizə son qoyur.
– Azərbaycan Ordusunun yaranması və fəaliyyəti ilə bağlı ictimaiyyətə az məlum olan hansı faktları açıqlaya bilərsiniz?
– Yeni faktlar ondan ibarətdir ki, XI Qızıl ordu Yalama istiqamətindən Azərbaycana daxil olarkən kiçik bir sərhəd zastavamız olur. Onlar sonadək şiddətli döyüşdə döyüşərək XI ordunun qarşısını bir neçə gün ala bilirlər. Halbuki, onlar ölümə getdiklərini aydın dərk edirdilər. Yəni, bu insanlara təklif olunmuşdu ki, təslim olun, döyüşməyin mənası yoxdur. Çünki kiçik bir zastavadır. Ancaq buna baxmayaraq, yəni bilərək ki, arxadan kömək gəlməyəcək, onlar öz canları bahasına XI ordunu bir neçə gün ləngidə bildilər. Bu da hansısa qabaqlayıcı tədbirlər görülməsi üçün zəmin yaratdı. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin bir hissəsi Gəncəyə köçməyə macal tapdı və ordan müqaviməti davam etdirdilər.
– Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordunun taleyi necə oldu?
– Qeyd etdiyim kimi Yalama sərhəd zastavasında XI Qızıl Ordunun ləngidilməsi Xalq Cümhuriyyəti liderlərinin və ordu zabitlərinin bir qisminin Gəncəyə köçməsinə şərati yaratdı. Onlar 1920-ci ilin mayın 26-da Gəncədə üsyan başlatdılar. Mayın 31-dək davam edən Gəncə üsyanı Azərbaycanın sovetlər tərəfindən işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın ən kütləvi və mütəşəkkil müqaviməti idi. Bu üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi də məhz Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Ancaq bildiyiniz kimi, Gəncə üsyanı qan içində yatırıldı.
Ümumiyyətlə, AXC süqut etdikdən sonra bolşevik hökuməti tərəfindən Azərbaycanın Hərb Nazirliyi rəsmən ləğv edildi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən Azərbaycan ordusunun 21 generalından 15-i Nargin adasına aparılaraq, bolşeviklər tərəfindən güllələndi.
Hərbi nazir Səməd bəy Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Əliağa Şıxlinski ilə birlikdə həbs etdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov və Şıxlinski qırmızı terrordan xilas oldu və onlar bir il Moskvada yaşamaq məcburiyyətində qaldı.

Müəllif: Səxavət Həmid

Bizimlə əlaqə saxlayın