Prezidentə müraciət: "Əli Həsənovun türkə olan nifrəti bayraqdarın evsiz qalmasına səbəb olub."

28, 05, 20
10:10

Prezidentə müraciət: "Əli Həsənovun türkə olan nifrəti bayraqdarın evsiz qalmasına səbəb olub."

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifədə olduğu dönəmdə vəzifəsindən sui-istifadə etməsi, media mənsublarının haqqına girməsi hər kəsə bəllidir. İndi bu barədə məlumatlar, yəni jurnalistlərə verilən evlərin ədalətsiz bölünməsi haqqında informasiyalar ölkə mediasının gündəmini zəbt etməkdə davam edir.

Prezidentin keçmiş köməkçisi ölkə başçısına çatacaq teleqram və məktublara da əngəl törətməkdən çəkinməyib. 1988-ci ilin 19 noyabrında ilk dəfə Azərbaycanın üç rəngli bayrağını Azadlıq Meydanında dalğalandıran bayraqdar Elman Türkoğlu da Əli Həsənov tərəfindən haqsızlığa uğrayıb. Azerbaycanrealligi.com-a açıqlama verən Elman Türkoğlu bildirib ki, 30 ilə yaxındır ki, Azərbaycan Texniki Universitetinin 20 kv.metrlik yataqxana otağında ailəsi ilə birlikdə yaşayır. Ailəsi üç nəfərdən ibarətdir. Ömürlərini acınacaqlı məişət şəraitində keçirən bayraqdar ürək-damar xəstəliyindən əziyyət çəkir. Səhhəti ilə bağlı heç bir yerdə işləməyən Elman bəy ona mənzil verilməsi ilə bağlı dəfələrlə ölkə başçısı İlham Əliyevə müraciət etdiyini bildirir. Eyni zamanda onu da qeyd edir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, onun müraciətləri Əli Həsənovun maneçiliyi nəticəsində dövlət başçısına çatmayıb. Elman Türkoğlu bildirir ki, Əli Həsənovu 1983-cü ildə Moskvadan tanıyır. Məhz Əlinin türkçülüyə olan nifrəti mənim prezidentə göndərdiyim müraciətlərin qarşısının alınmasına səbəb olub, deyə vurğuladı. Bayraqdar onu da qeyd etdi ki, Əli Həsənovun Moskvada olduğu zaman Heydər Əliyevə də kin-kidurət bəslədiyinin şahidi olub.

 Elman Türkoğlu

Bunun da bir çox haqsız səbəblərinin olduğunu deyən bayraqdar bundan sonra müraciətinin öz ünvanına çataraq, müsbət həllini tapacağına inandığını bildirdi. Hesab edirik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi faktla bağlı araşdırmalarda onun da ifadəsinə yer verəcək! Xatırladaq ki, Elman Türkoğlu Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindəndir. Onun Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə böyük zəhmətləri olub. Dövlətə və xalqa sədaqətlə xidmət etməsi ilə seçilib!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın