Qaydaları pozanlar cərimə ediləcək… Məbləğ də var

02, 04, 20
12:39

Qaydaları pozanlar cərimə ediləcək… Məbləğ də var


Hüquqşünas koronavirusla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildiyini qeyd edib. Böyük məbləğdə cərimələr olacaq

İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Bu barədə ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd edilir ki, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

Bəs xüsusi karantin rejimini pozanları hansı məsuliyyət gözləyir?

Hüquqşünas Fərid Həmidli Bildirir ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Belə ki, Məcəlləyə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq: "Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq".

Hüquqşünas koronavirusla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildiyini də qeyd edib.

Onun sözlərinə görə, İXM-in 211-ci maddəsinə görə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məcəllədə sosial şəbəkələrlə bağlı da dəyişiklik yer alıb. Belə ki, məcəllənin 388-1.1- maddəsi- İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Bakı Şəhər Baş Polis verilən məlumata görə, xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Xatırladaq ki, edilən cərimələr zamanı əldə edilən vəsait Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına köçürüləcək.

Qeyd edək ki, koronavirus ötən ilin dekabr ayında Çnin Uhan şəhərində meydana gəlib və qısa zamanda bütün dünyaya yayılıb.

Bu günə 786 min nəfər xəstəliyə yoluxub, 38 min nəfər dünyasını dəyişib və 165 min nəfər sağalıb.

Azərbaycanda rəsmi statistikaya görə, 273 yoluxma qeydə alınıb, bunlardan 4 nəfər ölüb, 26 nəfər sağalıb, 243 nəfər aktiv xəstədir və bunlardan 23-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bir daha xatırladaq ki, martın 14-dən ölkədə xüsusi karantin rejimi elan edilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın