Kooronavirusla mübarizədə Azərbaycan modeli - Prezidentin islahatlarının nəticəsi, çevik hökumət və...

04, 04, 20
10:36

Kooronavirusla mübarizədə Azərbaycan modeli - Prezidentin islahatlarının nəticəsi, çevik hökumət və...

Birinci Qarabağ savaşından sonra Azərbaycan bu miqyasda ağırlıq, sınaq görməmişdi. Əlbəttə, atəşkəsdən - 1994-cü ildən bu yana da ölkəmizdə xeyli siyasi-iqtisadi xarakterli təlatümlər, çətinliklər, böhranlar olub, yaşanıb. Ancaq indi bütövlükdə dünya çalxalanır və “qlobal alov” bizi də yandırır. Koronavirus pandemiyası demək olar ki, bütün ölkələri cənginə alıb. Dünyada sərhədlər bağlanıb, gediş-gəliş dayanıb, sərnişin təyyarəri uçmur, yeni müqavilələr imzalanmır, imzalanmış sənədlərin icrası dayanıb, məhdud şəkildə ticari proseslər gedir. Faktiki olaraq Yer üzündə sanki həyat dayanıb. Yeganə olaraq koronavirus qaynayır dünyada və ölkələrə böyük zərbələr vurmaqda davam edir. Buna dünyanın əksər ölkələri tab gətirə bilmir. Hətta İtaliya, Almaniya, Türkiyə, Rusiya və sair kimi qüdrətli dövlətlər çıxılmaz durumda qalıb. Bəzi dövlətlərdə nəinki iqtisadi-sosial, tibbi sferada, bütövlükdə hökumətin fəaliyyətində böhran yaranıb. Bir çox ölkələr faktiki olaraq idarəolunmaz duruma doğru gedir...

Bu kimi vəziyyətlərdə iqtidarların, hökumətlərin gücü, çevikliyi, operativliyi böyük əhəmiyyət kəsb edir. Əsas məsələ isə belə hökumətin ola bilməsidir...

Azərbaycanda biz faktiki olaraq belə bir bacarıqlı iqtidarın, hökumətin mövcudluğunu hiss edirik. Və əsas məsələ odur ki, son vaxtlar aparılan islahatların nəticəsi olaraq, bu cür çevik, operativ hökuməti ilk dəfədir görürük. Əgər hazırda baş verən virus pandemiyası və ondan doğan iqtisadi-sosial problemlər cəmi 1 il öncə olsaydı, o dövrün hökuməti, məmur komandası indiki kimi bacaracaqdımı? Böyük ehtimalla yox. Deməli, Prezident İlham Əliyevin son ilyarımda apardığı kadr, struktur islahatları öz bəhrəsini verməkdə, böyük nəticələrini göstərməkdədir.
Azərbaycan Prezidenti Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv ...
İncə və diqqətçəkən bir məqam: Prezident İlham Əliyev son 1 ildəki çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatlar müasir dövrün, müasir zamanın, şərtlərin tələblərinə, çağırışlara uyğun olaraq həyata keçirilir. Hazırda dünyada baş verənlər göstərir və o deməkdir ki, Azərbaycan prezidenti sanki ölkəsi üçün yeni situasiyaların yarana biləcəyini, qarşıda hansısa ağır sınaqların ola biləcəyini xeyli öncədən görüb, müşahidə edib və perspektiv üçün uyğun, təxirəsalınmaz addımlar atıb, daha çevik komanda formalaşdırıb. Onun radikal, heç kimə güzəşt edilmədən, bəzən gözlənilməz kadr və struktur islahatlarının nəticəsidir ki, yaranmış mövcud durumda Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir, müvafiq, adekvat addımlar atılır. Ən mühüm olan budur və biz faktiki olaraq İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələrini görürük.

Prezidentin formalaşdırdığı, Əli Əsədovun başçılıq etdiyi çevik hökumətin sayəsində pandemiya dünyada yayılmağa və sərhədlərimizə çatmağa başladığı vaxtda gərəkən addımların atıldığı da göz önündədir. İranda, Gürcüstanda koronavirus aşkarlandıqdan dərhal sonra bütün iqtisadi itkiləri nəzərə alaraq Azərbaycan sərhədlərini qapatdı.
Əli Əsədov yeni qərar imzalayıb
Pandemiyanın orta və ali məktəblərdə yayılmaması üçün dərhal təhsil müəssisələrində tədris dayandı, tətil elan olundu. Bütün müvafiq icra strukturları koronavirusla mübarizəyə səfərbər olundu. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olundu. Paralel olaraq xaricdəki insanlarımızın ölkəyə gələrkən virus daşıyıcısı olub-olmadığını dəqiqləşdirmək üçün karantinlər ayrıldı. Daha sonra xəstəxanalar, karantin üçün ayrılmış məkanlar koronavirusla mübarizə üçün tam hazılıq vəziyyətinə gətirildi.

Nazirlər Kabineti yanına Operativ Qərargah yaradılması isə virusla mübarizədə xüsusi önəm kəsb edir. Çünki artıq qərarlar pərakəndə şəkildə verilmir, gərəkən addımlar müvafiq dövlət qurumları ilə birlikdə koordinasiya olunmuş şəkildə, mərkəzləşmiş qaydada atılır. Operativ Qərargahın informasiya təminatı, ictimaiyyəti məlumatlandırmaq yönündə gördüyü işlər də peşəkarlıqla həyata keçirilir və təqdir olunur.
16 Mart 2020 23:26 – Turkustan.info
Görülən tədbirlər əlbəttə ki, yalnız izolyasiya və digər məhdudlaşdırıcı, məlumatlandırıcı işlərdən ibarət deyil. Vətəndaşların bu dönəmdə iqtisadi-sosial durumu heç şübhəsiz ki, unudula bilməzdi. Çünki yüz minlərlə insan iş yerlərinin müvəqqəti dayandırılması səbəbindən gəlirsiz qalıb, xüsusi ilə günəmuzd çalışanların durumu narahatedicidir. Humanist tədbirlər çərçivəsində təbii ki, bu haqda da düşünülüb. Vətəndaşlara, sahibkarlara dəyən ziyanın kompensasiya edilməsi, kommunal ödənişlərdə, bank kreditləri ilə bağlı güzəştlər barədə Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən açıqlamalar verildi. Yaxın günlərdə kompensasiyaların ödənilməsinə, güzəştlərin tətbiqinə başlanılacaq.
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi
(Zatən, Azərbaycan dövləti bütün fors-major, fövqəladə hadisələr zamanı daim xalqın mənafeyindən çıxış edib. Devalvasiyalardan sonrakı kredit borclarının silinməsi, böyük ticarət mərkəzləri yanarkən vətəndaşlara təmənnasız dövlət yardımlarının verilməsi, zəlzələlər, subasmalar zamanı bütün ziyanların dölət tərəfindən ödənməsi və sair nümunələr də var.)

Narahatlıq doğuran hal tədrisin dayanması səbəbindən uşaqların təhsilini necə davam etdirəcəyi idi. Lakin buna da əncam çəkildi: Şagirdlərin və tələbələrin tətil dövründə tədrisi onlayn qaydada davam etdirməsi, internet üzərindən, virtual dərslərin keçirilməsi də çevik qərarlardan biri kimi çox əhəmiyyətli oldu.

Habelə, daxili yoluxmaların qarşısının alınması üçün şəhər və rayonlara gediş-gəliş məhdudlaşdırıldı, bu sahədə sərt qərarlar verildi və icra olunmaqdadır.

Yaranmış maska çatışmazlığı da dövlətin diqqətindədir və bunun istehsalına başlanılması, xaricdən alınıb gətirilməsi də görülən tədbirlər sırasındadır. Burada bir məqamı qeyd edək ki, maska qıtlığı bütün dünyada mövcuddur və pandemiya şəraitində bunu başa düşməmək mümkün deyil...

Əlbəttə, dövlətin böyük vəsaitlərini sərf etməklə, bəzən risklərə getmək bahasına atdığı bütün bu addımlar insanlarımızın, ölkəmizin qorunması üçündür. Hökumət Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında bütün humanist tədbirləri görür, gərəkəndə sərt tədbirlərə, cəzalara da ona ona görə əl atılır ki, Azərbaycan vətəndaşları qorunsun, pandemiya bütün ailələrə gəlib çatmasın, insanlar ölməsin, ağır duruma düşməsin! Bu yöndə hökumətin əlindən gələni əsirgəmədiyi göz önündədir. Bununla yanaşı, insanlar sosial baxımından da ümidsiz, dolanışıqsız qoyulmayacaq.
Prezidentdən sərt xəbərdarlıq: “Vəzifədə olan dostlara arxalanırsa ...
Dövlət yaranmış vəziyyətlə əlaqədar dünyada neftin qiymətinin hətta 15-20 dollar civarınadək düşməsinə, gəlirlərinin azalmasına rəğmən koronavirusla mübarizəyə və onun ziyanlarının aradan qaldırılmasına ümumilikdə 2.5 milyard manatdan çox vəsait ayırıb. Paralel olaraq digər xərcləri də öhdələyir, bütün imkan və resurslarını sərf edir ki, AZƏRBAYCAN İNSANINI, XALQINI həm virusdan, həm də sosial çətinliklərdən qorusun.  

Bir çox ölkələr var ki, bəzi vaxtlarda onlar humanist və insan haqları carçısı kimi çıxış ediblər. Ancaq indi həmin ölkələrdə yaranmış duruma diqqət edək: Hətta Norveç, İsveç, Böyük Britaniya, eyni zamanda Belarus, Türkmənistan və digər ölkələr koronavirusla mübarizəni demək olar ki, aparmır, buna görə büdcə və ehtiyat vəsaitlərini sərf etmirlər.

İtaliya da vətəndaşların kütləvi yoluxmaması üçün ilkində bir iş görmədi. Xeyli sayda ölkələr heç əl-ayağa da düşmürlər, insan amilini, humanizm prinsiplərini iqtisadi maraqlarına qurban verirlər. Onlar üçün prinsip sanki budur: “Virusdur da, kimə yoluxur yoluxsun, ölən ölsün, qalan qalsın, təki iqtisadi itkilərimiz olmasın, böyük xərcimiz çıxmasın”.

Azərbaycan dövləti isə tamamilə bunun əksini edir: “Hər şey vətəndaş və onun sağlamlığı üçündür” prinsipi əsas götürülüb. Bunu bir Azərbaycan modeli də hesab etmək olar.

Çox az ölkələrdə koronavirusla mübarizə dövlətin böyük itkiləri hesabına, xalqı, xüsusi ilə kasıb, sadə insanları qorumaq istiqamətində aparılır. Onlardan biri və öz modeli ilə çıxış edən də Azərbaycandır. Nəzərə alsaq ki, müstəqilliyin bərpasından bu yana Azərbaycan ilk dəfədir belə pandemiya situasiyası yaşayır və bu sınaqdan üzü ağ çıxır, deməli, kifayət qədər güclü, bacarıqlı bir dövlətik. Dövlət qətiyyən tərəddüdlərə düşmədi, xalqın əlini buraxmadı, ən birinci insanları qorumaq xətti tutuldu. Görülən işlərin nəticəsində insanların maksimum az yoluxması, zərərlərin minimallaşdırılması, ölü sayının artmağa qoyulmamasının şahidiyik. Yoluxmalar çox olsa da, bunun əksəri vətəndaşların məsuliyyətsizliyi üzündən baş verir. İnsanlar karantin qaydalarına əməl etmir, evdə qalmaq çağırışlarına çoxları ciddi yanaşmır və nəticədə dövlətə kömək etmək əvəzinə, daha da çətinliklər yaradırlar. Bütün bunların qarşısında isə dövlət dayanır və bacardığını edir!

Azərbaycan dövlətinin kornavirus pandemiyası ilə effektiv mübarizəsi dünyanın da diqqətindən yayınmır və nümunə göstərilir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizin təcrübəsi təqdir olunur.

ÜST-ün baş direktoru Tedros Qebreyesusun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı səmimi məktubu da bunun təsdiqidir. ÜST-nin Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları alqışlayır...
ÜST-nin Baş direktoru COVID-19-un miqyasının məhdudlaşdırılması ...
Ukrayna mediası da bu arada Azərbaycanda koronavirusla mübarizənin necə effektiv təşkil olunması haqda geniş məqalə dərc edib. Lb.ua saytında yer alan materialda COVİD-19-la bağlı ölkəmizdə dövlət səviyyəsində görülən işlərdən müqayisəli şəkildə bəhs edilir, Azərbaycan bir nümunə kimi göstərilir,Ukrayna hökumətinə və digər ölkələrə də bu təcrübədən istifadə etmək tövsiyyə olunur. Həmin yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz. (https://musavat.com/news/ukrayna-mediasi-azerbaycanda-koronovirusla-mubarizeden-yazdi-ders-goturmeliyik_690401.html)...

Prosesləri təhlil etdikdə, gəlinən obyektiv nəticə budur ki, Azərbaycan koronavirus sınağından üzüağ çıxır. Prezident İlham Əliyevin xüsusi nəzarətində olan və məhz onun tapşırıq və tövsiyyələri əsasında müvafiq qurumların həyata keçirdiyi işlər qısa müddətdə yekun hədəflərə çatdıracaq. Bu prosesdə dövlət bütün yükü üzərinə çəkib. Vətəndaşlardan isə bircə tələb var – karantin qaydalarına əməl etmək!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın